Gündəm 

Şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsi prioritet vəzifələrdəndir

Azərbaycan dövləti müharibə vaxtı və müharibədən sonra da veteranlar, müharibə əlilləri və şəhid ailələri üçün yüksək səviyyədə hər sahədə xidmət göstərir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illərdə müasir tələblərə uyğun qurularaq istifadəyə verilən reabilitasiya mərkəzləri şəbəkəsi Vətən müharibəsində yaralanmış müharibə əlillərinin bərpa-müalicəsi və sosial-psixoloji xidmətlərlə təminatında xüsusi önəm kəsb edir. Ən son texnologiyalarla təchiz edilmiş 12 reabilitasiya mərkəzləri və sosial xidmət müəssisəsi yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən keçən il ərzində 2958 əlilliyi olan şəxsə 13084 reabilitasiya vasitəsi verilib. Müharibə veteranları 262 ədəd aşağı ətraf protezi, 41 ədəd yuxarı ətraf protezi, 426 ortez, 3830 hərəkət dayaq vasitələri,1354 cüt protez ayaqqabı ilə təmin ediliblər. Onların həmçinin 1372 ortopedik ayaqqabı, 444 ədəd eşitmə aparatla və s. təminatı həyata keçirilib.

Son 3 ayda 543 əlilliyi olan şəxsə təkərli oturacaq verilib ki, onlardan bir qismi mühərrikli təkərli oturacaqlar. Ümumilikdə bu proqram üzrə 270  nəfər müharibə əlili yüksək texnologiyalı 290 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib. Dövlətimizin dəstəyi və diqqəti hər zaman müharibə əlillərinin üzərindədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının özünüməşğulluq proqramı çərçivəsində də müvafiq dəstəklə təminatı işləri davam edir. Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra edilən özünüməşğulluq proqramı çərçivəsində bu ilin əvvəlindən daha 300-ə yaxın şəhid ailəsi və qaziyə mal və materiallar formasında aktivlər təqdim edilib. Verilmiş aktivlər hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar. Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri uğurla başa vuran şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.

Bir sözlə, bütün bunlar bir daha onu göstərir ki, şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsi prioritet vəzifələrdəndir.

Şəbnəm İsmayılova, 
YAP-ın gənc fəalı

Daha çox xəbərlər