Cəmiyyət 

Ağalı sakinləri bu günü 30 il gözləmişdilər

Torpaqlarımız işğal altında idi. Heç kəs səsimizi eşitmək istəmirdi. Torpaqlarımıza təcavüz edilmişdi, tarixi abidələrimiz, yaşayış məntəqələrimiz yerlə-yeksan edilmişdi. İzimizi sanki biz o torpaqlarda heç yaşamamışıq kimi silməyə çalışırdılar. Nəhayət Azərbaycan Ordusu 2020-ci ildə erməni təxribatçılarının hücumlarına cavab olaraq 44 günlük Vətən müharibəsində qələbə çaldı. Torpaqlarımız işğaldan azad olundu. Qarşıda isə bizi “Böyük Qayıdış” gözləyirdi.

44 günlük qələbədən sonra Azərbaycan dövləti üçün prioritet məsələ işğaldan azad olunan ərazilərin bərpası və “Böyük Qayıdış”ın qısa müddətdə yüksək səviyyədə təmin edilməsidir. Ölkə rəhbərliyi “Böyük Qayıdış”ı yüksək səviyyədə həyata keçirmək əzmini dəfələrlə nümayiş etdirib. Hazırda işğaldan azad olunan ərazilərdə görülən önəmli və fundamental işlər Azərbaycanın bu istiqamətdəki qüdrətini bir daha göstərir.

Nəhayət ki, gözlənilən gün gəldi və ölkə başçısının da dediyi kimi, Böyük Qayıdışın kiçik addımı atıldı. İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verildi. Xəbər verildiyi kimi, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsinə həsr edilmiş tədbir Abşeron rayonunun Masazır kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində keçirildi. Məcburi köçkünlərin ilk qrupu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyindən” Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə öz doğma yurd-yuvalarına yola salındı. Ümumilikdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə ilk mərhələdə 41 ailə köçürüldü Kənddə reallaşdırılan layihənin icrası – yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri üzrə həyata keçirilib. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcək. Kənddə DOST Agentliyinin “Şərqi Zəngəzur və Qarabağ” proqramı çərçivəsində “Smart DOST” xidmət məntəqəsi də fəaliyyətə başlayacaq. Ağalıda “Dost Aqropark” fəaliyyət göstərəcək. Eyni zamanda, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş tərəfindən birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət olunacaq.

Kənddə müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, Günəş panellərinin quraşdırılması kimi amillər yüksək səviyyədə reallaşdırılıb. Bütün bunlarla bərabər, kənddə “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və orta məktəb inşa edilib. Ağalıya köçürülən ailələr tibbi müayinələrdən keçirilib.

Ağalıda aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb. Bununla yanaşı, kənddə yeni intensiv bağlar salınmasına, bağçılığın sürətli inkişafı üçün layihələrin həyata keçirilməsinə başlanıb.

Kənddə əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli binaların inşası da nəzərdə tutulur.

Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə görüşdəki çıxışında dövlət başçısı dünyada güc amilinin ön planda olması və ölkəmizin öz gücünü artırmasının zəruriliyi məsələsinə toxunub. Dövlət başçısı bildirib ki, bu gün güc amili ön plandadır: “Mən bu haqda hələ on il bundan əvvəl demişdim. Mənim çıxışlarımın hamısı mətbuatda var. Dedim ki, beynəlxalq hüquq işləmir. Biz özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Lazım olarsa düşməni güc yolu ilə torpağımızdan qovmalıyıq. Bunu demişəm də, bunu etmişəm də.” Güc amilinin bundan sonra da dünyada hakim olacağını vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Bunu indi yaxın tarix də göstərir. Ona görə bundan sonra da güclü olmalıyıq və güclü oluruq. Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Deyə bilərəm ki, dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Hərbi gücümüzü də artırırıq. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılıb, yeni texnika alınır və bundan sonra da biz bunu edəcəyik. Çünki biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik ki, bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna həsəd apara bilər. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur.”

Fəxrlə deyə bilərik ki, Azərbaycan dövləti Qarabağda tarix yazmaqda davam edir. Azad edilmiş ərazilərimiz sıfırdan qurulur, sürətlə bərpa edilir. Bu tarixi proseslərə şahidlik etmək, azad Qarabağın yenidən qurulmasını, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasını izləmək Azərbaycan xalqı olaraq bizə böyük qürur verir. Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə “Ağıllı kənd” layihəsinin işğaldan azad olunmuş ərazilərdə tətbiqi Böyük Qayıdış proqramının icrasında davamlı səmərəli nəticələrə gətirib çıxaracaq.

Daha çox xəbərlər