Müstəqilliyin milli sərvət olduğunu Azərbaycanın simasında görmək olar
Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası»”nın həyata keçirilməsi ilə dövlətimizin inkişaf konsepsiyasında göstərilən, müxtəlif istiqamətləri əhatə edən proqramların, milli fəaliyyət planlarının tətbiqi ilə respublikamız daha da qüdrətlənəcək
İllərdən bəri həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi ilə etibarlı inkişaf bazasının formalaşması, bölgələrin simasının dəyişməsi, infrastrukturun yenilənməsi, şəhərlə kənd arasındakı fərqin minimuma endirilməsi ilə əldə olunan nailiyyətlər əsasında hazırlanan «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də daha geniş və əhatəli strateji istiqamətlər əks olunmuşdu.
Qarşıdakı on ildə həyatımızın bütün sahələrinə bələdçilik edəcək sənəddə qüdrətli dövlət, yüksək rifah, cəmiyyətin inkişafı naminə müəyyənləşdirilən vəzifələrdən də aydın olur ki, Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin edən, beynəlxalq əlaqələri genişlənən ölkədir. Dünyanın iqtisadi bazarında mövqeyi möhkəmlənən, Cənubi Qafqazın lider ölkəsi adını bölgədə sabitliyin qorunması naminə apardığı siyasətlə doğruldan, hərtərəfli inkişafı ilə fərqlənən, nümunə göstərilən, Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında ən islahatçı ölkə adlandırılan Azərbaycanın beynəlxalq nüfuzu getdikcə artır, siyasi müstəvidə mövqeyi möhkəmlənir. Şərqlə Qərb arasında körpü olan Azərbaycanın sivilizasiyalararası dialoq mərkəzinə çevrilməsi üçün yeni istiqamətlər artıq bəllidir. 2030-cu ilə qədər Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə, qüdrətli dövlətə çevrilməsinə etibarlı zəmanət olan Milli Strategiyada daha önəmli islahatların aparılması nəzərdə tutulur. Əsas milli prioritetlər isə bunlardır: Dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyata, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət formalaşdırmaq, insan kapitalının inkişafı ilə müasir innovasiyalar məkanına çevrilmək, işğaldan azad olunmuş ərazilərdə, təmiz ətraf mühit və «yaşıl enerji»” ölkəsi yaratmaq. Təbii ki, bu cür iqtisadi artım ölkəmizin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq. Vətəndaşların həyatına təsir göstərən davamlı və yüksək iqtisadi artım isə daxili və xarici təsirlərə dayanıqlıq prinsiplərinə uyğun iqtisadiyyatın formalaşmasını tələb edir. Ən əsası isə qeyri-neft sənayesində, vətəndaş rəyini əks etdirən özəl sektorda təşəbbüskarlıq, fəallıq artırılmalı, etibarlı maliyyə mənbəyi formalaşmalı, kiçik və orta sahibkarlığın ÜDM-də rolunun artırılması, məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalıdır. Başqa sözlə deyilsə, yeni və şəffaf özəlləşmə strategiyasının həyata keçirilməsi ilə biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılacaq, vergi və gömrük siyasəti müasir dövrün tələblərinə uyğunlaşdırılacaq, gəlirli investisiya proqramlarının tətbiqi aktuallaşacaq. Bununla kölgə iqtisadiyyatının qarşısı alınacaq, daxili və xarici təsirlərə dayanıqlıq təmin ediləcək, dövlətin valyuta ehtiyatlarının artırılması imkanları genişləndiriləcək. İnvestisiya layihələrinin həlli makroiqtisadi sabitliyin təminatına, qiymətlərin tənzimlənməsinə də təsir göstərəcək. Beynəlxalq aləmdə özünü doğruldan təcrübələrin tətbiqi ilə inklüziv cəmiyyətin formalaşmasına diqqət artırılacaq. Artıq ölkəmizdə postmüharibə dövrünün quruculuq və abadlıq işlərinə start verilib. İşğaldan azad olunan ərazilərdə