Cəmiyyət 

Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci ilin ikinci yarısı və 2022-ci ilin birinci yarısı ərzində bir sıra tədbirlər həyata keçirilmişdir.

Cari ilin iyunun 23-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən 26 iyun – Narkomaniyaya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü ilə əlaqədar “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı virtual sərgi hazırlanaraq istifadəçilərə onlayn rejimdə təqdim olunmuşdur. Virtual sərgidə mövzu ilə əlaqədar fotolar, kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunmuşdur.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək!” adlı elektron məlumat bazası daha da təkmilləşdirilmiş və bazaya yeni elektron resurslar daxil edilmişdir.

Dövlət Proqramının müvafiq yarımbəndinin icrasını təmin etmək, eləcə də mədəniyyət və incəsənət sahəsində təhsil alan gənclərin yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri audiovizual sahəyə cəlb etmək məqsədilə 2021-ci il dekabrın 1-dən narkomaniya mövzusunda videoçarx ssenariləri müsabiqəsinə start verilmişdir.

Müsabiqə müvafiq ixtisas istiqamətlərində təhsil alan tələbələr arasında keçirilmişdir. 2022-ci ilin yanvarın 14-dək keçirilmiş müsabiqənin qalibləri nazirlik tərəfindən diplomlarla təltif edilmişdir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən “Narkotik sərhədsiz fəlakətdir”, “Ağ ölümə “yox” deyək!”, “26 iyun – Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə” adlı videoçarxlar hazırlanıb sosial şəbəkələrdə izləyicilərə təqdim edilmişdir. Eyni zamanda, sözügedən kitabxanada “Narkomaniyaya qarşı mübarizə” adlı kartoteka təşkil olunmuş, habelə “Qara narkotik”, “Məhvə aparan narkomaniya” adlı ənənəvi kitab sərgiləri hazırlanmışdır.

Hesabat dövrü ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən kitabxanalar tərəfindən həkim-narkoloqun iştirakı ilə “Narkomaniya – bəşəriyyətin bəlası!”, “Gəncliyimizi qoruyaq!”, “Narkomaniyaya “yox” deyək!” mövzusuna həsr olunmuş təbliğat xarakterli tədbirlər həyata keçirilmişdir.

Nazirliyin regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri, muzeylər, kitabxanalar və musiqi məktəbləri tərəfindən də mövzuya həsr olunmuş seminarlar, dəyirmi masalar, sərgilər, məlumat saatları keçirilmiş, habelə narkomanlığa qarşı mübarizəyə dair videoçarxlar hazırlanmışdır.

Hesabat dövründə Dövlət Proqramının müvafiq yarımbəndinin icrası və 26 iyun – Narkоmaniyaya və narkоbiznеsə qarşı beynəlxalq mübarizə günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin sosial media hesablarında poster yayımlanmışdır.

Mədəniyyət Nazirliyi

Daha çox xəbərlər