Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır
15 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Prezident İlham Əliyev giriş nitqində qeyd edib ki, ilin 6 ayı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Beynəlxalq arenada oynadığımız rol, ehtiyac içərisində olan ölkələr üçün, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz humanitar və maliyyə dəstəyi bizim beynəlxalq nüfuzumuzu böyük dərəcədə artırmışdır. Biz Qarabağı və Zəngəzuru yenidən qururuq və bütün bu işləri öz hesabımıza edirik. 1 il 8 ay əzrində hələ bir dənə də kömək görməmişik. Şəhərləri və kəndləri qururuq, binalar tikirik. Bununla paralel olaraq sosial məsələləri həll edirik və edəcəyik. Çünki bu bizim mənəvi borcumuz və sosial siyasətimizdir.
Əlbəttə ki, bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır. Prezident çıxışında qeyd edib ki, çox böyük ehtimalla dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq və biz də buna hazır olmalıyıq. Azərbaycanda iqtisadi inkişaf, social məsələlərin həlli, ordu quruculuğu, Qarabağın bərpası, nəhəng infrastruktur layihələri, nəqliyyat, energetika layihələri, sabitlik, əmin-amanlıq – bunu hərkəs necə deyərlər, real bir fakt kimi qəbul edir və bu çox yaxşıdır. Bütün bunları pandemiyadan təzə çıxmış ölkə əldə edir. Əfsuslar olsun, Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb ki, bəzi ölkələrdə yenə maska rejiminə keçmək lazımdır. Biz əlbəttə ki, bu tendensiyaları izləyirik və pandemiyanın ən ağır dönəmində də qapanmaya getmişdik. Biz COVID dövründə milyardlarla vəsait ayırmışıq. İqtisadi sahədə 6 ay ərzində görülmüş işlər aparılan islahatların nəticəsidir və ilin sonuna qədər də nəzərdə tutulmuş bütün planlar reallaşacaq.
Prezident İlham Əliyev yekun nitqində söyləyib ki, gələn il görüləcək işlər əminəm ölkəmizi daha da gücləndirəcək. Biz verdiyimiz bütün vədlərə həmişə əməl etmişik. Azərbaycan xalqına bütün sahələrdə, o cümlədən iqtisadi və sosial sahələrdə nə vəd vermişiksə, onu yerinə yetirmişik. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq.
Həmidə Ələfsərova,
Kimya-biologiya təmayüllü respublika liseyinin həkim-pediatrı

