Şuşa hər gün qonaqlarını qarşılayır
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransına ev sahibliyi edən mədəniyyət paytaxtımız bərpa və quruculuq işləri ilə qonaqları heyrətləndirir
Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə, azad Şuşaya hər bir səfəri, nitqində yer alan çağırışlar, mesajlar hər kəsdə daha möhtəşəm gələcəyə inam formalaşdırır. İki ilə yaxındır ki, hər bir tarixi günü Zəfər ruhunda qeyd etməklə yanaşı, belə önəmli günlərin işğaldan azad edilmiş ərazilərimizdə qeyd olunması xoşbəxtliyimiz, sevincimizdir. Prezident İlham Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin doğum gününü ötən il Naxçıvanda, bu il isə Füzulidə və Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada qeyd etdi. Dövlət başçısı Şuşada “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salandan sonra şəhərdəki inzibati binanın qarşısındakı müraciətində Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edərək möhtəşəm Zəfərimizin fonunda təəssüflə qeyd etdi ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər: «Biz – onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik.»
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Şuşa diplomatik şəhərə çevrilərək tədbirlərin keçirilməsi, sənədlərin imzalanması üçün ideal məkan kimi qəbul olunur. Qarabağın tacının qısa müddətdə şöhrətinin özünə qaytarılması bu doğma torpağın Azərbaycan xalqı üçün xüsusi önəmi olduğunu təsdiqləyir. Dövlət başçısının vurğuladığı kimi, hər bir bölgə bizim üçün əzizdir, doğmadır.
Prezident İlham Əliyev Vətən müharibəsinin gedişi dövründə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində jurnalistin istiqamətin hara olması ilə bağlı sualını cavablandırarkən bildirmişdir ki, istiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir: “Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlərlə müqayisədə eynidir, bərabərdir”: “Siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Müzakirələr zamanında da hər zaman bu məsələ gündəlikdə idi”.
Bu gün azad Qarabağımız, azad Şuşamız dirçəlir. Ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl Azərbaycanın davamlı uğurlarına, hər bir hədəfə yüksək səviyyədə nail olmasına yol açır. Hazırda Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizin qısa müddətdə Azərbaycanın dayanıqlı inkişafına töhfələr verməsi üçün mühüm addımlar atılır, bərpa və quruculuq işlərinin miqyası genişlənir. İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri bu yerlərə yenidən həyat verir, ermənilərin ekoloji sistemə vurduqları zərərin nəticələri aradan qaldırılır. Bu torpaqlarda minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə, digər quruculuq işləri kimi, ekoloji tarazlığın bərpası istiqamətində də ciddi addımlar atılır. İşğalçı Ermənistan tərəfindən məhv edilmiş yaşıllıq massivlərinin bərpası məqsədilə ağacəkmə tədbirləri davam etdirilir. Füzulidə yeni yaradılacaq park kompleksi şəhərdə ekoloji tarazlığın qorunması işinə mühüm töhfə verəcək.
Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur: «Biz – bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik.»
Dirçələn Şuşa bu gün həm də beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Təsadüfi deyil ki, ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin açılış və yaxud da bağlanış mərasimləri Şuşada keçirilir, Azərbaycana səfər edən xarici qonaqlar bu cənnətməkanı görmək üçün mədəniyyət paytaxtımıza səfərlər təşkil edirlər. Bu günlərdə Şuşanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransına ev sahibliyi etməsi də Şuşanın hər gününün tarixə bir mühüm hadisə kimi yazıldığını təsdiq edir. Şuşa diplomatik mərkəz olmaqla yanaşı, eyni zamanda, iqtisadi məkan kimi də diqqətdədir. Bütün bunların hamısı Azərbaycanın dayanıqlı inkişafına, öz tarixinə, mədəniyyətinə, dünəninə və bu gününə sahib çıxmasından irəli gəlir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunması müjdəsini xalqımıza çatdırarkən söylədiyi “Əziz Şuşa, sən azadsan, Əziz Şuşa, biz səni dirçəldəcəyik!” vədi artıq reallıqdır. Şuşa dirçəlir, Şuşa qonaqlarını qarşılayır, 28 illik əsarət dövrü ilə bu gününü müqayisəli şəkildə ev sahibliyi etdiyi tədbirlər vasitəsilə beynəlxalq aləmə çatdırır.

