Gündəm 

Yeni komando birlikləri ölkəmizin artan gücünün təntənəsidir

Azərbaycan Respublikası və onun Müzəffər Ali Baş Komandanı 44 günlük Vətən savaşında qazanılan parlaq qələbə ilə Cənubi Qafqazda İlahi ədaləti bərpa etdi. O, İlahi ədaləti ki, Ermanistanın separatizm, işğalçılıq, terrorizm və vandalizm siyasəti nəticəsində 30 ilə yaxın bir müddətdə kobud şəkildə pozulmuşdu. Düşmən xam xəyallara qapılaraq elə düşünürdü ki, havadarlarından da dəstək alaraq Azərbaycanın müqəddəs torpaqlarını əbədi işğal altında saxlayacaq. Lakin mənfur düşmən bir çox vacib məqamları diqqətdən qaçırmışdı. Onlar Azərbaycan xalqının nə qədər qəhrəman xalq olduğunu, Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri İlham Əliyevin nə qədər qətiyyətli, cəsarətli, uzaqgörən, xalqına və millətinə bağlı, dünya miqyasında nüfuzlu bir siyasi lider olduğunu unutmuşdular. Bəlkə də unutmamışdılar, sadəcə bu cəsarəti, bu qətiyyəti həzm etmək istəmirdilər.

Tarixi ədaləti bərpa etmək üçün Azərbaycan xalqına, onun Müzəffər Ali Baş Komandanına 44 günlük bir zaman kəsiyi kifayət etdi. Ali Baş Komandanın bir əmri ilə Azərbaycanın qəhrəman və yenilməz əsgəri silaha sarıldı, müqəddəs vətən torpağı uğrunda bir savaşa atıldı. Müdrik Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanının və döyüşən ordusunun ətrafında bir yümruq kimi birləşdi. Cəmi 44 gün kifayət etdi ki, xain düşmənin başı əzilsin. 2020-ci ilin 8 Noyabrında müqəddəs Şuşamız azad edildikdən sonra düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi və məğlub tərəf olaraq üzərinə müəyyən öhdəliklər götürdü. Azərbaycan Respublikasının işğal olunmuş Ağdam, Kəlbəcər, Laçın rayonları döyüşsüz, qan tökülmədən geri qaytarıldı. Ermənistan özünün məğlubiyyətini ölkənin rəsmi rəhbərliyi səviyyəsində də etiraf etdi.

Təəssüflər olsun ki, Ermənistanda olan qaraguruhçu qüvvələr hələ də realllıqdan uzaq, regionda sülhə böyük təhlükə yarada biləcək “revanşist” təhrikçi çağırışlardan əl çəkmək istəmirlər. Onlar özlərinin də inanmadıqları “revanşist” fikirləri erməni cəmiyyətinin beyninə yeritmək üçün dəridən-qabıqdan çıxır və bunlarıda daha çox öz siyasi ambisiyalarını reallaşdırmaq xatirinə edirlər. Lakin onlar unudurlar ki, Azərbaycan ordusu günü-gündən güclənməkdədir. Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə əvvəlcə Hadrutda, daha sonra isə Kəlbəcərdə yaradılan komando birlikləri buna əyani sübutdur. Bu komando birlikləri Azərbaycan ordusunun gücünə güc qatır, ölkəmizin güclü orduya malik ölkələr içərisində özünə layiqli yer tutmasıını təmin edir və gələcəkdə də edəcəkdir. Yeni yaradılan hərbi birliklərdə xidmət şəraiti bütün lazımi standartlara uyğun qurulur. Ordu ən müasir silahlar və texniki vasitələrlə təmin edilir. Azərbaycan Respublikası öz hərbi qüdrətini durmadan artırır. Qalib Azərbaycan artıq qüdrətli və yenilməzdir. Ermənistan bu reallığı qəbul etməlidir. Müzəffər Ali Baş Komandan möhtərəm cənab president İlham Əliyevin qeyd etdiyi kimi: “Revanşislər baş qaldırmaq istəsələr Dəmir Yumruq yerindədir, bunu heç kim unutmasın”.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini

Daha çox xəbərlər