Gündəm 

Sürətli dirçəliş tarixi Zəfərin davamıdır

İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa və quruculuq işləri geniş vüsət alır

Qırx dörd günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası, burada əhalinin məşğulluğunun təmin edilməsi, istehsal, xidmət, ticarət, nəqliyyat, logistika və digər sahələrin yaradılması da diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Bu bölgədə dağ-mədən, yeyinti, emal sənayeləri, metallurgiya, turizm-rekreasiya, əczaçılıq, taxılçılıq, tərəvəzçilik, üzümçülük, pambıqçılıq, meyvəçilik, heyvandarlıq, quşçuluq, arıçılıq, tikini materialları kimi sahələr böyük inkişaf potensialına malikdir. Bu sahələrə yatırılan sərmayələr qeyri-neft ixracının artması, idxalın əvəzlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İşğaldan azad edilmiş ərazilərdə hasil olunan faydalı qazıntılar, mineral sular və digər qeyri-neft məhsullarına da xarici bazarlarda böyük tələbat yaranması proqnozlaşdırılır. Bununla da həmin ərazilər hesabına Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac etdiyi məhsulun həcmində əhəmiyyətli artım gözlənilir ki, bu da iqtisadi inkişafa, ölkəyə valyuta axınına əlavə təkan verəcək. Ölkə başçısının işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, inkişaf etdirilməsi barədə səsləndirdiyi bəyanatlar, müraciətlər ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi, qürur hissi və coşqu ilə qarşılanır. Vətəndaşlarımız ölkə başçısının hər səfərində bu bölgədə reallaşdırılan ilkin infrastruktur layihələrinin, müəssisələrin açılışını və təməlqoyma mərasimlərini diqqətlə izləyir, uğurlarımıza sevinir və qürur hissi keçirirlər.

Prezident İlham Əliyevin Zəngilan, Laçın, Füzuli və Qubadlı rayonlarına səfərləri çərçivəsində ilk tədbirlərdən biri Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması oldu. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən layihənin başlanğıcı kimi qiymətləndirilməli olan bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın işğaldan azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Digər vacib məqam isə  odur ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsi yaranacaq.

Bundan başqa, düşmən əsarətindən azad edilmiş Laçın rayonunda Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyası təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Məlumdur ki, Kəlbəcər-Laçın zonasında su elektrik stansiyaları üçün təbii şərait çox əlverişlidir. Buna görə də vaxtilə burada bir çox stansiyalar olub. Düşmənlərimiz işğal dövründə bu stansiyalardan istifadə edib, bu əraziləri tərk edərkən bütün bu su elektrik stansiyalarını dağıdıblar. Hazırda ölkə başçısının tapşırığı ilə bu ərazilərdə erməni faşistləri tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarının bərpa edilməsi istiqamətində ciddi addımlar atılır. Belə ki, Laçın rayonu ərazisində 5 su elektrik stansiyası yenidən bərpa ediləcək. Kəlbəcər rayonunda isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. Bu generasiya gücü ilə ərazilər bərpa ediləcək. Bununla da bölgənin dayanıqlı enerji ilə təmin edilməsində ciddi nailiyyətlər qazanılacaq.

Göründüyü kimi, Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun tarixi Qələbəsi nəticəsində işğaldan azad edilmiş torpaqlarda hazırda bərpa-quruculuq işləri ardıcıl və sistemli şəkildə icra olunur. Bu baxımdan əminliklə demək olar ki, burada tikilən və bərpa olunan su elektrik stansiyaları bölgənin inkişaf və tərəqqisinə böyük töhfələr verəcək, Qarabağ nura qərq olacaq, “yaşıl enerji” zonası kimi dünyaya nümunə göstəriləcək

Daha çox xəbərlər