İctimai nəzarət gücləndirilməlidir
Güclü ictimai nəzarət olan yerdə şəffaflıq və hesabatlılıq təmin olunur, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyi artır, korrupsiyanın və buna bənzər mənfi halların qarşısı vaxtında alınır
Ölkənin dayanıqlı inkişafını şərtləndirən əsas amillərdən biri də şəffaflığın təminatıdır. Dövlət başçısı dəfələrlə bəyan edib ki, dövlət qurumlarının başında dayanan insanlar vicdanla işləməlidirlər, dövlətin maraqlarını hər şeydən üstün tutmalıdırlar. Onlara həm dövlət, həm də ictimai nəzarət olmalıdır. Burada ictimai nəzarəti xüsusilə qeyd etmək lazımdır. Bəs, ictimai nəzarət dedikdə nə nəzərdə tutulur və bu nəzarətin məqsədi nədir? İctimai nəzarətin əsas məqsədi məsul şəxslərə icra etdikləri vəzifələrini vicdanla yerinə yetirməyi, səmərəli olmağı öyrətməkdir. İctimai nəzarətin missiyası vəziyyəti düzəltməkdir. Beləliklə ictimai nəzarət geniş kütlələrin cəmiyyətin və dövlətin idarə olunmasına cəlb edilməsi üsulu, aşkara çıxarılan nöqsan və çatışmazlıqların aradan qaldırılmasının zəruri şərti kimi mühüm əhəmiyyətə malikdir. Ölkə başçısı tərəfindən dəfələrlə ictimai nəzarətlə bağlı çağırışlar səsləndirilərək, ictimai nəzarətin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən də ictimai nəzarətin vacibliyinə diqqət çəkərək bildirib: “Rəhbərlik edəcəyiniz rayonlarda işlərin daha yaxşı getməsi üçün əlbəttə ki, ictimai nəzarət olmalıdır. Siz ictimai nəzarətdən çəkinməməlisiniz. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi sizin işinizə kömək göstərəcək. Ona görə insanlarla bir yerdə olmalısınız, ictimaiyyətlə bir yerdə olmalısınız və biz ancaq bu yolla ölkəmizi inkişaf etdirə bilərik”.
Yeri gəlmişkən xatırladaq ki, ölkə başçısı dəfələrlə ictimai nəzarətin cəmiyyətin, dövlətin tərəqqisindəki rolunu ön plana çəkərək vətəndaşları, medianı bu mövzuda həssas olmağa çağırıb. Xatırladaq ki, Prezident İlham Əliyev cari il yanvarın 12-də yerli televiziyalara müsahibəsində də dövlət nəzarəti ilə yanaşı, ictimai nəzarətin rolundan bəhs edərək bildirmişdi: “Eyni zamanda, biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.
İctimai nəzarət korrupsiya ilə mübarizədə də əhəmiyyətli rola malikdir. Çünki korrupsiya ilə mübarizə hər bir müasir dövlət və cəmiyyət üçün ciddi çağırışdır. Aydındır ki, sosial-iqtisadi inkişafı gücləndirmək, bunu reallaşdırmaq, eyni zamanda, şəffaflığa nail olmaq üçün korrupsiya və rüşvətxorluqla barışmaz mübarizə aparılmalıdır. İyulun 25-də Lerik, Masallı və Göygöl rayonlarının icra başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən ölkə başçısı bir daha vurğuladı ki, böyük pozuntulara əl atanlara qarşı ciddi mübarizə aparılır. Həmçinin idarəetmədə çox ciddi islahatların aparıldığını diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı: “ Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır”.
İctimai nəzarətin olması hər bir vəzifəli şəxsin, məmurun konstitusiya, qanunlar və digər normativ aktlara əməl etməsini təmin edir. Qarşıya çıxan problemlərin həlli istiqamətində praktiki addımlar atılır. Güclü ictimai nəzarət olan yerdə şəffaflıq və hesabatlılıq təmin olunur, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyi artır, korrupsiyanın və buna bənzər mənfi halların qarşısı vaxtında alınır.

