İntihar hallarından şou düzəltmək yolverilməzdir
Bu və bu qəbildən olan digər təzahürlərlə bağlı materialları işıqlandırarkən media ictimaiyyət qarşısındakı məsuliyyətinə diqqətlə yanaşmalıdır
Son zamanlar bir sıra media subyektləri tərəfindən intihar halları ilə bağlı xəbərlərin geniş tirajlanması, xüsusən də yetkinlik yaşına çatmayan şəxslərin özünə qəsd etməsi ilə əlaqədar mövzuları izləyərkən jurnalist peşəkarlığı baxımından yol verilən qüsurlar cəmiyyətdə narahatlıq yaratmaqla, haqlı olaraq ictimai narazılığa səbəb olur.
Əvvəlcə onu qeyd edək ki, dinimizlə qadağan edilən, böyük günahlardan sayılan intihar əməli milli-mənəvi dəyərlərimizə ziddir. İntihar qəsdən özünün ölümünə səbəb olan hərəkətdir. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğu kimi ruhi nasazlıqlar da aiddir. Çağdaş dünyamızda psixoloji problemlərin artım dinamikasına və intihar statistikasına baxsaq görərik ki, bu mənfi tendensiyalar əsasən sosial cəhətdən daha irəliləmiş cəmiyyətlərdə müşahidə olunur. Qurani Kərimin “Nisa” surəsinin 29-cu ayəsi intihar mövzusundadır: “Ey iman gətirənlər! Bir-birinizin razılığı ilə alış-verişdən başqa bir-birinizin malını haqsız yerə yeməyin və özünüzü öldürməyin. Həqiqətən Allah həmişə sizinlə mehribandır”. Hədislərdən birində isə deyilir ki, intihar edənlər Allahı unudanlardır.
Təəssüf ki, bəzi media orqanları, xüsusilə internet TV-lər cəmiyyətdə konfrantasiyaların dərinləşməsində maraqlı tərəf kimi çıxış edirlər. Hansı müstəvidən yanaşsaq, bu, yolverilməzdir. Elə götürək son zamanlarda cəmiyyətimizi narahat edən intihar məsələsini. Bəzən media problemlərdən çıxış yolu kimi intiharı sanki təbliğ edir və intihar etmə üsullarından dərs keçir və bu neqativ haldan şou düzəldir. Bu, psixoloji sarsıntı keçirənlərdə, dərdlərinə çarə axtaranlarda təəssüf ki, dəlinin yadına daş salmaq kimi effekt yaradır. Bu mənada jurnalist öz mənəvi məsuliyyətini dərk etməlidir. Xüsusilə xəbər portalları, saytlar və internet TV-lər araşdırma aparmadan, imic xatirinə yoxlanılmamış məlumatları, necə deyərlər, cəmiyyətə sırımamamlı, məqsədli şəkildə və ya bilməyərəkdən toplumda ajiotaj yaratmamalıdırlar.
Xatırlatmaq istərdik ki, Azərbaycan Respublikasının Audiovizual Şurası və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən bu ilin aprel ayında ölkənin bütün media subyektlərinə tövsiyə olunmuş “Redaksiya siyasəti və peşə etikası qaydaları”nda qeyd olunduğu kimi, intihara cəhdlə bağlı xəbərlərin təsviri təqlid hissi oyatmamalıdır. İntiharın üsulunu və hadisənin detallarını açıqlamaq, başlığa çıxarmaq, mübaliğəyə yol vermək arzuolunan deyil, eyni zamanda, jurnalist peşəkarlığının göstəricisi hesab edilə bilməz. Zorakılıq, intihar və s. bu kimi insanların sağlamlığına və təhlükəsizliyinə dair mənfi təzahürlərlə bağlı məlumatlar adekvat tərzdə işıqlandırılmalı, onların təbliğinə və təsir gücünün artırılmasına yol verilməməlidir. Çox təəssüf ki, özünü jurnalist adlandıran bəziləri intiharçıya hətta haqq qazandırır, sanki bu neqativ halı təbliğ edirlər. Belələri unudurlar ki, əslində medianın gücündən, imkanlarından istifadə etməklə bəzən intihar hadisələrinin qarşısını almaq olar.
Bundan başqa, eyni zamanda, əhalinin həssas qruplarına, uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran məlumat, o cümlədən təsvirlərdən istifadə olunmamalıdır. Xatırlatmağı zəruri hesab edirik ki, uşaqlara münasibətdə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə birmənalı şəkildə əməl edilməlidir.
Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi jurnalistlərə bu məsələ ilə bağlı şağırış edib: “Unutmaq olmaz ki, peşəkar media ictimai əhəmiyyətli informasiyalarla cəmiyyəti məlumatlandırmaq kimi şərəfli və məsuliyyətli missiyanı yerinə yetirir. İntihar halları və bu qəbildən olan digər təzahürlərlə bağlı materialları işıqlandırarkən medianı ictimaiyyət qarşısındakı məsuliyyətinə diqqətlə yanaşmağa və peşəkar həssaslıq nümayiş etdirməyə çağırırıq”.

