Hər bir layihə vətəndaş məmnunluğunun artırılmasına böyük töhfədir
Sumqayıtda ikinci, ölkə üzrə 24-cü «ASAN xidmət» mərkəzinin istifadəyə verilməsi insan amilinin dövlət siyasətində prioritet olduğunu bir daha təsdiqlədi
“Təbii ki, biz “ASAN xidmət” konsepsiyasını işləyəndə, ilk növbədə, mənim əsas məqsədim o idi ki, ictimai xidmətlər sahəsində korrupsiyanı, rüşvətxorluğu, bürokratiyanı aradan qaldıraq. Yəni, elə bir institusional intellektual məhsul yaradaq ki, xoşagəlməz işlərlə məşğul olmaq istəyənlərə imkan verilməsin. Artıq biz buna nail olmuşuq. Amma bununla paralel olaraq, bu gün “ASAN xidmət” sistemi ölkəmizdə elektronlaşma, rəqəmsallaşma, intellektual məhsulların istehsalı sahəsində çox önəmli bir amildir.” Dövlət başçısı İlham Əliyev, eyni zamanda, bildirir ki, “ASAN xidmət” mərkəzlərinin coğrafiyasının genişlənməsinə gəldikdə isə bu da planlı şəkildə həyata keçirilir.
Bu günlərdə ölkə Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinə səfəri çərçivəsində 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzi istifadəyə verildi. Bu, Sumqayıtda 2-ci, ölkə üzrə isə 24-cü “ASAN xidmət mərkəzidir.”
Qeyd edək ki, yeni inkişaf mərhələsinin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərək uğurların davamlılığının təmin edilməsində elmin, təhsilin və iqtisadiyyatın birliyinin yaradılmasını vacib amil kimi önə çəkdi. Bu mühüm məqam da diqqətə çatdırıldı ki, inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirsək görərik ki, onların inkişafında əsas amil yeni texnologiyaların inkişafı və tətbiqidir. Azərbaycanın yeni texnologiyaların tətbiqinə verdiyi önəm bu gün işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa və quruculuq işlərində də özünün aydın ifadəsini tapır. «Ağıllı şəhər» və «ağıllı kənd» konsepsiyası əsasında bərpa olunan bu ərazilərimizdə «ASAN xidmət» mərkəzlərinin yaradılması da əsas hədəflər sırasındadır.
Artıq ölkəmizin, regionların inkişafına xidmət edən Dövlət proqramlarının, İnkişaf Strategiyalarının yeniləri ilə əvəzlənməsinə böyük ehtiyac var. Hər dövrün tələblərinə uyğun olaraq qəbul olunan bu sənədlərin hər birinin uğurla icrası ölkəmizin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Bu baxımdan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrasında əsas hədəflərdən biri məhz Azərbaycanda təhsilin, humanitar sahələrin inkişafına xüsusi diqqətin ayrılması, insan amilinin yüksək inkişaf səviyyəsinə nail olunması, bilik və bacarıqların səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan inkişaf modelinə keçidin təmin olunması idi. Bununla yanaşı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası davam etdirildi.
Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər ölkəmizin bu və ya digər sahələrdə malik olduğu imkanların, elmi əsaslara söykənən iqtisadiyyatımızın uğurlarının, ən əsası idarəçilik sistemində təcrübənin təqdimatında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır.
Bu çağırışlar idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir. Bu fakt inkaredilməzdir ki, ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, zəngin idarəçilik təçrübəsinə malik rəhbəri vardır. Bu fikir beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu, təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Azərbaycanın idarəçilik sistemində zəngin təcrübəyə malik olması bu sahədə də beynəlxalq tədbirlərə ev sahibliyində özünü təsdiqlədi. Xatırlasaq, Azərbaycan dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin qatıldığı BMT-nin Dövlət Xidmətləri Forumuna ev sahibliyi etdi. Bu tədbir ölkəmizin bu sahədə mövcud imkanlarına bir daha işıq saldı. Forum Azərbaycanın yenilikçi, innovasiyalar ölkəsi olduğunu bir daha dünyaya nümayiş etdirdi. Həmin tədbirdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”in, ABAD-ın uğurlarından geniş bəhs edərək bildirmişdir ki, bu günədək ASAN-la müxtəlif ölkələr və beynəlxalq təşkilatlar arasında 10 Anlaşma Memorandumu imzalanmış, bununla kifayətlənməyərək dövlət xidmətlərinin keyfiyyətini təkmilləşdirməyi davam etdiririk.
