Neftçalada tərəvəz və bostan sahələrində bol məhsul yetişib
Neftçalada kənd təsərrüfatının əsas sahələrindən olan tərəvəzçilik və bostançılıqda uğurlu nəticələr əldə olunub. Dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğı, o cümlədən subsidiya və güzəştlərdən yararlanan fermerlər bol məhsul tədarük edib və hazırda yığım davam edir.
Neftçala Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Neftçala rayonunda 148,3 hektar tərəvəz sahəsinin 42,9 hektarından 346,9 ton tərəvəz yığılıb. Tərəvəz sahələrindən 4,3 ton bibər, 202,2 ton xiyar, 2 ton badımcan, 61,5 ton pomidor, 26,4 ton sarımsaq, 3 ton soğan, 47,5 sair tərəvəzlər tədarük olunub.
Bu il rayon üzrə 74 hektar bostan sahəsi əkilib və 10 hektarından 39,5 ton məhsul yığılıb. Belə ki, 5,5 hektar qarpız sahəsindən 20 ton, 4,5 hektar yemiş sahəsindən isə 19,5 ton məhsul toplanılıb. Qarpızın hər hektarından 36,4 sentner məhsuldarlıq, yemişin hər hektarından isə 43,3 sentner məhsuldarlıq olub.

