Azərbaycan diplomatik uğurları ilə də seçilən ölkədir
Qazaxıstanın, Türkmənistanın, İran İslam Respublikasının, Rusiyanın iştirakı ilə təşkil olunmuş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında regional əməkdaşlığın möhkəmlənməsi, bölgədə sabitliyin təminatı ilə bağlı çıxışı da maraq doğurmuşdur. Əməkdaşlıq etdiyi ölkələrin maraqlarını milli mənafelərimizi qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirən, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı Birliyi dövlətləri ilə münasibətlərini tərəfdaşlıq səviyyəsində təkmilləşdirən Azərbaycanın diplomatiyada qazandığı uğurlar Prezident İlham Əliyevin dünyada möhkəmlənən şəxsi nüfuzunun, siyasi qətiyyət və hazırlığının nəticəsidir. Cənubi Qafqazda siyasi, hərbi, iqtisadi qüdrəti ilə liderliyini qoruyan Azərbaycan bölgədə sabitliyin təminatına yönələn təşəbbüslərin müəllifi və iştirakçısıdır. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdəki açıqlamaları, platformalardakı çıxışları dəstəklənirsə, bu etimad diplomatik uğurlarımızın təntənəsidir.
Amerika Birləşmiş Ştatları ilə münasibətlərin tərəfdaşlıq səviyyəsində inkişafı, ABŞ Prezidenti Co Baydenin xalqımızın milli bayramlarında, o cümlədən Müstəqillik Günü və Bakı Enerji Həftəsi ilə bağlı dövlət başçımız İlham Əliyevə göndərdiyi təbrik məktubları, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının əməkdaşlığın 30 illik yubileyinin əlamətdar hadisə kimi qeyd olunması ABŞ-ın Cənubi Qafqazdakı siyasətində Azərbaycan amilinin xüsusi yer tutmasının, ölkəmizə artan marağın ifadəsidir. ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktublarda Birləşmiş Ştatların yaxın, orta və uzaq perspektivə hesablanmış siyasi taktika və strategiyasında Azərbaycan strateji tərəfdaş kimi qeyd olunur. Amerikalı həmkarının Avropa və dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın roluna verdiyi yüksək qiymət Prezident İlham Əliyevin enerji mənbələrini şaxələndirmək siyasətinin Qərbdə ardıcıl izlənildiyinin etirafıdır. Cənub Qaz Dəhlizi, Türkmənistanla Böyük Qaz yatağı barədə müqavilənin imzalanması, Prezident İlham Əliyevin dünyanın enerji təhlükəsizliyinə yönəlik tutarlı addımları Qərbin diqqət göstərdiyi layihələrdir.
Paytaxtımızda keçirilən Bakı Enerji Həftəsi münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevi təbrik edən ABŞ Prezidenti Cozef Baydenin məktubunda qeyd olunan «Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Enerji sənayesində yaranan tələbatla bağlı müzakirələrin aparıldığı Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərinin, Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumunun keçirilməsi o deməkdir ki, Azərbaycanın təşəbbüsü kimi maraq doğuran « yaşıl enerji» layihələri bütün dünya ölkələri tərəfindən maraqla izlənilir. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir» sözlərindən aydın olur ki, respublikamız regional və qlobal enerji bazarlarının sabitləşləşməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malik ölkədir. ABŞ Prezidenti Cozef Baydenin imzaladığı müvafiq qərarla 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə Amerika Konqresi tərəfindən «Azadlığı Müdafiə Aktı»na «907-ci düzəliş» qadağasının növbəti dəfə aradan qaldırılması rəsmi Vaşinqtonun ölkəmizə etimadı, səmimi dostluq münasibətlərinin təsdiqidir.
«Qlobal dünya nizamına təhdidlər» mövzusunda keçirilən IX Qlobal Bakı Forumunda dünyada qlobal təhlükəsizlik üçün narahatlıq yaradan münaqişələr, terror aktları, ərzaq qıtlığı, pandemiyadan sonra baş verən iqtisadi böhrandan çıxış yolları, sayı artan miqrantların qayğısı, Ukrayna hadisələri ilə bağlı müzakirələrin aparılması, paytaxtımızda «TEXNOFEST Azərbaycan » festivalının keçirilməsi təsdiqlədi ki, illərdən bəri sivilizasiyalararası körpü kimi ölkələrarası əməkdaşlığın möhkəmlənməsinə töhfələr verən, multikultural dəyərlərin təbliğində nümunə göstərilən Azərbaycan tolerant ölkə kimi də müxtəlif millətlərin birgə yaşadığı nadir ölkələrdəndir. Beynəlxalq əhəmiyyətli tədbirlərdən olan 120 ölkənin təmsil olunduğu , Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısının Bakıda keçirilməsi beynəlxalq aləmdə böyük maraq doğurması respublikamıza etimadın təcəssümüdür.
