Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın artan rolu
Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ölkəmizin həyata keçirdiyi enerji layihələri, beynəlxalq inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları regionda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində də fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə dəyərli töhfələr verir. Azərbaycanın yürütdüyü xarici siyasət, əməkdaşlıq etdiyi ölkələrlə, beynəlxalq təşkilatlatlarla, xarici şirkətlərlə bağladığı müqavilələrdə üzərinə düşən öhdəlikləri yerinə yetirməsi, iştirak etdiyi beynəlxalq layihə və müqavilələr çərçivəsində məsuliyyətlərinə tam əməl edərək etibar qazanması beynəlxalq aləmdə ölkəmizin müsbət imicini formalaşdırır. Son illər ölkəmizin ev sahibliyi etdiyi, eləcə də dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyətli beynəlxalq tədbirlər də Azərbaycanın dünyada nüfuzunun yüksəlməsinin əyani göstəricisidir.
Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycanın strateji mövqeyinin əsas prioritetlərindən birini Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq qurmaq, Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri daha da inkişaf etdirmək tutur. 1993-cü ildə bu mötəbər qurumla əsası qoyulmuş diplomatik münasibətlər son illərdə daha da inkişaf etdirilmiş, əlaqələr getdikcə möhkəmləndirilmişdir. Xüsusilə, son dövrdə Avropa enerji bazarında baş verən hadisələr Azərbaycanı Avropa üçün strateji tərəfdaş mövqeyinə gətirmiş, Avropa dövlətlərinin Azərbaycanın enerji layihələrini dəstəkləməyə, bu layihələrdən yararlanmağa zəmin yaratmışdır. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin bir neçə gün öncə ölkəmizə səfəri Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafına, möhkəmlənməsinə verilən yeni töhfədir. Səfər çərçivəsində imzalanan Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu isə enerji sahəsindəki əməkdaşlığımızı daha da gücləndirməklə Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın əvəzedilməz rolunu qətiyyətlə vurğulayır. Azərbaycan həm neft və qaz təchizatı sahəsində, həm də Brüsselin yaşıl energetikaya keçid səyləri sahəsində etibarlı və mühüm tərəfdaşdır. İmzalanan sənədə əsasən Avropa İttifaqına Azərbaycandan təchiz edilən qazın həcmi ikiqat artırılacaq və növbəti bir neçə il ərzində ildə 20 milyard kubmetrə qədər çatdırılacaq. Digər bir tərəfdən, ölkəmizin son dövrlərdə alternativ enerjiyə göstərdiyi diqqət də Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Məlumdur ki, neft, qaz kimi ənənəvi enerji növləri tükənən sərvətlərdir. Onların yerinə günəş, külək, hidrogen, yaşıl hidrogen, elektrik enerjisi kimi bərpaolunan enerjinin istehsalı daha məqsədə uyğundur. Əslində, gələcək məhz bərpa olunan enerji növlərindədir desək bəlkə də daha doğru olar. Beləliklə, ölkəmizin də bu məsələyə xüsusi diqqət və maraq göstərməsi əbəs deyil. Ölkə başçımızın da dediyi kimi, biz burada bir addım geri olmamalıyıq, əksinə, qabağa getməliyik və bunun üçün bütün imkanlar var. Bəli, Azərbaycanın Xəzər dənizində, Qarabağda, Şərqi Zəngəzurda təsdiq olunmuş minlərlə meqavat gücündə elektrik enerjisi var və bunlardan istifadə dövrün aktual tələbidir. Beləliklə, çox da uzaq olmayan gələcəkdə Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcəkdir.
Azərbaycan-Aİ münasibətlərinə başqa bir kontekstdən daha yanaşmaq istərdim. Belə ki, Azərbaycanla Qərbin bir parçası olan Avropa İttifaqı arasında imzalanan sənəd siyasi-təhlükəsizlik baxımından da Bakı üçün sığortaedici qoruyucu rolunu oynayır. Məlumdur ki, son dövrlərdə Aİ Cənubi Qafqazda öz rolunu artırmağa çalışır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən 3 görüş də məhz bunun təzahürüdür. Deməli, Azərbaycanın Aİ ilə dərinləşən əlaqələri bu mənada da bizim üçün vacibdir. Beləliklə, son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir.
Loğman Müslümov,
Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini


