Şuşa diplomatik mərkəz kimi daha çox tədbirlərə ev sahibliyi edəcək
Azərbaycanın diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsinə mədəniyyət paytaxtımızda yekun vurulması böyük siyasi əhəmiyyətə malik hadisə kimi dəyərləndirilir
Bu gün azad Şuşamızın hər günü beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi ilə yadda qalır. Mədəniyyət paytaxtımızın əvvəlki şöhrətinin özünə qaytarılması hər bir azərbaycanlı üçün qürurvericidur. Şuşa diplomatik mərkəzə çevrilərək istər işğal, istərsə də Zəfər dövrünün reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırır, ermənilərin nə qədər vəhşi, Azərbaycan xalqının isə əksinə qurucu, yaradıcı, ən əsası tarixinə sahib çıxan xalq olduğunu bəyan edir.

Şuşa Azərbaycanın BMT ilə əlaqələrinin qurulmasının 30 illiyinə həsr olunan beynəlxalq tədbirə ev sahibliyi etdikdən sonra dünya azərbaycanlılarını bir araya gətirdi. Dünya azərbaycanlılarının mötəbər tədbirinin tarixi Zəfərimizin rəmzi olan Şuşada keçirilməsi çox böyük siyasi əhəmiyyətə malik olan əlamətdar tarixi hadisə, unudulmayacaq bayram kimi qeyd edildi. Tarixə Zəfər Qurultayı kimi yazılan Dünya Azərbaycanlılarının V Qurultayında dövlət başçısı İlham Əliyevin proqram xarakterli nitqi Azərbaycan diasporunun keçdiyi inkişaf yolunun, tarixi Zəfərimizin onların qarşısında qoyduğu vəzifələrin, eyni zamanda, azad Şuşadan dünyaya ünvanlanan mesajların təqdimatı baxımından diqqətçəkən və qürurverici oldu. Təbii ki, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmiz ölkəmizin həyatında, regionda və dünyada yeniliklər yaratmaqla yanaşı, diasporumuzun fəaliyyətində də təkmilləşməyə, fəaliyyətin yeni hədəflərə uyğun qurulmasına geniş imkanlar açır.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev müstəqillik yolunda yenicə addımlarını atan hər bir dövlətin qarşısında dayanan vəzifələrdən bəhs edərkən diaspor quruculuğunu əsas amil kimi önə çəkmişdi. Bildirmişdi ki, diaspor bir dövlətin xarcidə varlığı olmaqla həqiqətlərimizin təbliğində fəal rol oynaya bilər. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bu amilin önəmini bir daha təsdiqlədi. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi, diasporumuzun birgə səyləri nəticəsində Vətən müharibəsində yazılan tarix Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə I qurultayın keçirilməsindən və Ümummilli Liderin proqram xarakterli nitqində yer alan tezislərindən geniş bəhs edərək bildirmişdir ki, əsas hədəf Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycan xalqının öz dədə-baba torpaqlarına qayıtması idi.
2003-cü ildən, yəni ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə başlanmasından sonrakı dövr torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə olunur. Bu fikri böyük inam və fəxr hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdisə, Prezident İlham Əliyev adını torpaqlarımızın xilaskarı kimi tarixə yazdı. Dövlət başçısı İlham Əliyevin nitqində qeyd olunduğu kimi, Azərbaycan məsələnin sülh yolu ilə həllində maraqlı idi. Lakin hadisələrin gedişini təhlil etdikdə açıq-aydın görünürdü ki, Ermənistan bu danışıqları imitasiya naminə aparır və vaxt qazanmağa çalışır. İşğalçı dövlətin yeni ərazilər uğrunda müharibə planı hazırladığı 2020-ci il sentyabr ayının 27-də Azərbycan ərazilərinin müxətlif istiqamətlərdən raketlə atəşə tutmasında özünü qadarıq şəkildə büruzə verdi. Rəsmi Bakı ən yüksək tribunalardan Azərbaycan xalqının səbrinin tükənməz olmadığını bəyan edirdi. 44 günlük İkinci Qarabağ müharibəsi dövlətimizin, xalqımızın səbir kasasını dolduğunu, bu səbəbdən də əks-hücum əməliyyatını həyata keçirdiyini ortaya qoydu. Şuşanın işğaldan azad edilməsi ilə Ermənistanın kapitulyasiya aktına imza atması həmin dövrə qədər ermənilərin və erməni diasporunun yaydığı miflərin əsassızlığını nümayiş etdirdi. Artıq dünya erməni ordusunun deyil, Azərbaycan Ordusunun yenilməzliyinin, məğlubedilməzliyinin şahidi oldu.
