Region Xəbərləri 

Subsidiyaların verilməsi heyvan sahiblərinin süni mayalama tədbirlərinə marağını artırıb

Bu ilin birinci yarısında Şəki rayonunda 4184 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Müddət ərzində təsərrüfatlarda süni mayalanma yolu ilə 1669 baş buzov və balaq doğulub. Altı ayda Şəki rayonu üzrə 1250 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 1382 baş cinsi yaxşılaşdırılmış buzova görə 138 min 200 manat subsidiya hesablanıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.

Qurumun rəsmisi bildirib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. Bu günədək rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən dövlətin güzəştlı şərtləri ilə satılan 429 baş damazlıq düyə alınıb. Bununla yanaşı, son vaxtlar şəkili fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni yolla mayalanma tədbirlərinə də üstünlük verirlər. Məhz bu səbəbdən rayonda süni yolla mayalandırılan heyvanların sayı ilbəil artır.

Sektor müdiri diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, ötən müddət ərzində Şəki rayonu üzrə 11 min 739 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 13 min 947 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə 1 milyon 394 min 700 manat subsidiya ödənilib.

N.Rəcəbovun sözlərinə görə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına da müsbət təsir göstərib. Belə ki, 6 ayda Şəki rayonunda ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz, süd istehsalı isə 1,6 faiz artıb.

Daha çox xəbərlər