Gündəm 

Əgər işğalçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə…

İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin altı ayının yekunlarına həsr edilən müşavirədə ölkə ictimaiyyətinin və siyasi dairələrin diqqətini daha çox çəkən məsələlərdən biri 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsini və Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən 2020-ci il 10 noyabr Bəyanatının müddəalarının yerinə yetirilməməsi ilə bağlı mövcud vəziyyətin təhlili olub. Məsələ burasındadır ki, humanist yanaşma nümayiş etdirən Azərbaycan münasibətlərin normallaşması üçün göstərdiyi səylərə İrəvanın mövqeyi heç də adekvat deyil. Həmin tarixdən 1 il 8 ay keçməsinə baxmayaraq, bölgədəki sülh üçün təhdid olan Ermənistan yenə də boynuna götürdüyü öhdəlikləri yerinə  yetirməkdən yayınaraq ancaq təxribatlar törətməklə məşğuldur.

Bu öhdəliklərdən biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması prosesidir. Göründüyü kimi, bu günə qədər bu məsələ öz həllini tapmayıb. Azərbaycan tərəfi dəfələrlə məsələ qaldırsa da Ermənistan prosesi uzadır. Prezident İlham Əliyev müşavirədə bəyan etdi ki, Azərbaycan məsələni eyni zamanda Rusiyanın hərbi rəhbərliyi qarşısında da qaldırıb və bu vəziyyətlə barışmaq fikrində deyil: “Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz  qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də  işimizi  bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”.

İşğalçı ölkə Zəngəzur dəhlizinin açılması istiqamətində də heç bir iş görmür. Bununla da Ermənistan 10 noyabr Bəyanatında Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi də yerinə yetirməmiş olur. Hansı ki, imzalanan sənədə əsasən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi qurulmalı idi və Ermənistan buna boyun əymişdi, bu öhdəliyi öz üzərinə götürmüşdü. Ancaq bu günə qədər Azərbaycana bu imkan verilməyib.

Hətta bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması yoxdur. Hələ bu işə başlanılmayıb. Avtomobil yolunun marşrutu Azərbaycana verilməyib. Bir il səkkiz ay keçməsinə baxmayaraq, Ermənistana bu öhdəliyi yerinə yetirməməsi ilə bağlı təzyiq göstərən də yoxdur. Azərbaycan və Ermənistan rəhbərlərinin Brüssel görüşlərində Prezident İlham Əliyev bu məsələni 3 dəfə gündəmə gətirib. Orada razılıq bildirilsə də bu günə qədər Azərbaycana marşrut verilməyib. Prezident İlham Əliyev deyib: “Orada cəmi 40 kilometr məsafədir. Bunun bir çox marşrutları ola bilməz. Özü də aydın məsələdir ki, orada bütün mövsümlərdə və günün 24 saatında istifadə edilə biləcək yolların marşrutları da o qədər də çox deyil. Deməli, bu marşrutun bizə verilməməsi, bu istiqamətdə işlərin aparılmaması, texniki-iqtisadi əsaslandırmanın hazırlanmamasının bir  səbəbi var – Ermənistan bu öhdəliyi də yerinə yetirmək istəmir, ancaq bunu etiraf etmir”.

Prezident İlham Əliyev bir neçə dəfə işğlaçı ölkənin rəhbərliyinə və revanşist qüvvələrə səslənərək bölgədə təhlükəsizliyin təminatı olan sülh müqaviləsinin imzalanmasının Ermənistana gətirəcəyi iqtisadi və siyasi dividendləri də açıqlayıb. Lakin son vaxtlarda məğlub ölkənin davranışı, “status” və ya “Dağlıq Qarabağ” münaqişəsi kimi ifadələrin işlədilməsi göstərir ki, mənasız xəyallar girdabında çabalayan Ermənistan çox yaxın keçmişdə baş verənlərdən hələ tam nəticə çıxara bilməyib. Dövlətimizin başçısı bir daha Ermənistanın bu cür davranışlarının onlar üçün heç də yaxşı görünmədiyini vurğulamaqla işğalçı ölkəyə bir daha ciddi xəbərdarlıq edərək üzərinə götürdüyü  öhdəlikləri yerinə yetirməyə çağırıb. Əks təqdirdə “Dəmir yumruq” un zərbəsi daha ağır olacağ.

Daha çox xəbərlər