Cəmiyyət 

Döyüşçü: Şuşanın azad edilməsi Vətən müharibəsi zamanı hamımızın ortaq xəyalı idi

Vətən müharibəsi zamanı bir neçə dəfə ölümün astanasından qayıtdım. Bəzən elə olub ki, Barambat meşəsində minaatan mərmisi iki metr yaxınlığıma düşüb. Mərminin qəlpəsi mən tərəfə deyil, geriyə doğru yayıldığından xəsarət belə almamışam.

Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi iştirakçısı İlkin Rzayev deyib.

Vətən müharibəsi həqiqi hərbi xidmət dövrünə təsadüf edən İlkin haqq savaşımızdan əvvəl Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə manqa komandiri kimi xidmət edib. 44 şərəfli günün iştirakçısı olmaqdan qürur duyduğunu deyən Vətən müharibəsi iştirakçısı bildirib: “Ərazi bütövlüyümüzün bərpası uğrunda aparılan hərbi əməliyyatlara tərəddüd etmədən qoşuldum. Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etdim. Müharibə dövründə savaş meydanında bütün duyğuları yaşadım. Azad edilən post və yüksəklik, addım-addım irəliləmək, digər silahdaşlarımızın Zəfər sevinci ilə bərabər, döyüş yoldaşlarımızı itirməyin kədəri bir-birini izləyirdi. Məqamları yüksək idi, bunu bilirdim, lakin hər birinin yoxluğu çox ağır idi. Bəzən bir-birimizə öz arzularımızı deyir, müharibədən sonra nə işlə məşğul olacağımızın xəyalını qururduq. Hamımızın ortaq xəyalı vardı: Şuşanın azad edilməsi. Ona təəssüflənirəm ki, şəhidlərimiz buna şahidlik edə bilmədilər. Lakin əminəm ki, onların ruhu azad Şuşanın səmasından sevinclə boylanır.

Döyüşlər zamanı ən acı xatirəm Barambat meşəsi ilə əlaqədardır. Dəfələrlə ölümü yaxından hiss etdiyim meşədə bir dəfə ermənilərin kəşfiyyat qrupunun hücumuna məruz qaldıq. Minaatan mərmiləri yağış kimi yağırdı. Qızğın döyüşlər zamanı şəhid və ağır yaralılarımız oldu. Yaralı silahdaşlarımdan birini döyüş meydanından çıxardıqdan sonra yenidən geri qayıtdım. Şəhid olan silahdaşlarımın intiqamını almaq hissi gözümü elə tutmuşdu ki, məni heç nə dayandırmırdı. Sanki düşmənə nifrətimi güllələrlə yağdırırdım. Elə dostları, qardaşları itirmək çox ağır idi. Çox təəssüf ki, onları geri qaytara bilməzdik. Bizə yalnız onların qisasını almaq və uğrunda canlarını fəda etdikləri torpaqları xilas etmək qalırdı. Şükür Allaha ki, bunu bacardıq. Qazandığımız Zəfərlə şəhidlərimizin ruhunu şad etmək bizə az da olsa təsəlli verdi”.

İ.Rzayevin sözlərinə görə, Vətən müharibəsindən sonra Qubadlı və Laçın rayonlarında postların mühafizəsində iştirak edib.

O, dövlətimizin başçısının müvafiq sərəncamları ilə “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Hərbi xidməti ötən il bitirən İlkin özünüməşğulluq proqramına müraciət edərək təlimlərə qoşulub. Təlimləri bitirdikdən sonra qiymətləndirmədən uğurla keçib. Bu il iyul ayında ona dönər avadanlığı təqdim olunub. Kiçik kafe açmaq niyyətində olduğunu deyən İ.Rzayev buna görə dövlətimizə minnətdarlığını bildirib.

Daha çox xəbərlər