Gündəm 

İdarəetmə sistemində təkmilləşmə, şəffaflığın qorunması dayanıqlı inkişaf üçün əsasdır

Kompleks tədbirlərin həyata keçirilməsi ölkəmizin qarşıya qoyduğu hər bir hədəfə yüksək səviyyədə nail olmağa stimul  verir

Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında islahatlar prosesinin davamlılığı dayanır. Davamlı islahatlar olmadan əldə olunan uğurların  dayanıqlığını təmin etmək mümkün deyil.  Hazırkı mərhələdə həyata keçirilən islahatların əsas istiqamətlərindən biri  idarəetmənin təkmilləşdirilməsi, şəffaflığın artırılmasıdır.  Dövlət başçısı İlham Əliyev bu ilin  6 ayının yekunlarına həsr olunan  müşavirədə Azərbaycanın iqtisadi uğurlarından geniş bəhs edərkən əsas diqqəti   kölgə iqtisadiyyatı ilə mübarizəyə yönəltmişdir. Bu fikir xüsusi qeyd edildi ki,  həmin  mübarizə bütün sahələrdə həyata keçiriləcək.  İslahatların digər  istiqaməti isə  iqtisadiyyatın şaxələndirilməsidir. Atılan addımların nəticələri özünü  rəqəmlərdə göstərir. İqtisadiyyat 6,2, qeyri-neft sektoru 9,6, sənaye istehsalı 2,1, qeyri-neft sənaye istehsalı 11,5, əhalinin gəlirləri 20, orta əməkhaqqı 14 faiz, pensiya isə 10 faizdən çox artıb. Dünyanın ən güclü iqtisadiyyatları olan ölkələrdə inflyasiya ikirəqəmli səviyyəyə gəlib. Halbuki, həmin ölkələrdə inflyasiya il ərzində cəmi 1,5 faizə qədər olurdu.

Sosial-iqtisadi göstəricilər ölkəmizdə təkmil islahatların, möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir. Həmçinin əlverişli biznes mühitinin formalaşdırılması ,  qlobal bazarlara əlverişli çıxış imkanlarının yaradılması istiqamətində  də islahatlar həyata keçirilir.  Bütün bu tədbirlərin nəticəsində dövlətin gəlirləri artıb.  Bu ilin dövlət büdcəsinə yenidən baxılması zərurəti meydana çıxıb. İşğaldan azad edilmiş ərazilərimizin  bərpası prioritetdir. Bu məqsədlə büdcədən 2, 2 milyard manat vəsait ayrılıb.

Bugünümüzün reallıqları bir daha ulu öndər Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» fikirlərinin təsdiqidir. İqtisadi müstəqilliyin təmin edilməsi ölkəmizin hərtərəfli inkişafını şərtləndirir.  Çünki iqtisadi asılılığı olan ölkələr heç vaxt müstəqil siyasət yürüdə bilməzlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi və siyasi müstəqilliyini təmin etmiş ölkələr sırasındadır.  Bu gün pandemiyanın və müharibələrin dünya iqtisadiyyatına vurduğu zərbələr göz önündədir. Azərbaycan iqtisadiyyatı özünün dinamik inkişaf tempini qoruyub saxlayır. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı gündən dövlət başçısı İlham Əliyev iqtisadi islahatların dərinləşdirilməsini qarşıya mühüm vəzifə kimi qoyaraq bu çağırışı da etdi ki, heç bir sosial layihə təxirə salınmayacaq. Hökumətin apardığı antiinflyasiya tədbirləri sayəsində qlobal inflyasiyanın ölkəmizə təsirinin daha da artmasının qarşısı alınıb, milli valyutamızın məzənnəsi xarici valyutalar qarşısında güclənib. Təbii ki, milli valyutamızın rəqabətədavamlı olması həm əhalinin sosial rifahının qorunub saxlanmasına, həm də ölkəmizdə investisiya mühitinin cəlbediciliyinin artmasına töhfə verir.

Yuxarıda da qeyd etdiyimiz kimi, son iki ilə yaxın dövr quruculuq-bərpa dövrü kimi xarakterizə olunur. Tarixi Zəfərimiz bugünümüzü,  qarşıdakı illəri əhatə edən Dövlət proqramlarına, inkişaf konsepsiyalarına yenidən baxılmasını, əlavələr edilməsini, həmçinin yeni sənədlərin qəbulunu zərurətə çevirdi. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» deyilənlərin təsdiqidir. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair  beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulur: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;   təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Bu Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Ölkə Prezidenti İlham Əliyev müşavirədə qarşıda dayanan  planları və tapşırıqları açıqlayarkən bildirmişdir ki, planlarımız böyükdür. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki,  sözümüzlə əməlimiz arasında  heç bir fərq yoxdur. Çıxışlarında  «Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki,  bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir.

