“Milli qürur yerimiz – şəhid jurnalistlərimiz”
Hər bir xalqın özünəməxsus, ən qiymətli sərvəti olan milli mənəvi
dəyərləri var. Ümummilli Lider qeyd edib ki, başqa məsələlərdə müxalif
olmaq olar, ancaq dəyərlərin qorunmasında həmrəylik olduqca vacibdir.
Burada söhbət milli bütövlükdən, milli dəyərlərin qorunmasından gedir. 30
illik Qarabağ həsrəti, intiqam hissi ilə alışıb-yanan ürəklərimiz indi
gümrahdır. Qarabağımız igid oğullarımızın qanı bahasına azaddır. Lakin
müharibə başa çatsa da, onun dəhşətləri bitməyib. İtgilərimiz davam edir.
Ölkəmizdə mətbuat günü -gündən inkişaf edir. Qarabağ müharibəsi
zamanı, həmçinin müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətləri,
törədilən hərbi cinayətlər haqqında dolğun məlumatların dünyaya
çatdırılmasında mətbuatın, medianın, jurnalistlərin rolu böyükdür.
Fərqlənən, müxtəlif medallarla təltif edilən jurnalistlərin çox olması müsbət
keyfiyyətdir və bu onlara göstərilən etimadın təzahürüdür. İşğaldan azad
olunmuş rayonlarımıza ezam olunan, xidməti vəzifələrini yerinə yetirərkən
avtomobillə minaya düşən jurnalistlərdən olan Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (indiki AZƏRTAC) müxbiri Məhərrəm Əli oğlu
İbrahimov, Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abış oğlu
Abışov və “Qayıdış” qəzetinin baş redaktoru Adilzadə Zibeydə Şakir qızı
bizim kədərimiz, qürurumuz, fəxrimizdir.

Məhərrəm İbrahimov 20 ilə yaxın AZƏRTAC-da müxbir vəzifəsində
çalışıb. Hərbi jurnalist, ordunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti
haqqında ən isti, operativ xəbərlər təqdim edib, dəfələrlə ilin ən yaxşı
əməkdaşı kimi fəxri fərman və diplomlarla təltif olunub. Həmçinin bir çox
yazı müsabiqələrinin qalibi olub, Aprel və Tovuz döyüşlərində, Vətən
müharibəsində reportajlar hazırlayıb, informasiya müharibəsində ön
sıralarda olub.
Şəhidin həyat yoldaşı Bahar İbrahimova: “İki övladımız, xoşbəxt,
huzur dolu bir ailəmiz var idi. Yoldaşımla bir-birimizə çox dəyər verirdik,
hörmət edirdik. May ayında Ramazan bayramı ilə əlaqədar yoldaşım evə
gəlmişdi. O zaman bizim axırıncı görüşmüz oldu. 2021-ci il iyin ayının 4-də
böyük oğlumun sinfi birinci sinfi bitirməyi münasibətilə vinetka üçün
çəkilişlər edirdilər. O zaman yoldaşımın yaralanmağı xəbərini aldım. Onun
şəhid olması mənim üçün böyük itgi oldu. Ona sevdiyi xörəkləri hazırlamaq,
paltarlarını ütüləmək, süfrə açmaq, onunla gəzintiyə getmək, işdən
qayıtmağını səbirsizliklə gözləmək üçün çox darıxmışam, isti nəfəsinə
möhtacam”.