Ölkə Prezidenti İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin prioritetliyi xüsusi olaraq önə çəkilir. “Ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var. Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar” söyləyən ölkə Prezidenti davamlı inkişafı şərtləndirən amilləri əsaslı şəkildə diqqətə çatdırmışdır. Təbii ki, uğurlarımızın əsasında islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşməsi, gələcəyə hesablanmış strategiyamızın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlanması əsas yer tutur. Hədəflərə yüksək səviyyədə nail olmaq üçün regionların potensial imkanlarından maksimum istifadə etmək məqsədilə Regional inkişaf proqramlarının uğurlu icrası nəticələrdən də aydın görünür.
Atılan addımlar günümüzün əsas çağırışlarından olan sahibkarlığın inkişafına da geniş yol açır. Həyata keçirdiyi siyasətin önündə yeniləşməni, modernləşməni əsas amil kimi önə çəkən Azərbaycan hər zaman ilklərə imza atan ölkə kimi tanınır və nüfuz qazanır. Daim ilklərə imza atan Azərbaycan əvvəldə də qeyd etdiyimiz kimi, “ASAN xidmət”, “ABAD”, “DOST” layihələri də diqqət mərkəzindədir. Bu layihələr şəffaflığın artırılmasına, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. Azərbaycanın dünyada yenilikçi ölkə kimi nüfuz qazanmasını təsdiqləyən mühüm hadisələrdən biri kimi İmişlidə “ASAN Həyat” kompleksinin açılışında robot “Sofiya”nın iştirakını da qeyd edə bilərik. “Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, “ASAN” bizim milli brenddir. Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var. Azərbaycandakı yenilikləri, təkmilləşməni yüksək dəyərləndirən “Sofiya” bildirmişdir ki, “ASAN xidmət” dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur. Vətəndaşlar bu mərkəzlərdə onlara göstərilən xidmətlərin yüksək səviyyəsindən, operativliyin və şəffaflığın təmin olunmasından, neqativ halların aradan qaldırılmasından məmnundular. “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalının kifayət qədər yüksək olduğunu diqqətə çatdıran dövlət başçısı İlham Əliyev bildirir ki, bu, onu göstərir ki, xidmət doğrudan da böyük nailiyyətdir, ictimai xidmətlər sahəsində böyük dəyişikliklərə gətirib çıxarıb. Eyni zamanda, “ASAN xidmət” cəmiyyətimizin ictimai şüurunda da inqilabi dəyişikliklərə səbəb olubdur. Çünki ictimai xidmətlər sektoru həmişə çox problemli sektor idi və vətəndaşlar çox əziyyət çəkirdilər. Bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq xidmət sektorunun əsas problemləri idi. “ASAN xidmət”in fəaliyyətə başlamasından sonra artıq bu sahədə tam şəffaflıq təmin edilibdir.”
Qeyd edək ki, hazırda Sumqayıtda fəaliyyət göstərən 1 saylı regional “ASAN xidmət” Mərkəzi gün ərzində 3 minə qədər vətəndaşa xidmət göstərir. Xidmətlərə artan ciddi tələbat nəzərə alınaraq, Sumqayıtda ikinci regional “ASAN xidmət” Mərkəzi inşa edildi. Ümumilikdə, ölkə üzrə “ASAN xidmət” mərkəzlərinə bu günədək 54 milyona yaxın müraciət daxil olub.
İstifadəyə verilən 2 saylı Sumqayıt regional Mərkəzində müxtəlif dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən Sumqayıt şəhəri, Qobustan, Xızı, Siyəzən və Abşeron rayonlarında qeydiyyatda olan 700 minə yaxın vətəndaşa ümumilikdə 325 xidmət göstəriləcək. Eyni zamanda, Mərkəz ölkəmizin digər regionlarında qeydiyyatda olan vətəndaşlara da ərazi məhdudiyyəti olmadan xidmət edəcək. Bu Mərkəzdə dövlət orqanlarının fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla, ümumilikdə 192 əməkdaş və 45 könüllü çalışacaq.