Ümummilli ilder Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayında Dağlıq Qarabağla bağlı səsləndirdiyi istəklərə diqqəti yönəldən dövlət başçısı İlham Əliyev « Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir» söyləyərək bu siyasi kursun uğurla davam etdirildiyini, tarixi Zəfərimizə qədər həyata keçirilən siyasətin əsasında toraqlarımızın işğaldan azad edilməsinin dayandığını diqqətə çatırdı.
Prezident İlham Əliyev daim çıxışlarında bu reallığı diqqətə çatdırır ki, biz döyüş meydanında, siyasi müstəvidə gücümüzü göstərdik: «İndi gün gələcək müharibə dövründə ictimaiyyətə açıqlana bilinməyən bəzi məqamları yəqin ki, açıqlayacaqlar. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə deyirdilər, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi – yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir.» Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından bu günədək Azərbaycan müstəqil siyasət yürüdərək dünyanın müxtəlif ölkələri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurması onun beynəlxalq nüfuzunun artmasına güclü təkan verdi. Azərbaycan həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında quraraq bu gün sözünün imzası qədər əhəmiyyətli olduğunu nümayiş etdirir. 1993-2003-cü illərdə qurulan möhkəm təməl Azərbaycanın son 18 ildən artıq dövrdə cənab İlham Əliyevin rəhbərliyi ilə biri-birindən möhtəşəm uğurlara imza atmasına stimul oldu. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər kəs xoşbəxtdir ki, artıq iki ilə yaxındır ki, bayram təbriklərində, beynəlxalq əhəmiyyətli tədbirlərdə, xarici ölkələrə səfərləri çərçivəsində, yaxud bu və ya digər beynəlxalq təşkilatın və dövlətin rəsmisinin ölkəmizə səfəri zamanı keçirilən görüşlərdə dövlət başçısı İlham Əliyev torpaqlarımızın işğalından, postmünaqişə dövrünün reallıqlarından, Azərbaycanın dünyada artan mövqeyindən bəhs edir, təqdim olunan sülh gündəliyinin reallığa çevrilməsinin Ermənistan üçün son şans olduğunu açıqlayır. Sülh müqaviləsinin imzalanması məsələsi gündəmə gətiriləndən rəsmi Bakı bu bəyanatı səsləndirib ki, təklif masa üzərində uzun müddət qala bilməz.
Azərbaycanın tarixi həqiqətlərinin təbliğində diasporla yanaşı, diplomatik xidmət orqanlarının üzərinə də böyük məsuliyyətin düşdüyünü daim çıxışlarında önə çəkən dövlət başçısı İlham Əliyevin ənənəvi hal alan görüşləri də bunun bir daha təsdiqi idi. Ölkə Prezidenti mütəmadi olaraq diplomatik xidmət orqanlarının rəhbərləri ilə görüşür, onların qarşısında dayanan vəzifələrdən bəhs edir. Tarixi Zəfərimiz bu görüşlərin də formatına bir yenilik gətirdi. Məlum olduğu kimi, iyulun 8-9-da Bakı və Şuşa şəhərlərində Azərbaycanın diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi keçirildi. İyulun 8-də müşavirənin Bakıda, ADA Universitetində keçirilən sessiyasında Xarici İşlər nazirliyinin rəhbər heyəti, ölkəmizin bütün diplomatik nümayəndəliklərinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndələri iştirak etdilər. Müşavirədə xarici siyasət prioritetləri, müasir dövrün çağırışları, Azərbaycanın hazırda beynəlxalq münasibətlər sistemində rolu, ikitərəfli və çoxtərəfli platformalarda iştirakı, əməkdaşlığın perspektivləri və digər mövzularda fikir mübadiləsi aparıldı. İyulun 9-da Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi Şuşa şəhərində davam etdirildi.
Göründüyü kimi, hər bir beynəlxalq əhəmiyyətli tədbir mövzusu ilə yanaşı, keçirilən məkan baxımından əhəmiyyətli və diqqətçəkəndir. İki ilə yaxın müddətdə bu tədbirlərin daha çox mədəniyyət paytaxtımızda keçirilməsi, yaxud panel iclaslara bu məkanın ev sahibliyi maraq doğurmaya bilməz. Bir daha bu məkandan torpaqların sahibinin biz olduğumuzu dünyaya bəyan edir və bildiririk ki, bundan sonra bu torpaqlarda daimi olacağıq. İşğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri ilə tanışlıq həm tarixi həqiqətlərimizin, həm də Azərbaycanın bu günü necə səbirsizliklə gözləyərək bütün potensialını ortaya qoyub həmin ərazilərin dirçəlməsinə çalışdığını dünyaya təqdim edir. Şuşa diplomatik mərkəz kimi hələ bundan sonra daha çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcək.