İşğaldan azad edilmiş ərazilərdə işlərin sürətinə təsir göstərən amillərdən biri  bu torpaqların  Ermənistan tərəfindən minalanmasıdır. Minalardan təmizlənmə həm vaxt itkisidir, həm də böyük məbləğdə vəsait tələb edir.  Artııq Ağdam, Şuşa, Zəngilan şəhərlərinin  Baş planının təqdimatı olub.  İşğaldan azad edilmiş əraziləriimizdə   kənd təsərrüfatının inkişafı üçün bütün imkanlar mövcuddur. Məlumdur ki, son illər dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət göstərilir. Bunun üçün rayonlar arasında ixtisaslaşma aparılır, konkret sahələrin inkişafına xidmət edən Dövlət proqramları təsdiqlənib və hazırda uğurla icra edilir. İşğaldan azad edilmiş torpaqların malik olduqları potensial da nəzərə alınaraq bu məqsədə daha yüksək səviyyədə nail olmaq mümkündür. Belə ki, bu münbit torpaqların hesabına Azərbaycanın ixrac potensialı  xeyli artacaq. Ölkə Prezidenti İlham Əliyev  bu istiqamətdə də  yeni bazarların tapılması üçün  müvafiq tapşırıqlarını verib.

Dövlətimizin başçısının Sərəncamı əsasında təsdiqlənən Milli Prioritetlərdə də bu hədəf xüsusi yer alır ki, Qarabağ bölgəsi «yaşıl enerji» zonası kimi dünya üçün bir nümunə olacaq. Bir sözlə, azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən enerji sistemi yaradılacaq.

Azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin tapşırığı ilə  yol infrastrukturunun bərpası prioritet məsələ kimi öndədir. Dövlətimizin başçısının bu ərazilərə dəfələrlə səfərlərinə diqqət yetirdikdə  yol tikintisinə xüsusi diqqət yetirildiyini, səfərdən sonra yeni yolların tikintisi ilə bağlı Sərəncam imzaladığını xüsusi qeyd etməliyik. Avtomobil yolu , dəmir yolu və hava limanının tikintisi prioritetdir. Yeni tikiləcək beynəlxalq hava limanları  Qarabağ zonasını bərpa etmək, yüklərin daşınmasına, turizmin inkişafına  böyük kömək olacaq.   Zəfər yolunun qısa zamanda istifadəyə verilməsi hədəflərə vaxtında və yüksək səviyyədə nail olmağımız barədə aydın təsəvvür yaradır.  Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd olunduğu kimi,  necə ki, dəmir yumruq nümayiş etdirib torpaqlarımızı işğaldan azad etdik, eyni zamanda, bu birlik, həmrəylik əsasında bərpa və quruculuq işlərini uğurla başa çatdıracaq, soydaşlarımızın Böyük Qayıdışını həyata keçirəcəyik. Artıq Böyük Qayıdışın ilk addımı atıldı. Zəngilanın Ağalı kəndi sakinlərini qarşıladı, yeni həyat başladı.

Azad edilmiş ərazilərimiz  böyük turizm potensialına malikdirlər. 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb. Hazırda beynəlxalq  səviyyədə  ekspertlər bu reallığı xüsusi qeyd edirlər ki,  Vətən müharibəsində  Ermənistanın məğlubiyyəti, torpaqların əsl sahibinə qayıtması işğalçı dövlətdə iqtisadi böhranı daha da  dərinləşdirəcək. Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək.  Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq.

Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza səfərlərinin hər biri  yeni sosial obyektlərin təməlinin qoyulması ilə yadda qalır. Bu, artıq torpaqlarımızın bundan sonra inkişafının qaçılmaz olduğunun təsdiqidir. O da məlumdur ki,  işğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Ağdamda sənaye mərkəzi, Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaq. Ağdamda yaradılan sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qovuşuqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.

Göründüyü kimi, qısa təhlil Qarabağın hansı potensiala malik olduğunun və onlardan səmərəli istifadənin hansı uğurlara yol açacağının aydın mənzərəsini yaradır. Çıxışlarında Azərbaycanın son 18 ildən artıq dövrdə qazandığı uğurlara, keçdiyi inkişaf yoluna diqqətm yönəldən dövlətimizin başçısı İlham Əliyev düzgün qurulan siyasətin beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyimizi qorumağa əsas yaratdığını xüsusi qeyd edir.  Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına diqqət yetirməklə ölkəmizin  nəqliyyat infrastrukturunun yenilənməsinə və təkmilləşməsinə göstərdiyi diqqətin ümumi mənzərəsini təqdim edə bilərik. Azərbaycan əhalinin elektrik təchizatı səviyyəsinə görə dünya miqyasında  ikinci yerdədir.  Hökumətin dəyişməyə cavabdehliyi, yəni  islahatçı obrazı əmsalına görə  beşinci yerdə, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdədir. İnfrastruktur layihələri ilə bağlı  olaraq dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə 24-27-ci yerlərdədir.  Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bütün çətinliklərə, işğala, 1 milyon qaçqın və məcburi köçkünün  olmasına baxmayaraq, ötən illər ərzində bu nailiyyətləri əldə etmişik: «İndi torpaqlar azad edilib, indi Böyük Qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq.»

Bütün bunlar belə bir ümumiləşdirməni aparmağa əsas verir ki, idarəetmə sistemində təkmilləşmə, şəffaflığın qorunması, kompleks tədbirlərin həyata keçirilməsi ölkəmizin qarşıya qoyduğu hər bir hədəfə yüksək səviyyədə nail olmağa əsas verir.

Daha çox xəbərlər