yol, nəqliyyat infrastruktur yenilənir, ən vacib sahələrdə quruculuq işləri sürətlənir. Doğma torpaqlarından köçkün düşən insanların evlərinə qayıdışının mərhələli həlli üçün nəzərdə tutulan tədbirlər artıq reallaşır. Zəngilan rayonunun Ağalı kəndinə birinci mərhələ üzrə qayıdışın baş tutması, bu prosesin davamlı olaraq həyata keçirilməsi, dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətə reinteqrasiya məsələlərinin təminatı üçün bütün prosedurların müəyyənləşdirilməsi günümüzün aktual məsələlərindəndir. Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı təkliflər paketinin hazırlanması, bərpa-quruculuq işlərinin bütün sahələri əhatə etməsi insanların doğma torpaqlara qayıdış sevincini daha da artırır. Prezident İlham Əliyevin bu günlərdə « Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxsin yaradılması ilə bağlı imzaladığı Fərmanla, «Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti, və İdarəetmə Xidmətinin Nizamnaməsi»nin təsdiqlənməsi ilə görüləcək işlərin konkret istiqamətləri aydın göstərilir. Nizamnamədə qeyd olunduğu kimi, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkilini, bu qaydada tikilmiş çoxmənzilli binaların idarəedilməsi, habelə müvafiq ərazidə abadlaşdırma və mənzil- kommunal təsərrüfatı sahələrində fəaliyyəti təmin edəcək.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə də qeyd olunduğu kimi, dünyanın geosiyasi müstəvisində mövqeyi möhkəmlənən, hadisələrə təsir imkanları artan ölkəmizin bölgədə yaratdığı reallıqlar Azərbaycanın dünyanın iqtisadi bazarında mövqeyini daha da möhkəmləndirir, xarici bazarlara çıxışın coğrafiyasını genişləndirir. Ölkə iqtisadiyyatının, qeyri-neft sənayesinin yüksələn xətlə dinamik və davamlı sürətini əks etdirən statistik rəqəmlərdən də aydın olur ki, aparılan düşünülmüş siyasət nəticəsində postmüharibə dövründə belə Azərbaycanın iqtisadiyyatı bütün sahələr üzrə inikşaf edir. İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb.
«Onu da deməliyəm, indi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni, resessiya haqqında mötəbər beynəlxalq qurumlar, maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar. Biz də buna hazır olmalıyıq. Azərbaycanda iqtisadi inkişaf, sosial məsələlərin həlli, ordu quruculuğu, Qarabağın bərpası, nəhəng infrastruktur layihələri, nəqliyyat, energetika layihələri, sabitlik, əmin-amanlıq – bunu hər kəs, necə deyərlər, real bir fakt kimi qəbul edir və bu, çox yaxşıdır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi,
heç bir kömək almadan bu cür inkişaf heç bir ölkədə görünməyən reallıqdır. «Heç kim bizə kömək etmir, heç vaxt da etməyib və etməyəcək. Ona görə də öz həyatımızı özümüz qururuq. Heç kimin işinə qarışmırıq, amma, eyni zamanda, qoymuruq kimsə gəlsin bizim işimizə qarışsın. İqtisadi müstəqillik, yenə də deyirəm, siyasi müstəqilliyin təməl daşıdır» söyləyən Prezident İlham Əliyev uğurların səbəbini izah etməklə bildirir ki, siyasi, iqtisadi müstəqilliyin hər bir xalqın milli sərvəti olduğunu Azərbaycan simasında görmək olar. Azərbaycanda ixracın iki dəfədən , qeyri-neft ixracının 25 faizdən çox artması dünya miqyasında ən gözəl nəticələrdəndir. Ölkə üzrə xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edir.
Bir sözlə, iqtisadi sahədə qazanılan uğurlar aparılan islahatların nəticəsidir. Azərbaycanın qazandığı iqtisadi uğurların beynəlxalq səviyyələrdə də etirafı mütəmadi müşahidə olunan reallıqdır.
