Gündəm 

Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşdır

İyulun 18-də Azərbaycanla Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən imza atılıb.  Hazırda Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin  yüksələn xətlə inkişafı keçilən yola bir daha nəzər salmağı bir tələb kimi qarşıya qoyur. Bu memorandum əsasında Azərbaycan və Avropa İttifaqı arasında planlaşdırılmış bütün məsələlərin icra olunacağının şahidi olacağıq. Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr daha da inkişaf edəcək. Azərbaycanın Avropanın qaz təchizatında əhəmiyyətinin artması ölkəmizin iqtisadi gəlirlərinin, maliyyə imkanlarının artmasına səbəb olacaq. İmzalanan memorandum Azərbaycana iqtisadi dividentlərlə yanaşı, həm də siyasi nüfuz qazandıracaq və Bakını Qərb dövlətləri üçün daha əhəmiyyətli edəcək. Azərbaycan  hazırda  Avropanın qaz təchizatında mühüm rola malikdir.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada münasibətlər qurur. Çünki Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırılan bütün məsələlərin həllinə nail olacağına heç bir şübhə yoxdur. Bizim daha əvvəl planlaşdırdıqlarımızın hamısını həyata keçirdiyimizi nəzərə alsaq, əminəm ki, biz böyük uğur görəcəyik. Bizim bu gün müzakirə etdiyimiz digər məsələlər arasında kommunikasiya, əlaqə də var idi. Azərbaycanın coğrafi mövqeyini və modern nəqliyyat infrastrukturunu nəzərə alsaq, bizim potensialımızın əlaqələndirilməsi istiqamətində daha fəal işləməyimizə ehtiyac var. Çünki burada, Xəzərin qərb sahilində Azərbaycan Xəzərdə ən böyük ticarət donanmasına, modern infrastruktura, gəmiqayırma zavoduna, yeni dəniz limanına və bizi bütün qonşularımızla əlaqələndirən dəmir yoluna malikdir. Planlaşdırılan  bütün məsələlər  icra olunub, bundan sonra da böyük uğurlara imza atacağıq. Azərbaycanın böyük layihələrinin Avropanın enerji xəritəsini tamamilə dəyişdiyini bildirən dövlətimizin başçısı enerji təhlükəsizliyi məsələlərinin hazırda heç vaxt olmadığı qədər mühüm önəm daşıdığını qeyd etdi. Azərbaycan Prezidenti imzalanan Memorandumu gələcək üçün mühüm yol xəritəsi hesab etməklə planlaşdırılan bütün məsələlərin bundan sonra da uğurla icra olunmasına əminliyini bildirdi.

Avropa Komissiyasının Prezidenti  Ursula Fon der Lyayen isə  bəyanatında bildirmişdir ki,  Azərbaycan həqiqətən  bizim üçün mühüm enerji tərəfdaşıdır.  İmzalanan  Anlaşma Memorandumu  enerji tərəfdaşlığımızı daha da gücləndirir.  Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malikdir. İmzalanan sənəd vasitəsilə  həmin sahədə əməkdaşlığın möhkəm təməli qoyulur.Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen yeni ikitərəfli saziş üzərində ölkəmizlə çalışıdığını qeyd edərək, məqsədlərinin iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlıq əlaqələrinin genişləndirməkdən ibarət olduğunu söylədi.Azərbaycan Prezidentinin anonsunu verdiyi yeni saziş məhz bu sahəni ehtiva edir.

Dünya gücləri Azərbaycanın İlham Əliyevin rəhbərliyi altında Cənubi Qafqazın ən böyük gücünə, Bakının Avropanın əsas enerji təchizatçılarından birinə çevrildiyini qəbul edir.Ölkəmizin həyata keçirilən bütün layihələrdə son dərəcə şəffaf şəkildə öhdəliklərini yerinə yetirməsi, etibarlı tərəfdaş imicini qoruması yeni əməkdaşlıq üçün geniş zəmin yaratmaqda davam edir. Bu gün ölkəmiz öz maraqlarını birmənalı şəkildə həyata keçirmək qüdrətində olmaqla bərabər dost dövlətlərə də himayədarlıq etmək qüdrətindədir. Belə bir qüdrətin mənbəyi isə heç şübhəsiz ki, düzgün və dəqiq xarici kurs yürüdən Azərbaycan Prezidentinin nüfuzudur.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının fəalı

Daha çox xəbərlər