Cəmiyyət 

Azərbaycan dövləti həmişə qazilərin və şəhid ailələrinin yanındadır

Müzəffər Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərin ailə üzvlərinin, qazilərin və müharibə iştirakçılarının sosial müdafiəsi istiqamətində həyata keçirilən genişmiqyaslı işlər bu gün də davam etdirilir.  Xüsusilə 2022-ci ilin büdcəsində sosialyönümlü xərclərin həcmi 13,5 faiz artırılaraq 13,851 milyard manata çatdırılıb ki, burada da məqsəd şəhid ailələrinin və qazilərin rifah halının daha da yüksəldilməsidir. Həmçinin Birinci Qarabağ müharibəsi zamanı xəsarət alan, lakin sığorta məbləğini almayan hərbi qulluqçulara və onların varislərinə sığorta məbləğinin ödənilməsi üzrə qəbul olunan öhdəliklərin mərhələli şəkildə qarşılanması üçün 2022-ci ilin dövlət büdcəsindən 67 milyon  manat vəsait  ayrılıb. Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən qayğının növbəti ifadəsi olaraq onlara vergi güzəştləri iki dəfə artırılıb.

Vətən Müharibəsi Qəhrəmanlarının sosial müdafiəsi üçün sosial təminat sistemində yeni təqaüd növü kimi 2 min manat məbləğində Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü təsis olunub. Bundan başqa, bu günədək dövlət sosial dəstək paketi çərçivəsində 6 mindən çox şəhid ailəsi üzvlərinin, qazilərin məşğulluğu həll edilib. Eyni zamanda, ölkə başçısı tərəfindən 8 dekabr 2020-ci il tarixində təsis edilən «YAŞAT» Fondu tərəfindən indiyədək 48,49 milyon manatdan çox ödənişlər həyata keçirilib. Ödənişlərin 64,8 faizi müraciət edənlərin məişət şəraitinin yaxşılaşdırılmasına (31,8 milyon manat), 22,7 faizi  tibbi xərclərin ödənilməsinə (11,13 milyon  manat), 11,2 faizi borc öhdəliklərinin qarşılanmasına (5,51 milyon  manat), 1,3 faizi isə təhsil peşə və s. (0,63 milyon  manat) istiqamətlərə yönəlib.

Şəhid ailələri və müharibə əlillərinə bu il ərzində ümumilikdə  3 min mənzil və fərdi evin verilməsi planlaşdırılır. Artıq 1 900 mənzil bu kateqoriyadan olan vətəndaşlara təqdim olunub. İndiyədək isə 11,1 min şəhid ailəsi və müharibə əlilinə mənzillər və fərdi evlər verilib. Dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq 2021-2025-ci illərdə bu kateqoriyadan olan insanlara  daha 11 min mənzil və fərdi evlərin verilməsi nəzərdə tutulur.

Onu da qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra 6 mindən çox qazisinə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda bu işlər davam etdirilir. Həlak olan hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişi, dəfn mərasiminin təşkili üçün 3 min manat maliyyə yardımı, şəhid ailələrinə aylıq 500 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir. Həmçinin şəhid ailəsi üzvlərinin özünüməşğulluq proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur və proqram çərçivəsində kiçik ailə təsərrüfat və müəssisələrini yaratmaları üçün onlara mal və materiallar formasında aktivlər təqdim edilir. Bundan əlavə,  onların müəssisələrdə yüksək maaşlı işlə təminatı həyata keçirilir. Həmçinin bu təbəqədən olan insanların sosial-məişət problemlərinin həlli üçün «YAŞAT» Fondu da yaradılıb. Fond bu günədək  minlərlə şəhid ailəsinə, qaziyə maddi dəstək olub.

Bütün bu rəqəm və faktlara nəzər saldıqda görürük ki, Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək diqqət və qayğıya görə dünyada ən ön sıralardadır. Lakin son zamanlar bəzi qazilərimiz bilərəkdən, bəlkə də bilməyərəkdən dövlətin onlara göstərdiyi ən yüksək diqqət  və qayğını görməzdən gəlirlər. Bəziləri isə daha irəli gedərək dövlət orqanlarını təhdid və şantaj edirlər. Düzdür, müharibədən sonra qazilərimizin psixoloji durumlarında da bir gərginlik  yarandı. Ona görə də onların bu vəziyyətlərindən istifadə edən bəzi qüvvələr hələ də təhrikçi qismində iştirak edirlər. Belə ki, Sabirabadda qazimizin intiharından sonra bəzi siyasi qruplar baş verən hadisələrdən yararlanaraq ənənəvi antimilli  vəzifələrini  «uğurla» icra etməklə məşğuldurlar. Onların anti-Azərbaycan təbliğatının təməlində hakimiyyətə qarşı sivil mübarizənin deyil, dövlətə qarşı savaşın dayandığını  açıq şəkildə görmək olur. Məqsəd Azərbaycan dövlətçiliyini zəiflətmək, Qarabağa qayıdışımızı əngəlləməkdir. O da aydındır ki, artıq belə antimillilərin əməllərinə hüquqi qiymət verilməsinin vaxtıdır.

Əslində intihar edən, əziyyət çəkən hər bir qazi bizim baş tacımızdır. Ancaq intihar İslam dininə görə ən qəbuledilməz haldır. Ona görə də intihara üstünlük verən qazilərimizə maddi və mənəvi dəstəkdən öncə psixoloji dəstək lazımdır ki, onlar gələcəklərinə daha inamla baxsınlar.  Prezident İlham Əliyev də qazilərlə və şəhid ailələri ilə hər görüşündə onları xalqımızın ən dəyərli insanları  adlandırır. Eyni zamanda, ölkəmizin başçısı məmurlara sərt şəkildə göstəriş verir ki, belə həssas insanlara diqqət və qayğı ilə yanaşsınlar. Bütün bunlardan da aydın görünür ki, Azərbaycan dövləti həmişə qazilərin və şəhid ailələrinin yanındadır, onların problemlərinin həllinə ən yüksək səviyyədə diqqət göstərir.

Daha çox xəbərlər