Kəlbəcərdə Komando briqadasının formalaşdırılması düşmənə xəbərdarlıqdır
Revanşist çağırışları və təxribatları ilə yeni müharibə təhlükəsi yaratmaq istəyən Ermənistan özünün quyusunu daha dərin və gen qazır
Başı daşdan daşa dəysə də, kapitulyasiya aktını imzalamaqla 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfərini təsdiqləsə də sülh sazişinin imzalanmasında, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində xislətinə uyğun olaraq xarici dəstəkçilərindən gələn təlimatlara uyğun davranan Ermənistan özü üçün yeni, daha dərin quyu qazır. Artıq tarixin arxivinə göndərilən «Dağlıq Qarabağ münaqişəsi»nin davam etdiyi 30 ildə sülh danışıqları ilə bağlı müzakirələrə müxtəlif bəhanələrlə əngəl törədən ermənilər yenə də əvvəlki davranışlarına uyğun gedişlər edir, sərsəm xəyallara qapılaraq boylarından hündürə tullanmağa çalışırlar. Amma bacarmırlar. Çünki artıq xəyallarını gerçəkləşdirmək iqtidarlarını itiriblər. Ölkə daxilində baş verən siyasi gərginliyin qarşısını ala bilməyən baş nazir Nikol Paşinyanın Ermənistanın varlığını sual altında qoyduğunu başa düşən ermənilərin davam edən aksiyalarda səsləndirdikləri «istefa» tələbinə əhəmiyyət verən yoxdur. Hazırda işğaldan azad olunan Kəlbəcər rayonunda yerləşən Azərbaycanın mövqelərini intensiv atəşə tutan erməni terrorçularını bu addıma təhrik edən, bölgədə sabitliyin yaranmasını istəməyən maraqlı qüvvələr Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının qarşısına « qırmızı işıq» yandıranlardır.
Danışıqlar prosesini «Qarabağ Ermənistandır və nöqtə» və «Bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq»” kimi təxribatçı bəyanatlar verən, «yeni torpaqlar əldə edəcəyik» sərsəmləmələri ilə Azərbaycanı yeni ərazilərin işğalı ilə hədələyən, əsassız «yeddi şərt” irəli sürərək, danışıqlar formatının dəyişdirilməsi, danışıqlara sıfırdan başlanılması və Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsi» kimi beynəlxalq hüquq normalarından kənar , qəbuledilməz şərtlər irəli sürən Ermənistanın məsuliyyətsiz iddialarını 44 gün davam edən Vətən müharibəsində yox edən Azərbaycanın Qələbəsi həm də «hay»ların ən böyük dəstəkçiləri hesab etdikləri ATƏT-in Minsk qrupunun həmsədrləri üçün xoşagəlməz sürpriz oldu. Təsis olunduğu gündən fəaliyyətini yalnız fərziyyələr əsasında quran, bütün danışıqlarda Ermənistanın havadarı rolunu məharətlə ifa edən Minsk qrupu kimi, «Soros uşaqları» adlandırılan Ermənistanın indiki hakimiyyəti nə isə etmək iqtidarında deyil. Dəfələrlə qeyd olunduğu kimi, Azərbaycan Qarabağ münaqişəsini öz gücü hesabına, ədalət prinsipləri əsasında həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra bu qondarma, ermənipərəst qrupun birlikdə fəaliyyəti qeyri-mümkündür. Çünki Minsk qrupunda təmsil olunan dövlətlər ayrı-ayrılıqda özlərinin Cənubi Qafqaz üzrə nümayəndələrini təyin etmişlər.
«Yəni, Minsk qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir. Düşünürəm ki, bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir. Təşəkkür edirik və əlvida yox, yalnız əlvida demək olar. Yəni, 30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır» sözləri ilə Ermənistanla münasibətləri normallaşdırmaq, sülh sazişi imzalamaq üzərində çalışmağın Ermənistan üçün daha vacib olduğunu bildirən Prezident İlham Əliyev vurğulayır ki, yalnız xoş məram naminə hərəkət nəticəsində bölgədə daimi sabitlik, Azərbaycanın Qafqazla bağlı inteqrasiya və əməkdaşlıq münasibətləri təmin edilə bilər.
Avropa İttifaqı Şurası, digər beynəlxalq təşkilatlar Azərbaycanın bölgədə sabitiliyin təminatı üçün irəli sürdüyü beş təklifi dəstəkləsələr də illərdən bəri Cənubi Qafqazı dünya siyasətinin qaynar bölgəsi kimi görmək istəyən qüvvələr tərəfindən idarə olunan Ermənistan şahmat taxtasının ələbaxan süvariləri kimi əmrləri yerinə yetirir. Amma Ermənistan hökuməti və işğalçı dövlətin revanşist qüvvələr bir həqiqəti unudurlar ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın məğlub etdiyi Ermənistanın növbəti müharibə istəkləri işğalçı dövlətin həmişəlik sonu olacaq.
