Ölümsüzlüyə qovuşan qəhrəman
İkinci Qarabağ müharibəsində Vətənin qeyrətini hər şeydən üstün tutan, məqamında canını ona qurban edən igidlərin cərgəsində Elçin Elşən oğlu Mansurovun xüsusi yeri vardır. Bu Vətən sevdalısı Yardımlının Kürəkçi kəndində dünyaya göz açmışdı. Azərbaycanın hərb tarixinə qəhrəmanlıq salnaməsinə yazan Elçin əbədiyyətə qovuşsa da, bütöv millətin ürəyində özünə yuva qura bilibdir.
Şərəfli bir ömür yaşamaqla bizim üçün iftixar mənbəyinə, qürur yerinə dönən Elçin Yardımlı rayonunun Kürəkçi kənd məktəbini başa vurub Heydər Əliyev adına Ali Hərbi Məktəbinə daxil olur. Vətəninə ilahi bir sevgi ilə bağlanan gənc erməni dığalardan qisas almaqdan ötrü yaxşı da öyrənir. 2003-cü ildə məktəbi taqım komandirliyi ixtisası üzrə bitirib və bir müddət Silahlı Qüvvələrin təlim mərkəzində xidmət edib. Bundan sonra sorağı Qarabağın ən müxtəlif cəbhələrdən gəlir. Belə ki, düz 13 il Tovuz, Murov, Füzuli bölgələrində doğma Azərbaycanı göz-bəbəyi kimi qoruyur. Qorxmaz kəşfiyyatçı olaraq ən çətin tapşırıqlardan üzüağ qayıdır. Həm də 2016-cı ilin şanlı Aprel döyüşlərində Vətən sevgisini yağıya yerini göstərməklə bildirir.
Kəşfiyyatçı mayor Elçin Mansurov düz 20 il Vətəninə, dövlətinə ləyaqətlə xidmət edir. Qarabağı azad görmək istəyi ilə nəfəs alır. Təmiz ürəyi, saf vicdanı, qeyrəti, xoş davranışı, yüksək əxlaqı, vətənpərvərliyi ona hörmət qazandırır. Rütbəyə, şöhrətə, ada can atmayan, sadə komandir olaraq zabitlərin, əsgərlərin sevimlisinə çevrilir. Hər an Vətənə qurban olmağa hazır durur, xidmət illəri ərzində 6 medala layiq görülür.
İkinci Qarabağ müharibəsində qələbəmizin başlanğıcını məhz mayor Elçin Mansurovun 24 nəfərlik qrupu qoyur. Döyüş başlanan anda komandir öndə olmaqla qrup düşmənin üstünə gedir. Bir neçə saatlıq gərgin vuruşmadan sonra faşist hərbiçilərini məhv etməklə 3 mühüm postu ələ keçirirlər. Alınan müqəddəs Vətən torpağına ilk üç rəngli Azərbaycan bayrağı sancılır. Komandirin ikinci hücum zamanı isə cəmi 45 dəqiqə ərzində iki erməni qrupu darmadağın olunur, strateji əhəmiyyətli daha iki postu alıb və azad olunan mövqedə yeni Azərbaycan bayrağı dalğalanır.
Elçin Vətənə, torpağa məhəbbəti sayəsindən ağır sınaqlardan qələbə ilə çıxır. Döyüşdən-döyüşə bərkiyən qorxmaz igid tabeliyində olan qrupdan ayrılıb və düşmən bölmələrinin yerləşdiyi dərinliklərə təkbaşına hücum çəkir. Yenə də şücaəti dillərdə dastana dönür. Daha 22 düşmən əsgərini öldürür. Təəssüf ki, geri qayıdan zaman düşmən snayperinə tuş gəlir. Vətən müharibəsinin aktiv fazası başlanan gün – sentyabrın 27-də Füzuli ərazisində əbədiyyət adlı dünyasına qovuşur. Cənazəsi oktyabrın 11-də döyüş meydanından götürülüb, rəhbərliyin tövsiyəsinə əsasən doğma Yardımlı rayonuna deyil, Bakıdakı II Fəxri Xiyabana gətirilərək böyük izdihamla torpağa tapşırılır.
Qəhrəman mayor Elçin Mənsurova döyüş tapşırığına getdiyi vaxt göstərdiyi özünəməxsus rəşadətə, həmçinin hərbi qulluq vəzifəsi zaman igidlik və mərdlik nümayiş etdiyinə görə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilir. “Vətən uğrunda”, “İgidliyə görə” və digər medallarla təltif olunur.
Ömür yolu Vətəninə, torpağına məhəbbət mücəssəməsinə dönən qalib Şəhidin müqəddəs ruhu indi azad yurdunda, ən uca zirvələrdə dolaşır. Xalq öz oğlunun adı ilə hər yerdə, hər zaman fəxr edir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

