Cəmiyyət 

Torpaq, uğrunda ölən varsa Vətəndir!

Şəhid kapitan Əkbər Pənahovun xatirəsi anılıb

II Fəxri xiyabanda Vətən müharibəsi şəhidi, kapitan Pənahov Əkbər Bəylər oğlunun anım mərasimi keçirilib.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə,  Xalq artisti, şəhid atası Əli Nur, şəhidin ailə üzvləri, döyüş yoldaşları  və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra  şəhidimizin ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.

Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Vətən müharibəsi bizim böyük Zəfərimizlə bitdi: “Əkbər kimi igidlərimizin qəhrəmanlığı sayəsində 30 ildən artıq işğal altında qalan torpaqlarımızı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə, cəsur Azərbaycan əsgərinin şücaətləri nəticəsində düşmən tapdağından azad etdik. Şəhid kapitan Əkbər Pənahov müharibənin ilk günlərindən döyüşlərə qatılmış, düşmən üçün strateji əhəmiyyəti mühüm olan Göyçə- Ağdərə- Xankəndi yolu ilə ermənilərin təchizat yollarının bağlanmasında xüsusi qəhrəmanlıq göstərərək Murov-Kəlbəcər döyüşlərində şəhid olmuşdur. Şəhidlərimiz bizim üçün qürur mənbəyidirlər. Bu gün xalq olaraq biz onların sayəsində alnı açıq, üzü ağ yaşayırıq. 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz Liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu Qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.”

Daha sonra çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə  tarixi Zəfərimizi şərtləndirən amillərdə Vətən oğullarının göstərdikləri qəhrəmanlıqlardan geniş bəhs edib.  Bildirib ki, Azərbaycan xalqı  bu şanlı Qələbə ilə məğrurluğunu, yenilməzliyini bir daha dünyaya bəyan etdi: “Şəhidlər Azərbaycan xalqının qəhrəmanlıq simvollarıdır. Torpağı qorumaq hər bir azərbaycanlının ən ümdə amalıdır. Bu amal uğrunda canlarını fəda edən şəhidlərimizin yalnız doğum tarixləri var, ölüm tarixləri yoxdur. Xalqımız bu Zəfəri bizə yaşadan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdardır. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.”

Şəhid Rövşən Nuruzadənin atası, Xalq artisti Əli Nur çıxış edərək bildirib ki, bütün yüksəkliklərdən ucada dayanan bir zirvə varsa  bu,  şəhidlik zirvəsidir: “Buraya yüksəlmək hər kəsə nəsib ola bilməz. Yalnız müqəddəs amallar uğrunda çarpışan, Vətən, xalq yolunda canını fəda etməkdən çəkinməyən qorxmaz, cəsarətli, ləyaqətli insanlar bu zirvəyə ucala bilərlər. Xalqımız şəhidlərimizin hər biri ilə qürur duyur.  Allahdan onlara rəhmət diləyir, qazilərimizə isə şəfa arzulayıram.”

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra tədbir iştirakçıları şəhid kapitan Əkbər Pənahovun yaşadığı mənzilin qarşısında yeni salınan parkın və şəhidin adına vurulan lövhənin açılışında iştirak ediblər.

Daha çox xəbərlər