Ordumuzun igidlik salnaməsi
Azərbaycan xalqının ürəyi Vətən sevgisi ilə dolu olan övladları əsrlər boyu olduğu kimi, indi də Vətənini qorumaq, onu ucaltmaq üçün hər fədakarlığı edir, hər çətinliyə sinə gərir. 44 günlük Vətən müharibəsində bütün dünyaya öz birliyimizi, bərabərliyimizi, Vətən sevgimizi göstərdik. Vətən sevgisindən mayalanmış igidliklə region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi cahana Azərbaycan adlı məmləkəti bir daha tanıtdı.
27 sentyabra – Vətən müharibəsinin başladığı günə qədər Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan bir neçə şanlı döyüşlər düşüb. Bu qəbildən olan əhəmiyyətli hərbi əməliyyatlardan biri də Tovuz döyüşləridir. Artıq Tovuz döyüşlərindən iki il ötür. 2020-ci il 12 iyul tarixində Erməni Silahlı Qüvvələrinin Tovuz istiqamətində Ermənistan-Azərbaycan sərhədindəki postumuza ağır silahlardan hücum etməsi nəticəsində döyüş başladı. Bu döyüş həm də Birinci Qarabağ müharibəsindən, 2016-cı il Aprel döyüşlərindən fərqli olaraq münaqişə bölgəsində, yəni Qarabağda deyil, Ermənistan-Azərbaycan sərhədində baş verməsi ilə diqqət çəkirdi. Harınlamış düşmən növbəti təxribata əl atmaqla öz çirkin xislətini ortaya qoydu. Bir neçə gün davam edən ağır döyüşlər artıq səbir kasası dolmuş Azərbaycanı Zəfərə daha da yaxınlaşdırdı. Vaxtında görülən adekvat tədbirlər nəticəsində düşmənin şəxsi heyəti çoxsaylı itki verirdi. Eyni zamanda, onlara məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi məhv edilirdi. Düşmən itkilərinin sayını, miqyasını gizlətməyə çalışsa da çox keçmədi ki, yüzlərlə erməni əsgər və zabitinin öldüyünü, yaralandığını etiraf etmək məcburiyyətində qaldı.
Tovuz döyüşlərinin ilk günündə düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu – çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə yüksəldilər.
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam etdi. İşğalçı Ermənistan ordusu rayonun Ağdam və Əlibəyli kəndlərini ağır artilleriyadan, iri çaplı silahlardan atəşə tutdu. Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafazadə qəhrəmancasına şəhid oldular. Təcavüzkar Ermənistanın hücumları nəticəsində Tovuz rayonunun Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizov qətlə yetirildi.
Döyüşlərin intensivliyi zamanı düşmən həm də azərbaycanlıların Vətən, millət naminə həmrəyliyinin, torpaq sevgisinin şahidi oldu. İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” deyən Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına səs verən minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə etdilər. Qeyd edək ki, Azərbaycan gənclərinin bu addımı dünya mətbuatı nümayəndələrinin marağına, hətta təəccübünə səbəb olmuşdu.
Döyüşlər iyulun 15-də səngisə də, iyulun 16-sı səhər saatlarında yenidən başlaydı. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında bildirilirdi ki, iyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan mövqelərinə yenidən hücum cəhdi olub. Nazirliyin məlumatında qeyd olunurdu ki, eyni zamanda Tovuzun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Düşmən tərəfindən səhər saatlarında rayonun Dondar Quşçu kəndinə atılan mərmilər bir neçə həyətyanı sahəyə düşərək, evlərə, şəxsi təsərrüfatlara ciddi ziyan vurmuşdu.
Tovuz döyüşləri iyulun 17-də əsgər və zabitlərimizin şücaəti, igidliyi, peşəkarlığı nəticəsində Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı.
Tovuz döyüşləri Azərbaycanın hərb tarixinə qalibiyyətli döyüşlər kimi daxil olub. Döyüşlər bir daha göstərdi ki, Azərbaycan Ordusunda xidmət edən hər bir peşəkar əsgər və zabit düşmənin istənilən təxribatının, gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almağa qadirdir, hazırdır. Sözügedən döyüşlərdə 100-dən artıq hərbçisini və onlarla hərbi obyektini itirən Ermənistan ordusunun şəxsi heyəti döyüş meydanından qorxaraq qaçırdı. Bu faktı ermənilərin özləri, sosial şəbəkələrdə yayılan onlarla videokadrlar da təsdiqləyirdi. Ermənilər o zaman cəmi bir neçə gün davam edən döyüşlər zamanı verdikləri çoxsaylı itkilərdən dəhşətə gəlmişdilər. Təcavüzkar Ermənistan cəbhədəki ağır, biabırçı məğlubiyyətlərini erməni toplumundan gizlədirdi. Hərbi rəhbərlikdəki şəxslər isə uydurma, yalan məlumatları ilə erməni analarını vəziyyətin nəzarətdə olduğuna inandırmağa çalışırdılar.
Azərbaycanda isə vəziyyət tam fərqli idi. Ordumuz döyüş meydanında düşmənə aman vermirdi. Ermənistan ordusu Azərbaycan igidlərinin qüdrəti, qəhrəmanlığı qarşısında aciz və məzlum idi. Həmin günlərdə bütün Azərbaycan xalqı ayağa qalxmışdı. Düşmən gördü ki, Azərbaycan Silahlı Qüvvələrinin generalları, polkovnikləri öz əsgərləri ilə çiyin-çiyinə döyüşür. Əsgər valideynləri isə fəxr edirdilər ki, oğulları Vətən uğrunda döyüşərək Azərbaycanın ərazi bütövlüyü, suverenliyini qoruyub saxlayıblar, şəhidlərimizin qanını yerdə qoymayıblar. Onların qisasını düşməndən alıblar.