Ermənistanın səlahiyyətsiz rəsmiləri bilməlidirlər ki, itirilən 30 il ən çox işğalçı ölkə üçün uğursuz oldu. Bu dövrdə hakimiyyətdə olan, xalqı deyil, öz mənafelərini düşünən korrupsioner iqtidarların « qüdrətli ordu yaratmaq» planlarının hansı səviyyədə olduğu Vətən müharibəsində bəlli oldu. Hərbi cinayətkarlar, Ermənistanın sabiq prezidentləri Robert Koçəryan, Serjik Sarkisyan, İkinci Qarabağ müharibəsi dövründə Xankəndiyə gəlsələr də fərari kimi güncdə- bucaqda gizlənərək sonra qaçdılar. İllərdən bəri formalaşdırdıqları «yenilməz ordularının» darmadağın edilməsinə şahid olmaq istəməyən bu qatillər indi də revanşist çağırışları ilə bölgədə sabitliyin etibarlı qarantı olan Azərbaycanla Ermənistan arasında sülhün bağlanmasına hər vasitə ilə mane olmağa çalışırlar. İqtisadi böhran bataqlığında çabalayan Ermənistan üçün hava-su kimi gərəkli olan infrastruktur, xüsusilə Zəngəzur dəhlizi kimi qlobal layihələrin reallaşmasına mane olmağa çalışırlar. Amma özləri də bilirlər ki, artıq bu cür təhrik və təhdidedici çağırışların dövrü, zamanı arxada qalıb. Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsinin inşasını sürətlə davam etdirir. Yeni marşrutlar və enerji təhlükəsizliyi ilə bağlı Azərbaycanın bölgədə yaratdığı reallıqları əks etdirən bütün layihələr beynəlxalq səviyyədə dəstəklənir.
İkinci Qarabağ müharibəsində layiq olduğu dərsi alan işğalçı ölkənin rəsmiləri artıq «Qarabağ Azərbaycandır!» deyirlər. «Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq» sözləri ilə ölkəmizdə ordu quruculuğu istiqamətində islahatların davam etdirildiyini bildirən Prezident İlham Əliyev kapitulyasiya aktını imzalayan Ermənistana dəfələrlə bildirib ki, sərhəd bölgələrində erməni silahlılarının törətdikləri təxribatlar işğalçının həmişəlik sonunu gətirəcək. Qanunsuz məskunlaşdırma siyasətini həyata keçirsələr də, qeyri-qanunu silahlı dəstələr formalaşdırıb terrorlarını davam etdirsələr də işğalçıların nəsibləri yenə də məğlubiyyət olacaq.
Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılması ilə bölgədə irimiqyaslı beynəlxalq əhəmiyyətli layihələri reallaşdıran Azərbaycan işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini bərpa etməklə müdafiə qüdrətini də möhkəmləndirir.
Bu günlərdə Kəlbəcərdə açılan hərbi hissənin, könüllülərdən ibarət silahlı dəstənin -Komando briqadasının formalaşdırılması yeni müharibə hazırlığına cəhd edən Ermənistana xəbərdarlıq olmalıdır. Ölkə daxilində gərginləşən siyasi vəziyyəti, partiyalararası qarşıdurmanı, iqtisadi böhranı pərdələmək üçün bu cür addımlar atan Ermənistanda 7-dən 70-ə qədər hamı bilir ki, 30 ildə guya formalaşdırdıqları qüdrətli «ordu mifi» kimi, «könüllülərin» təxribatları boşa çıxacaq. Erməni faşistlərinin 30 il işğal altında saxladıqları ərazilərdə törətdikləri vandalizm aktlarının, vəhşiliklərin şahidi olan dünya ictimaiyyəti Ermənistanın məkrli niyyətlərinin səbəb və məramlarının haradan və kimlər tərəfindən, nə məqsədlə formalaşdırılğından xəbərdardır. İllərdən bəri bölgədə sülhün bərpasına mane olan bütün cəhdlərin qarşısını öz qüdrəti ilə alan Azərbaycan dünyaya sübut etdi ki, Qələbə bu xalqın taleyinə yazılıb. Qarabağ hər zaman Azərbaycan torpağı olub. Bu gün də bu həqiqət dəyişməz olaraq qalır. Zəngəzurun dəhlizinin bərpasına mane olanlar bu dəhlizin açılmasından sonra istəməsələr belə məcburən bir daha deyəcəklər ki, Qarabağ Azərbaycandır!