Reallıq budur ki, hər bir layihə özlüyündə inkişaf, tərəqqi deməkdir. Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir. Ailə təsərrüfatlarının inkişafına dəstəyi asan şəkildə həyata keçirən “ABAD”, hər bir vətəndaşın yaxın dostuna çevrilən “DOST” idarəetmədə şəffaflığın qorunmasını, rəqabətin güclənməsini şərtləndirir. Dövlətimizin başçısı eyni zamanda bildirir ki, rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Biznesin sadələşdirilməsi, “bir pəncərə” prinsipinin tətbiqi şəraitində əldə olunan uğurlar və təcrübə beynəlxalq səviyyədə qiymətləndirilir, öyrənilir və tətbiq olunur. Lazımsız yoxlamaların aparılmasına, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən hüquq-mühafizə orqanlarının bəzi hallarda sahibkarlara problem yaratmasına, lisenziyaların sayının həddən artıq çox olmasına və digər məsələlərə hər zaman çıxışlarında diqqət yönəldən cənab İlham Əliyev qeyd olunan istiqamətlərdə atdığı addımları ilə sahibkarlığın inkişafına yaradılan imkanları daha da genişləndirir.
Ölkə Prezidenti daim bu çağırışı edir ki, yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir. Yuxarıda qeyd etdiyimiz Forumda Azərbaycanın innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi yaratdığı xüsusi qeyd edilərək bildirilmişdir ki, sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafə qısaldılıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyət şəffaflaşdırılıb. Dövlət bu misilsiz nəticəyə xidmətlərin göstərilməsini müasirləşdirməklə, ASAN mərkəzlərin yaradılması və yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə nail olub.
Yeni iqtisadi və sosial inkişaf innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Yuxarıda da qeyd etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərimiz yenidən qurulur və bərpa edilir. Dövlət başçısı İlham Əliyevin Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsünün aparılması, həmçinin Sərəncamı əsasında təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” qarşıdakı dövr üçün hədəflərin təqdimatında əhəmiyyətli rol oynayır. Hər bir sənəddə hədəflərlə yanaşı, onlara çatmaq yolları, prioritetlər və onların icra mexanizmləri öz əksini tapıb. Böyük Qayıdışın qısa zamanda reallığa çevrilməsi, işğaldan azad edilmiş ərazilərdə müasir və abad yaşayış mühitinin formalaşdırılması üçün atılan addımlar sistemli xarakter daşıyır. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq. Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələrinin fəaliyyəti ilə bağlı imzaladığı Sərəncam da idarəetmə sistemində təkmilləşməyə xidmət edir. Artıq Şuşa, Ağdam və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi təyin edilib. Həmçinin «ağıllı kənd» layihəsi çərçivəsində Zəngilanın Ağalı kəndi bərpva olunaraq sakinlərini qarşıladı. 30 ildən sonra öz doğma yurd-yuvalarına qayıdan soydaşlarımızın yüksək həyat şəraitini təmin etmək üçün bütün zəruri addımlar atılıb. Qeyd etdyimiz kimi, müasir tələblər səviyyəsində qurulması qarşıya mühüm vəzifə kimi qoyulan bu torpaqlarımızda Azərbaycan brendi kimi tanınan «ASAN xidmət», DOST mərkəzlərinin yaradılması vətəndaş məmnunluğunun artırılmasının əsas hədəf olduğunu bir daha təsdiqləyir.
Yeni idarəetmə sistemi yeni uğurların açarı olaraq qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımıza əsas verir. Azərbaycan tezliklə gerçəkləşdirdiyi «ağıllı şəhər» və «ağıllı kənd» layihələrinin uğurlarını dünyaya təqdim edəcək. İlk addımı atılan Böyük Qayıdışın davamlı olacağı şəksizdir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz bu torpaqlarda əbədi olacağıq. Cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixli «Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası»nın təsdiq edilməsi haqqında Sərəncamı da özündə hədəflərə çatmaq üçün icra mexanizmlərini və nəzarəti ehtiva edir. Azərbaycanın gələcəkdə dayanıqlı inkişafının yüksək səviyyədə qorunması və təmin edilməsi üçün geniş imkanlar yaranır.

