Fəqət Şadlinskaya: Prezident İlham Əliyevin müşavirədəki nitqi mühüm mesaj və cağırışlarla zəngindir
Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqi mühüm mesaj və çağırışlarla zəngindir.
ARANTV.AZ xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib.
Təşkilatın sədri bildirib ki, dövlətimizin başçısı müşavirədə Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipini rəsmən qəbul edən Ermənistan rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzalanmış Bəyannamədə təsbit edilən məsələlərin icrasından boyun qaçırdığını və böyük sülh razılaşmasının imzalanmasını süni şəkildə və qəsdən uzatdığını vurğuladı. Prezident Ermənistana və onun havadarlarına bir daha xəbərdarlıq etdi ki, 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi, Ermənistan üzərinə öhdəliklər götürüb. Dövlətimizin başçısı bildirdi ki, Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə qurulmalı idi, ancaq bu günə qədər bu imkan yaradılmadı. Həmçinin biz öhdəlik götürmüşdük ki, Laçın yolu işləyəcək və Laçın yolu açıqdır. Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir. Ölkəmiz bu öhdəliyə əməl edir. Amma Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün imkan yoxdur. Ermənistan tərəfindən həmin ərazidə bu istiqamətdə hansısa işlər görülmür. Bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması yoxdur. Texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz və dəmir yolunun tikintisi üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamaq bir neçə ay tələb edir. Deməli, hələ bu işə başlanılmayıb. Avtomobil yolunun marşrutu da verilməyib.
F.Şadlinskaya müşavirədə dövlətimizin başçısının, həmçinin Ermənistanın öz sözünün üstündə durmadığını, qeyri-ciddi və məsuliyyətsiz dövlət olduğunu sübut edən faktlara da diqqət çəkdiyini vurğulayaraq deyib: “Prezident İlham Əliyev bildirdi ki, son vaxtlar Ermənistan rəhbəri yenə də hansısa status haqqında danışmağa başlayıb. Halbuki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdu ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Prezident İlham Əliyev kəskin surətdə xəbərdarlıq edərək dedi ki, status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir”.
YAP Bərdə rayon təşkilatının sədri qeyd edib ki, Prezident İlham Əliyev nitqində son altı ayda hərbi sahədə, o cümlədən həm struktur, həm də hərbi təhsil sahələrində aparılan islahatlara diqqət çəkdi. Bildirdi ki, təlimlərlə bağlı ciddi addımlar atılıb, yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Cari il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib. Artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb. Bununla dövlət başçısı Ermənistana Azərbaycan Ordusunun daha da gücləndiyinin mesajını verdi.
“Prezident İlham Əliyev bildirdi ki, Vətən müharibəsində qazanılan Qələbəni təmin edən şəhidlərimizin ailələrinə və müharibə əlillərinə, həmçinin qüsursuz xidmət etmiş hərbçilərə qayğı dövlət tərəfindən diqqətdə saxlanılır. Şəhid ailələrinə və müharibə əlillərinə mənzillər verildi. Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilib, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Hərbçilərin sosial müdafiəsi məsələləri Azərbaycanda yüksək səviyyədə həllini tapır. Qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bütün hərbi şəhərciklər əsaslı şəkildə təmir edilir. O cümlədən azad edilmiş torpaqlarda böyük işlər görülüb – hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur və sair tikilir. Prezident İlham Əliyev müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemlərinin, onlara dövlət səviyyəsində qayğının daim diqqət mərkəzində olduğunu bir daha faktlarla açıqladı. Prezident İlham Əliyev bir daha xatırlatdı ki, sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır”, – deyə F.Şadlinskaya qeyd edib.

