Əsas səhifə 

Tarixi qardaşlığa söykənən birlik

Qədim tarixə malik Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, bu gün daha yüksək səviyyədədir. Məlum olduğu kimi, Türkiyə hazırda dünya siyasətində çox fəal və önəmli rol oynayır. Bu ölkənin təsir imkanları getdikcə artır. Azərbaycanın beynəlxalq aləmdəki mövqeləri də gündən-günə möhkəmlənir. Azərbaycan dünyada iri infrastruktur layihələrinin reallaşdırılmasında böyük təcrübəsi olan dövlət kimi tanınır. İndi elə layihələr var ki, onların reallaşdırılmasında Azərbaycanla məsləhətləşmələr aparılır. Bu da ondan xəbər verir ki, Azərbaycan təkcə regionda deyil, eyni zamanda, dünyada söz sahibidir. İqtisadiyyatın inkişaf tempinə görə Azərbaycanın lider dövlət olması, həm də ölkəmizin dünyada ən islahatçı dövlət adlandırılması əlaqələrimizi daha da genişləndirib. Bu baxımdan Azərbaycan Türkiyəyə, Türkiyə isə Azərbaycana bağlı dövlətdir. Nüfuzlu beynəlxalq qurumların tədbirlərində də iki qardaş ölkənin nümayəndələrinin bir-birilərinə dəstək vermələri, mövqelərini müdafiə etmələri yüksək qiymətə layiqdir. Bütün bunlar bir daha təsdiqləyir ki, Türkiyə-Azərbaycan “Bir millət, iki dövlətdir.”

Əlaqələrimizin bu səviyyəyə çatmasında, təbii ki, hər iki ölkənin dövlət başçılarının xüsusi xidmətləri vardır. Belə ki, ölkə başçısı İlham Əliyev hər zaman müxtəlif beynəlxalq tədbirlərdə Türkiyəyə birmənalı dəstəyini ifadə edir. Eyni münasibət qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən də göstərilir. Biz bunun ən gözəl nümunəsini 44 günlük Vətən müharibəsi zamanı gördük. 2020-ci il sentyabrın 27-dən erməni təxribatlarına qarşı şanlı ordumuzun güclü və sürətli əks-hücum əməliyyatı ilə başlayan müqəddəs Vətən müharibəsi Azərbaycanın böyük Qələbəsi ilə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz Qarabağı işğaldan azad edərək xalqımızı əzəli torpaqlarımıza qovuşdurdu. Çıxdığımız bu haqq yolumuzda Türkiyənin göstərdiyi siyasi dəstək Zəfər qazanmağımızda böyük rol oynadı. Müharibə dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq və birmənalı bəyanatları bu savaşda Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olaraq ona dəstək olacağını bildirdi. Bu dəstək gücümüzə güc qatdı və tarixi Qələbəmizdə vacib rol oynadı.

İkinci Qarabağ müharibəsində qazadığımız tarixi Qələbə qardaş ölkələrimizin həm də hərbi-siyasi əməkdaşlığına, iqtisadi əlaqələrinə və diplomatik gücünə, Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsinə töhfə verdi. Bakının Azadlıq meydanında Qələbəmizin şərəfinə keçirilən möhtəşəm Zəfər paradında Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyev ilə çiyin-çiyinə dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bu, dövlətlərimiz və xalqlarımız arasında mövcud olan həmrəyliyin və birliyin təcəssümüdür.

Ötən ilin iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentləri 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzaladılar. Tarixi əhəmiyyət daşıyan Şuşa Bəyannaməsi Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq, Azərbaycan-Türkiyə arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi və huumanitar sahələrdə davamlı inkişafını təmin edərək ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterini bütün dünyaya nümayiş etdirdi.

2021-ci ilin payızında İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Toplantısında Türkiyə Prezidentinin təşəbbüsü ilə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim olunması dövlət başçımızın Zəfər tarixi yazmasının və dünya türklüyünə misilsiz töhfələrinə verilən layiqli qiymətdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş ərazilərə ilk xarici dövlət başçısı kimi səfər edərək Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi sadəcə çətin günümüzdə deyil, həm də şad günümüzdə Azərbaycana dəstək olduqlarını bir daha bütün dünyaya nümayiş etdirdi.

İki qardaş ölkə başçıları – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mayın 14-də Türkiyənin reallaşdırdığı möhtəşəm layihənin – dəniz üzərində inşa edilən nəhəng Rizə-Artvin Hava Limanının açılışını edərək növbəti tarixi addımı atdılar. Dünya bir daha iki ölkənin sarsılmaz, əbədi və əzəli dostluğuna şahid oldu. Prezident İlham Əliyevin Rizə-Artvin Beynəlxalq Hava Limanının açılışına qatılması, bu möhtəşəm tədbirdəki çıxışının böyük coşqu ilə qarşılanması bütün türk dünyasına səs saldı. Türkiyə və Azərbaycan bir daha dünyaya qardaşlıq, dostluq və müttəfiqlik nümunəsi göstərdilər.

Dünən də iki ölkə arasındakı əməkdaşlığın daha bir nümunəsi kimi, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık arasında videokonfrans formatında görüş keçirilib. Görüş zamanı bir daha Azərbaycan və Türkiyə arasındakı sarsılmaz dostluğun, qardaşlığın və iki  xalqın birliyinə əsaslanan strateji tərəfdaşlığın daim inkişaf etdiyi və bu sahədə iki qardaş ölkənin dövlət başçılarının birgə səylərinin mühüm rolu vurğulanıb. Çıxışı zamanı nazir Sahil Babayev 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin hər bir Azərbaycan vətəndaşını qürurlandırdığını qeyd edib. Ötən dövrdə iki qardaş ölkə arasında digər sahələrdə olduğu kimi, sosial xidmətlər sahəsində də formalaşan uğurlu əməkdaşlıqdan bəhs edilib.

Türkiyəli nazir D.Yanık da iki qardaş ölkə arasında əlaqələrin daim inkişaf etməsinin məmnunluq doğurduğunu bildirib. Valideyn himayəsindən məhrum uşaqların müdafiəsi, ailələrə sosial dəstək tədbirlərinin həyata keçirilməsi, ailə əsaslı alternativ qayğı formalarının inkişaf etdirilməsi və bu sahədə aparılan digər islahatlarla bağlı əməkdaşlığın və məlumat mübadiləsinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Göründüyü kimi, iki qardaş dövlət arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur və bütün bunlar onu deməyə əsas verir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq.

Daha çox xəbərlər