ARAN Media GROUP “Milli Mətbuat günü” münasibətilə media işçilərini təbrik edir
Obyektiv məlumat bələdçisi olmaq jurnalistin əsas prinsipi olmalıdır
Əsası dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulan, Azərbaycanın ilk mətbu orqanı olan “Əkinçi” qəzetinin işıq üzü görməsindən 147 il ötür. İlk nəşri 1875-ci ilin bu günündə işıq üzü görən “Əkinçi” qəzetinin cəmi 56 nömrəsi çapdan çıxmış, özündən sonra böyük miras qoymuş, bir-birinin ardınca milli-demokratik ruhlu qəzet və jurnalların nəşrinə təkan vermişdir.
Böyük bir dövrü əhatə edən Azərbaycan mətbuatı zəngin və mənalı inkişaf yolu keçib. Zaman-zaman milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynamış mətbuat xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini verib. Ümummilli Lider Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanına əsasən senzuranın ləğv edilməsi ilə milli mətbuatımızın inkişafında demək olar ki, yeni mərhələnin əsası qoyuldu. Ölkədə azad medianın fəaliyyətinə və inkişafına yönələn bu siyasət, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. KİV-lərə birdəfəlik yardımların edilməsi, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün yaşayış evlərinin tikilib istifadəyə verilməsi bu sahəyə göstərilən xüsusi qayğının bariz nümunəsidir. Bu gün ölkəmizdə yüzlərlə müxtəlif kütləvi informasiya vasitəsi – qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri fəaliyyət göstərir. Bu gün Azərbaycanda böyük bir jurnalist ordusu yetişib.
Xüsusi vurğulamaq lazımdır ki, jurnalist peşəsi yalnız dərin bilik deyil, həm də qeyri-adi istedad tələb edən çox vacib, maraqlı və mürəkkəb bir sənətdir. Həm də qərəzsiz məlumat bələdçisi olmaq jurnalistin əsas prinsiplərindən biri olmalıdır. Hadisələrin sürətlə cərəyan etdiyi müasir dövrdə insanlar üçün obyektiv və qərəzsiz bələdçi olmaq isə çox çətindir. Bütün bunlara nail olmaq istəyən qələm sahibinin öz dəsti-xətti, hadisələrə obyektiv baxışı, ən əsası isə vətəndaş mövqeyi olmalıdır. Bunun öhdəsindən yalnız peşələrinə sədaqət nümayiş etdirən, bütün çətin anlarda hər zaman öndə olmağı bacaran, yorulmadan çalışaraq cəmiyyətimizi dürüst məlumatlarla təmin edən peşəkar jurnalistlər gələ bilər. Dünyanın müxtəlif yerlərində mətbuatın fəaliyyəti fərqli olsa da, onun əsas prinsipi eynidir – cəmiyyəti dürüst informasiya ilə təmin etmək. Bu gün peşə bayramlarını iş başında qeyd edən yüzlərlə jurnalist həm ölkə ictimaiyyətini informasiya ilə təmin edir, həm də vətəndaş mövqeyi sərgiləyərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması missiyasını yerinə yetirir.
Burada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, 44 günlük zəfər müharibəsində əldə olunan qələbədə mətbuatın da rolu danılmazdır. Şanlı Azərbaycan ordusunun cəbhədə qazandığı qələbə ölkədə fəaliyyət göstərən bütün mətbuat orqanlarını informasiya müharibəsində də üstünlüyün qorunub saxlanılmasına sövq etmişdir. Müharibə başladığı gündən cəsur mətbuat nümayəndələri cəbhə xəttində fasiləsiz informasiyanın ötürülməsində gecə-gündüz çalışmış, öz bacarıq və peşəkarlıqları ilə insanların dərin rəğbətini qazanmışlar. Bu mənada “ARAN Media” qəzeti də vaxtaşırı cəbhə xəttində cərəyan edən hadisələrin öz oxucularına obyektiv və qərəzsiz çatdırılmasında müstəsna rol oynamışdır.
Bütün bu sevinc hissləri ilə xalqımızı və bütün mətbuat nümayəndələrini “ARAN Media” GROUP adından bayram münasibətilə ürəkdən təbrik edir, böyük fədakarlıq tələb edən məsuliyyətli və son dərəcə şərəfli fəaliyyətinizdə tükənməz enerji və müvəffəqiyyətlər arzu edirəm.

Şeyda Əzizova
“Aran Medi” qəzetinin baş redaktoru