Xatırladaq ki, ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan «Heritage»” Fondunun «İqtisadi Azadlıq İndeksi”»nin redaktoru, baş tədqiqatçı Entoni Kimin ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümü ilə bağlı qurumun saytında və «The Daily Signal»” qəzetində yerləşdirilən məqaləsində Azərbaycanın ABŞ üçün əhəmiyyətindən ətraflı bəhs edib. Müəllif yazır ki, Vaşinqtonun xarici siyasət nöqteyi-nəzərindən Azərbaycanın ABŞ üçün strateji əhəmiyyəti danılmazdır. Bakı Xəzər dənizindəki ən böyük liman və Avropa ilə Mərkəzi Asiya arasında daşınan mallar üçün mühüm nəqliyyat qovşağıdır. Dünyada həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkə olan Azərbaycan balanslaşdırılmış siyasət aparır və fəal şəkildə Qərblə münasibətlərini genişləndirməyə çalışır. Qeyd olunduğu kimi, son otuz ildə ABŞ-Azərbaycan əlaqələri arasında prioritet olan Avropada enerji təhlükəsizliyinin inkişaf etdirilməsi, transmilli təhdidlərlə mübarizə, ikitərəfli ticarət və investisiyaların artırılması sahəsində hərtərəfli inkişafı ilə diqqəti cəlb edən bu amillərin açıqlanması ölkəmizin dünyanın iqtisadi bazarında möhkəmlənən mövqeyinin dəstəklənməsidir. Azərbaycanın malik olduğu enerji mənbələrinin alternativ mənbə olaraq genişləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi kontekstində Avropa və Birləşmiş Ştatlar üçün aktuallığı ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası»”nın təsdiq edilməsi haqqında Sərəncamın həyata keçirilməsi ilə dövlətin inkişaf konsepsiyasında göstərilən başlıca istiqamətlərin, müxtəlif istiqamətlər üzrə hazırlanan proqramların, milli fəaliyyət planlarının Strategiya üzrə həyata keçirilməsi təmin olunacaq.
«Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» əsasında hazırlanan və 2022-2026-cı illərdə görüləcək işləri əhatə edən Strategiyanın həyata keçirilməsi ilə ölkə iqtisadiyyatında əsaslı dəyişikliklər yaranacaq, bütün sahələr üzrə artım templəri diqqəti cəlb edəcək. Özəl sektorun, orta sahibkarlığın inkişafına göstərilən dəstək sayəsində, mövcud potensial və resurslardan səmərəli istifadə nəticəsində qeyri-neft sənayesinin ümumi daxili məhsulda payı daha da artacaq. Ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ixrac potensialının çoxalması, qeyri-neft sektoruna, aqrar istehsal və emal sənayesinə artan dövlət dəstəyi sayəsində insan kapitalının davamlı inkişafına da nail olunacaq. Milli iqtisadiyyatda innovasiyaların sürətli tənzimlənməsi üçün zəruri ekosistemin formalaşması dövlətin «yaşıl enerji» siyasətinin daha geniş miqyasda təminatına imkan yaradacaq. Böyük qayıdışın reallaşması, əhalinin dayanıqlı məskunlaşması üçün işğaldan azad edilmiş ərazilərdə zəruri tələblər üçün şəraitin yaradılması təmin ediləcək. Müasir şəhərsalma prinsiplərinə uyğun inşa ediləcək « ağıllı kənd», «ağıllı şəhər» layihələri konsepsiyalar əsasında həyata keçiriləcək. Qarşıdakı dörd il üçün nəzərdə tutulan inkişaf strategiyasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi naminə formalaşan islahatlar paketinin zənginləşdirilməsi də başlıca vəzifə kimi qarşıya qoyulur. Sosial-iqtisadi sahələrdə həyata keçiriləcək hərtərəfli yüksəlişin yol xəritəsi kimi müəyyənləşdirilən strategiyada neft-qaz sektorunda tətbiq olunacaq yeniliklər dünya iqtisadiyyatında söz sahibi olan Azərbaycanın «qlobal oyuncu» statusunu daha geniş coğrafiyada tənzimləyəcək. Azərbaycanın enerji diplomatiyasının növbəti uğuru kimi də ölkəmizin tərəfdaşlıq formatının əhəmiyyətini, rolunu artıracaq.
Görüləcək işlərin ölkə iqtisadiyyatını daha da gücləndiriləcəyini «Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, vədlərə əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, onu yerinə yetirmişik – bütün sahələrdə, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın» sözləri ilə bildirən Prezident İlham Əliyevin daim səsləndirdiyi «Bizim sözümüz imzamız qədər keçərlidir» ifadələri Azərbaycanın daha qüdrətli gələcəyinə əminliyi artırır.