Adları çəkilən beynəlxalq əhəmiyyətli tədbirlər barədə bu günlərdə keçirilən cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bəhs edən Prezident İlham Əliyevin vurğuladığı kimi, müvafiq dövrdə respublikamızda keçirilən beynəlxalq tədbirlər xarici siyasətimizin mənzərəsi olmaqla ölkəmizin nüfuzunu da artırıb. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyinin 2023-cü ilə qədər uzadılması ilə bağlı quruma daxil olan dövlətlərin yekdil rəyi o deməkdir ki, dünyanın 120 ölkəsi arasında böyük nüfuz qazanmış ölkəmizə inam və etimad daha da artmışdır. «Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır. Bu, bizim təşəbbüsümüz idi və bu təşəbbüs artıq özünü real həyatda göstərir. Eyni zamanda, Gənclər Platforması da yaradılır. Gənclər forumu keçiriləcək və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradılacaqdır» sözləri ilə
ölkəmizin humanitar sahədəki təşəbbüslərinin dəstəklənməsinin təsdiqi Azərbaycanın COVID- 19-la bağlı 80-dən çox ölkəyə göstərdiyi dəstək, «vaksin millətçiliyi» əleyhinə səsləndirdiyi çağırışdır.
Beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verən Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə möhkəmlənən əlaqələrinin nümunəsi qurumun yeni Baş katibinin bu günlərdə Azərbaycana etdiyi səfər, qarşıdakı illər üçün nəzərdə tutulan hədəflərlə bağlı geniş müzakirələrin aparılmasıdır.
Müşavirədə Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlığın yeni keyfiyyət üzrə inkişaf etdirilməsi ilə bağlı prioritetlərdən bəhs edən Prezident İlham Əliyevin bildirdiyi kimi yeni saziş üzərində birgə fəaliyyət daha geniş mənada iş birliyinin məntiqi nəticəsi olacaq: «Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirəm ki, yaxın gələcəkdə bütün məsələlər razılaşdırılacaq. Avropa İttifaqı Şurasının Prezidenti ilə mənim bir neçə görüşüm olub, həm də telefon danışıqlarımız olub və əlbəttə ki, əsas mövzu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasıdır. Ancaq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd – enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır.»
Xarici siyasətində əsas amil olan Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq çərçivəsində hər zaman fəallıq göstərən Azərbaycanın təşkilat çərçivəsində, həm də üzv ölkələrlə təmasları genişlənir. «Bu il mənim Türkiyə Prezidenti ilə üç görüşüm olub. Bu ilin aprel ayında Qırğızıstan Prezidenti Azərbaycana səfər etmişdir və görüş keçirilmişdir. Eyni zamanda, iyun ayında mənim Özbəkistana və Türkmənistana səfərlərim olub, Özbəkistan və Türkmənistanın dövlət başçıları ilə, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə görüşlərim olub. Gələn ay Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir. Yəni bu, sadəcə olaraq, görünən məsələlərdir və onlar göstərir ki, bu təmaslar nə qədər fəal inkişaf edir, fəal surətdə inkişaf edir. Əlbəttə, türk dövlətləri ilə əlaqələrimiz bizim üçün prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır – həm ikitərəfli, həm çox tərəfli formatda. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır» sözləri türk birliyinin sarsılmazlıq rəmzinin ifadəsidir.
«Həmişə sözümüzdə dururuq, həmişə verilən sözə sadiqik. Əlbəttə, bu beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada apardığımız siyasət bizə imkan verir ki, daxili problemləri daha böyük uğurla həll edək. Çünki hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır – ilk növbədə, qonşuluqda, digər tərəfdən də dünyada. Bu gün, sadəcə olaraq, altı ayın nəticələri onu göstərir ki, biz buna nail ola bilmişik» sözləri ilə ölkəmizin artıq oturuşmuş və dərin məzmunlu əməkdaşlıq formatına malik olduğunu bildirən Prezident İlham Əliyevin vurğuladığ kimi, Azərbaycan beynəlxalq aləmdə aparıcı güc mərkəzi olmaqla diplomatik uğurları ilə seçilən, dünyanın enerji təhlükəsizliyinin təminatında böyük nüfuza malik ölkədir.

