Böyük Qayıdışın ilk addımı atılır
Ağalı kəndi sakinlırini qarşılayır
Otuz ilə yaxın müddətdə erməni qəsbkarlarının işğalında qalan doğma torpaqlarımızın 44 günlük Vətən müharibəsi nəticəsində şanlı Qələbə ilə əsl sahiblərinə qaytarılması Azərbaycan tarixinin ən şərəfli, qürurverici hadisələrindən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu misli görülməmiş döyüş taktikası nümayiş etdirərək dünya hərb tarixinə adını qızıl hərflərlə yazdırmağı bacardı. Müharibə başa çatdıqdan sonra qarşıda dayanan əsas vəzifə isə illərlə erməni tapdağında qalaraq viran qoyulan doğma torpaqlarımızın əvvəlki cah-cəlalını özünə qaytarmaq, Qarabağı dirçəltmək idi.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri ilə hər bir Azərbaycan vətəndaşı qürur duyur. Hazırda ölkəmizin siyasi və iqtisadi potensialı işğaldan azad edilmiş ərazilərin tam dirçəlişinə hədəflənmişdir. İşlər qurumlararası dəqiq koordinasiya ilə həyata keçirilir. Bölgənin ümumi planının hazırlanması yekun mərhələdədir. Artıq Şuşa, Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin Baş planları təqdim olunub, digər şəhərlərdə də bu iş sürətlə davam etdirilir. Dövlətimizin başçısının iştirakı ilə Şuşa, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının ərazilərində salınacaq yaşayış binalarının təməli qoyulub. Ərazilərin çoxsahəli potensialına uyğun olaraq, bölgədə iqtisadi fəaliyyətin tezliklə bərpası diqqət mərkəzindədir. Konkret olaraq sənaye zonalarının, istehsal sahələrinin yaradılması və fəaliyyətinin təşkili, həmçinin bölgəyə investisiyaların cəlb edilməsi istiqamətində addımlar atılıb.
Böyük Qayıdış çərçivəsində həyata keçirilən tədbirlər fasiləsiz minatəmizləmə fəaliyyəti ilə müşayiət olunur. Çox tezliklə bu torpaqlarda zərrə qədər də erməni faşizminin izi qalmayacaq. Beləcə, dövlət rəhbərimizin dediyi kimi, döyüş meydanlarında əldə etdiyimiz tarixi Zəfər sülh və quruculuq qələbəsi ilə davam edir.
Yolların çəkilişi, aeroportların tikintisi, kənd və şəhərlərin bərpası, yeni və müasir texnologiyaların, innovasiyaların tətbiqi, “ağıllı” şəhərlərin və kəndlərin salınması, kənd təsərrüfatının qurulması onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin yeni siması heyrətamiz olacaq.
Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri deyəndə ağıla gələn ən böyük layihələrdən biri də məhz “ağıllı kənd”lərdir. İlk nümunəsi Zəngilan rayonunun Üçüncü Ağalı kəndində “ağıllı kənd” layihəsinin icrası əsasən 5 komponent üzrə aparıldı. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Layihənin birinci mərhələsi üzrə açılış mərasimi Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 28 May – Azərbaycanın Müstəqillik Günündə keçirildi.
Qeyd edək ki, Zəngilan rayonunun Ağalı kəndi ərazisində inşa edilən “Ağıllı kənd”də 200 fərdi ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird üçün nəzərdə tutulan məktəb və 60 yerlik uşaq bağçasının tikintisi başa çatıb. Kənddə içməli su təminatı həll edilib, park meydanı inşa olunub, burada fəvvarələr, piyada və velosiped yolları qurulub. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin edilib. “Ağıllı kənd təsərrüfatı”nda isə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları dronlar vasitəsilə idarə etmək və nəzarətdə saxlamaq mümkün olacaq. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini və satışı müasir tələblərə uyğun qurmağa imkan verəcək. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər də bu konsepsiyanın əsas komponentləri sırasındadır.
Erməni işğalından azad olunmuş digər ərazilərimizdə də “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Mütəxəssislər əmindirlər ki, “ağıllı kənd” texnologiyalarının tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına da şərait yaradacaq və Qarabağ regionunun həm də texnoloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyini də artıracaq.
Hazırda sürətli texniki tərəqqi insanın həyat fəaliyyətinin bütün sahələrində özünü fəal şəkildə göstərir. Xüsusilə də meqapolislərdə müşahidə olunan temp şəhər sakinlərinin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün xüsusi tələbləri diktə edir. Belə ki, dünya urbanizasiyası şəhərlərin inkişaf tempini artırır və buna uyğun olaraq da yeni texnologiyaların inkişafına təkan verir. Artıq indidən proqnozlaşdırmaq olar ki, yaxın gələcəkdə “ağıllı şəhər” və “ağıllı kənd” fenomen kimi hər yerdə özünü göstərəcək. Buna görədir ki, dünyada “ağıllı kənd” layihəsi sürətlə populyarlıq qazanır, bir sıra ölkələrdə belə layihələr artıq reallığa da çevrilmişdir.
Bu gündən etibarən isə Böyük Qayıdışın ilk addımları atılır. Zəgilanın Ağalı kəndi öz sakinlərini qarşılayır. Bu, hər bir azərbaycanlı üçün çox böyük qürur, fəxarət, eyni zamanda, kövrək anlardır. İllər sonra azərbaycanlılar qəddarcasına, əliyalın çıxarıldıqları torpaqlarına indi alnı açıq, üzü ağ, məğrur bir şəkildə geri qayıdaraq məskunlaşmağa başlayırlar.
Onu da qeyd edək ki, köçürmə prosesi 4 mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb.

