DOST konsepsiyası – Azərbaycanın mühüm sosial uğuru
Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması sosial ödənişlərin ardıcıl şəkildə artırılmasında da öz təsdiqini tapır. Hələ 2019-cu ildə sosial ödənişlər orta hesabla 100 faiz, bəzi sahələrdə daha çox artdı. 2020-ci və 2021-ci illərdə də sosial ödənişlərdə növbəti artımlar (indeksasiya, təqaüd artımları) edildi. Pandemiyanın məşğulluğa və rifaha mənfi təsirlərinin qarşısının alınması üçün genişmiqyaslı dəstək proqramları icra olundu. 2022-ci ilin əvvəlindən isə 3,4 milyon şəxsi əhatə edən əməkhaqqı, pensiya və digər sosial ödənişlər artırıldı və bunun üçün də illik əlavə 2,1 milyard manat ayrıldı. Ümumiyyətlə, son 4 il ərzində üç böyük sosial islahat zərfi 4 milyon insanı əhatə edib. Bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manatdır. Həmçinin son 4 il ərzində minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 50 faizdən çox artıb.
Uğurla həyata keçirilən siyasət nəticəsində məşğulluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun qarşısının alınması, formal məşğulluğa keçidin stimullaşdırılması sahəsində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında artımın davam etməsinə imkan yaradıb. Son 4 ildə ölkəmizdə əmək müqavilələrinin sayı 30 faiz, əməkhaqqı fondu 2,2 dəfə artıb. Bu ilin 1 may tarixinə əmək müqavilələrinin sayında ilin əvvəlinə nisbətən 7 min artım olub. Özünüməşğulluq proqramı dəfələrlə genişlənib, bu proqrama son 4 ildə 49 min ailə cəlb edilib. Dövlət başçısının təşəbbüsü və göstərişi ilə icra olunan ödənişli ictimai işlər proqramı da işsiz və işaxtaranların əmək bazarına çıxışına önəmli dəstəkdir. Proqram üzrə 56 min şəxs işlə təmin edilib.
Azərbaycanın DOST təcrübəsini öyrənməyə maraq göstərən ölkələrin sayı artır

Prezident İlham Əliyevin 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılaraq 2019-cu ilin may ayında açılışı olan DOST Agentliyi və agentliyin DOST mərkəzləri sosial sahədə vətəndaş məmnunluğuna yönəlik köklü islahatların ən mühüm uğurlarından biridir. DOST Agentliyi və onun 1 saylı Bakı DOST mərkəzinin açılışı mərasimində dövlət başçısı “Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”,- deyə bildirib.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin (156 növdə xidmət) “bir pəncərə”dən, innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Təsadüfi deyil ki, bu gün DOST konsepsiyası beynəlxalq səviyyədə də böyük maraq kəsb edərək yüksək dəyərləndirilir və Azərbaycanın DOST təcrübəsini öyrənməyə maraq göstərən ölkələrin sayı artır.
Hazırda ölkəmizdə 5 DOST mərkəzi fəaliyyət göstərir və ötən dövrdə 800 mindən çox vətəndaş DOST xidmətlərindən faydalanıb. Bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi isə 98 faiz üzərindədir. “Könüllü DOST proqramı” isə Azərbaycanda könüllük hərəkatının genişlənməsində önəmli rol oynayır və Avropa Sosial Şəbəkəsinin müsabiqəsində də DOST Könüllülərinin fəaliyyətinə dair “Dəyərləri birləşdir – bərabərliyə nail ol” adlı ərizəsi “Möhtəşəm Heyət” kateqoriyasında Avropa müsabiqəsinin finalçısı olub. Onu da qeyd etmək lazımdır ki, DOST Agentliyi 4 istiqamət üzrə ISO sertifikatlarına da layiq görülüb.
Həssas qrupların fəal inteqrasiyası üçün inklüziv imkanlar

Əlilliyi olan şəxslərin cəmiyyətə fəal inteqrasiya imkanlarının artırılması ölkə Prezidentinin diqqət mərkəzində olmaqla aparılan sosial siyasətin hədəfləri sırasındadır. Bunun nəticəsidir ki, ölkəmizdə əlilliyi olan şəxslərin aktiv həyat tərzinə, bütün sahələrdə cəmiyyət həyatında fəal iştirak imkanlarına malik olması, yaradıcılıq potensiallarını dolğun şəkildə reallaşdıra və cəmiyyətə təqdim edə bilməsi üçün genişmiqyaslı işlər aparılır.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci il oktyabrın 22-də Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılması da bu istiqamətdə mühüm addımlardan biri oldu. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Cənubi Qafqazda kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən belə bir ilk ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanının Azərbaycanda açılması əlilliyi olan şəxslərin və digər həssas əhali qruplarının yaradıcı potensialının inkişafına dəstək verilməsi istiqamətində dövlət tərəfindən fəal və məqsədyönlü siyasətin aparıldığını bir daha təsdiq edir. 121 nəfərlik auditoriumdan, 9 müxtəlif peşə-yaradıcılıq otağı və studiyasından, kitabxanadan, inzibati otaqlardan, yeməkxanadan ibarət olan mərkəz əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər sosial cəhətdən həssas qrupların yaradıcı potensialını ortaya çıxararaq cəmiyyətə təqdim etmək, onların istedad və inteqrasiyasına dəstək göstərmək, sosial-mədəni mühitin inklüziv çalarlarla daha da zənginləşməsinə xidmət edir.

