Gündəm 

Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərib

Türkdilli ölkələr arasında əlaqələr hər keçən gün inkişaf etməkdədir. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Bu mənada bu kateqoriyadan olan ölkələr arasındakı əlaqələrin əhatə dairəsi çoxşaxəlidir. Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə giriş nitqində də məhz xüsusi olaraq vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərib və həm təşkilat çərçivəsində, həm üzv ölkələr arasında təmaslar genişlənir: “Bu il mənim Türkiyə Prezidenti ilə üç görüşüm olub. Bu ilin aprel ayında Qırğızıstan Prezidenti Azərbaycana səfər etmişdir və görüş keçirilmişdir. Eyni zamanda, iyun ayında mənim Özbəkistana və Türkmənistana səfərlərim olub, Özbəkistan və Türkmənistanın dövlət başçıları ilə, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə görüşlərim olub. Gələn ay Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir. Yəni bu, sadəcə olaraq, görünən məsələlərdir və onlar göstərir ki, bu təmaslar nə qədər fəal inkişaf edir, fəal surətdə inkişaf edir. Əlbəttə, türk dövlətləri ilə əlaqələrimiz bizim üçün prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır – həm ikitərəfli, həm çox tərəfli formatda. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır”.

Azərbaycanın quruma üzv olan ölkələrlə tərəfdaşlığı digər sferalarda olduğu kimi, iqtisadi-ticarət sahəsində də genişlənir. Bununla belə son dövrlərdə nəqliyyat-tranzit, investisiya, rəqəmsallaşma və s. sahələrdə də əməkdaşlığın gücləndirilməsi təşəbbüsləri artmaqdadır. Bu baxımdan, Türk İnvestisiya Fondunun, Türk Ticarət Evinin yaradılması, ticarət prosedurlarının asanlaşdırılması, rəqəmsal ticarət, ölkələrimizin azad iqtisadi və sənaye zonaları arasında əməkdaşlıq platformasının formalaşdırılması iqtisadi əlaqələrin genişləndirilməsində önəmli təşəbbüslərdir.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Daha çox xəbərlər