Bahar xanım şəhid yoldaşının dəfn olunduğu yer haqqında da danışıb.
O qeyd edib ki, Məhərrəm 8 ay balalarına həsrət qalıb, yuxusuz, ac, yorğun
halda işğaldan azad olunmuş rayonlarımıza ezam olunub, fasiləsiz işləyib:
“Onlar Prezidentimizin tapşırığına əsasən işğaldan azad olunmuş
torpaqlarımıza, tarixi yerlərə, obyektlərə dəymiş zərəri, törədilmiş
vəhşilikləri çəkib dünya ictimaiyyətinə çatdırıb. Çox istəyərdim ki, yoldaşım
“2 saylı Şəhidlər Xiyabanı”nda dəfn olunsun, ziyarətə gələn sakinlər, xarici
qonaqlar haqsızlıqları dünyaya çatdıran şəhid jurnalistini tanısın”.
Məhərrəm İbrahimov 2021-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər
rayonunun Susuzluq kəndi ərazisində erməni terrorçularının basdırdığı tank
əleyhinə minaya düşərək şəhid olub. Həmin avtomobildə AzTV-nin
operatoru Sirac Abışov da olub, o da şəhid olub. Qubadlı şəhər sakini Sirac
2019-cu ildən AzTV-də işləməyə başlayıb, yenicə öz xalası qızı ilə ailə
qurmuşdu. Sirac bölgəyə ezam olunanda Özgür adında oğlu hələ 5 aylıq idi,
indi üç yaşındadır. Şəhid Məhərrəm kimi o da işi ilə əlaqədar 8 ay ailəsindən
uzaqda olub.
Şəhidin qardaşı Şirzad Səmədovun təəsuratları: “Sirac mədəni oğlan
idi, valideyinlərinin, mənim sözümdən çıxmazdı. Qardaşımı son dəfə şəhid
olmamışdan iki həftə əvvəl, may ayında Qubadlı rayon Dondarlı kəndində
görüşmüşdük. Oraya kənd nümayəndələri kimi getmişdik. İki qrup fəaliyyət
göstərirdi. Bir qrup yaşayış evlərini, digər qrup, hansı ki Sirac da o qrupa
daxil idi, dövlət əhəmiyyətli obyektləri çəkirdi. Atam, mən, Sirac getdik
evimizi tapdıq, oturub xeyli söhbət etdik. Sirac deyirdi Allah bizə ömür
versin, gələk evimizi yenidən düzəldək, övladlarımıza bu kənddə toy edək,
dostlarımızı evimizə qonaq edək. Sirac anama demişdi ki, oğluma yeriməyi
öyrədin, mən gələndə qabağıma qaçsın. Oğlu yeriməyi öyrənəndə atasının
məzarını ziyarətə getdi. Heç övladından “ata” sözünü də eşitmədi. Çox heyf
arzularını məzara apardı, ona ancaq belə ölüm yaraşardı. Uca “Şəhid” adına
görə adam bir az təsəlli tapır”.
Şirzad bəy qardaşının şəhid olma xəbərindən danışdı: “Saat 1-ə
işləmişdi, mən Bülbülə qəsəbəsində işdə, çəkilişdə idim. Şöbə müdürimə
zəng gəldi, çəkildi kənara danışdı. Şüpələndim. Sonra tanışlardan xəbər
tutdum ki, qardaşımla Məhərrəm minaya düşüblər. Həmin an ayaqlarım
boşaldı, müvazinətimi itirdim, yerə çökdüm. Allahdan ayağa qalxmam üçün
güc istədim. Daxil oldum xəbər saytlarına, bu bəd xəbər rastıma çıxmadı.
Sonra işdən dedilər sən evə getməlisən, o zaman anladım ki, vəziyyət nə
yerdədir. Gülüşü, intelektual zarafatları üçün darıxıram. Yuxularımda
görürəm deyir narahat olma yanındayam. Sirac bu gün də mənim üçün
yaşayır, son nəfəsimə kimi yaşayacaq”.
Sirac və Məhərrəm bir yerdə Ağdam, Füzuli, Hadrud, Zəngilan,
Cəbrayıl, Qubadlıda çəkilişlərdə olublar, Xocavənd, Xocalı və Kəlbəcərin
işğaldan azad olunan bütün kəndlərində, həmçinin Kəlbəcərin 15-20
kəndində çəkilişlər ediblər, qələmə alıblar. Onlar təhlükəli yollardan, illərdir
ayaq basılmayan yerlərdə olublar, efir üçün deyil, Avropa və dünya
məhkəməsinə faktlar vermək üçün çəkilişlər ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə
ölümündən sonra S.Abışov və M.İbrahimov 3-cü dərəcəli “Vətənə xidmətə
görə” ordenləri ilə təltif ediliblər. M.İbrahimov Müşfiqabad qəsəbəsindəki
qəbiristanlıqda, S.Abışov isə Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn
olunub.
Döyüş bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən işğaldan azad
edilmiş Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi ərazisində atası,
yaxınları ilə bir yerdə tank əleyhinə minaya düşərək həlak olan
jurnalistlərdən biri də Zibeydə Adilzadədir. O, Füzuli Rayon İcra
Hakimiyyətinin mətbu orqanı olan “Qayıdış” qəzetinin baş redaktoru olub.
Füzuli rayon sakini Zibeydə uzun illər bu rayonda müxtəlif vəzifələrdə
çalışıb, rayonun inkişafı üçün bir çox layihələrə imza atıb. Məqalə və
yazılarını “Zibeydə Şakir” imzası ilə yazan jurnalistin ən böyük arzusu
“İşğaldan azad olunan Füzuli şəhərinə ayaq basan ilk qadın olmaq” və
“Gəzməyə də, ölməyə də Vətən yaxşıdır” deyərək bu mövzuda yazılar
işıqlandırmaq idi. O böyük arzusuna çatdı, Vətəninə qovuşdu, amma yazıları
yarımçıq qaldı. Zibeydə Şakir Beyləqan rayon ərazisində “Cərcis
Peyğəmbər” ziyarətgahında dəfn olunub.
Bacısı Günay Adilzadə: “Bu hadisənən şokundan çıxa bilmirəm. Biz
dörd bacı idik. Anamız dünyasını dəyişəndən o bizə ana əvəzi idi. Bacımla
sonuncu dəfə noyabrın 27-si günü görüşdük, sağollaşdıq, sabahı Bakıya
gəlməli idik. 28-i günü biz rayondan yola çıxmışdıq, kiçik bacım zəng edib
mənə bəd xəbəri çatdırdı, geri döndük. Atam da bacımla bərabər idi. Hər
ikisini də itirdik. Bacım ailəli idi, iki övladı anasız qaldı. Nazlı adlı qızı 11-ci
sinfi, Ayxan adlı oğlu 9-cu sinfi bitirdilər. Qızı memar olmaq istəyir”.
Qarabağ müharibəsi dövründə ölkəmizdə yaşanan tarixi hadisələri,
həqiqətləri dünya ictimaiyyətinə obyektiv çatdıran hərbi vətənpərvərlik
tərbiyəsində xidmətlər göstərən media təmsilçiləri – Çingiz Mustafayev,
Salatın Əsgərova, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov,
Arif Hüseynzadə, Kazımağa Kərimov, Pərviz Balayev, Fuad Mirzəyev,
Davud Qurbanov, Elnur Allahverdizadə informasiya savaşında ordumuzla
birgə olub. Şəhid jurnalistlərimizin doğmalarına, yaxınlarına səbr
arzulayırıq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik! Torpağa bağlı,
vətənpərvər, qəhrəman oğul və qızlarımız çox olduqca basılmaz müqəddəs
pənah yerimiz!

Müəllif: Jurnalist Pərvanə Fərhadqızı

