Ağdamda 22 iyul Milli Mətbuat Günü qeyd olunub
22 iyul 2022-ci il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Rayon Ağsaqqallar şurasının sədri Əvəz Mikayılov, Qarabağ bölgəsində fəaliyyət göstərən mətbuat işçiləri və media nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tədbirdə çıxış edərək Azərbaycan mətbuatının ötən 147 il ərzində keçdiyi şərəfli və keçməkeşli tarixinə nəzər salmış, ölkəmizdə bu sahəyə göstərilən dövlət qayğısından danışmışdır.
Milli Mətbuat Günü münasibəti ilə bir qrup media nümayəndəsi və mətbuat işçisini fəxri fərmanla təltif edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov onları təbrik etmiş və yaradıcılıq uğurları arzulamışdır.
Tədbirin sonunda göstərilən diqqətə və səmimi qəbula görə mətbuat nümayəndələri rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.







