Cəmiyyət 

Hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq

“Əminəm ki, hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Bax dövlətin siyasəti bundan ibarətdir. Mən hər zaman Azərbaycan dövlətinin siyasətini birmənalı şəkildə ifadə edirdim, bunu ictimaiyyətə təqdim edirdim. Mənim bir çox çıxışlarım ictimaiyyət qarşısında hesabat xarakterli çıxışlardır və eyni zamanda, bütün dövlət məmurlarına, o cümlədən sahibkarlara dediyim sözlər, hesab edirəm ki, əsas olmalıdır”. Bu sözləri ölkə başçısı iyulun 25-də Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayonlarına icra hakimiyyəti başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edən zaman söylədi. Çıxışı zamanı Prezident İlham Əliyev vətəndaş məmnunluğunun artırılmasını hər bir məmurun qarşısında əsas tələb kimi qoydu. Dövlət başçısı sözügedən görüşdə yeni təyin olunmuş İcra Hakimiyyəti başçılarına bir daha bildirdi ki, siz daim insanlarla təmasda olmalı, onların problemlərini öz dillərindən eşitməli, təşəbbüskar olmalı, korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparmalısınız. Beləliklə, hər zaman öz xalqının yanında olan, xalqının rifahını hər şeydən üstün tutan, özünü xalqının bir nömrəli xidmətçisi adlandıran dövlət başçımız vəzifəyə təyin olunan məmurlara da bu prinsiplərlə işləməyi tövsiyyə etdi. Bununla yanaşı, bütün bunları gözardı edərək şəxsi mənfəətlərini dövlət mənafeyindən üstün tutanların aqibəti də çıxışda özünə yer tapdı. Ümumiyyətlə nəzərdən qaçırmaq olmaz ki, hətta ən yüksək texnologiyalarla işləyən sistemlər də qurulsa, bu sistemlərdə insan əməyi və faktoru hər zaman mövcuddur. Buna görə də vicdanla və məsuliyyətlə çalışan kadrlar aparılan böyük islahatların ən təməl şərtlərindən biridir. Son dövrlərdə dəqiqliklə yerinə yetirilən kadr islahatları da məhz buna hesablanmışdır.

Dövlət rəhbərimizin sözügedən çıxışına yaxından nəzər salsaq, burada şəhid ailələrinə, müharibə iştirakçılarına xüsusi və diqqət qayğı göstərilməsinin vacibliyinin vurğulandığının da şahidi olarıq. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən bir daha aydın oldu ki, məmurlar, ilk növbədə, şəhid ailələri və qazilərimizə maksimum diqqət ayırmağa borcludurlar. Çünki tarixi Qələbəmizin əldə olunması məhz onların xidmətidir. Dövlət bu sahədə üzərinə düşən öhdəlikləri yerinə yetirir. Yerli icra və özünüidarəetmə orqanları da bunu davam etdirməli və həssas kateqotiyadan olan şəxslərə maksimum qayğı ilə yanaşmalıdırlar.

Dövlətimizin başçısı qəbul zamanı icra hakimiyyəti başçılarına rayonların in­kişafı ilə bağlı da tövsiyələrini vermiş, onla­rın təşəbbüskar olmalarının zəruriliyini xa­tırlatmış və rayonları turizm mərkəzinə çevirməyin əsas vəzifələrdən biri olduğunu vurğulamışdır. Qeyd etmək zəruridir ki, ölkə başçısı regionların sosial-iqtisadi inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirmişdir. Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixdə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair (2004-2008-ci illər) Dövlət Proqramı aktuallığına, əhəmiyyətinə və miqyasına görə xüsusi diqqət mərkəzində olmuşdur.  2004-cü ildə birinci Dövlət Proqramının qəbulu ilə davam etdirilən inkişafın ölkəmizə qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır. Eyni şəkildə, 2009-2013 və 2014-2018-ci illər üzrə Dövlət Proqramları da ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində və regionların sosial-iqtisadi inkişafında fövqaladə rol oynamışdır. Uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır. Beləliklə, bu günə qədər ölkəmizdə regionların sosial-iqtisadi inkişafina dair 3 dövlət proqramı uğurla icra edilmiş, 4-cü sənədin icrası isə davam etdirilir. Bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır, hər bir bölgənin inkişafinda əhəmiyyətli rol oynayan infrastruktur tamamilə yenilənib və müasir tələblər səviyyəsində yenidən qurulub. Görülən işlər sahibkarlığın inkişafına da geniş imkanlar açıb. Bununla yanaşı, özünüməşğulluq proqramlarının əhatə dairəsi də genişlənib. “Asan Xidmət”, Ailə Biznesinə Asan Dəstək (ABAD), Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzlərinin sayının artması da məhz bu hədəflərə yönələn addımlardandır. Bu günün əminliklə qeyd etdiyimiz reallıqları sırasında şəhərlə kənd arasında fərqin aradan götürülməsi məhz regional inkişaf proqramlarının uğurlu icrasının nəticəsidir.

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar göstərir ki, dövlətimiz qarşıdakı illərdə də bölgələrin inkişafına xüsusi yardım göstərmək niyyətindədir. Bu hədəflərə çatmaq üçün makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ixrac yönümlü məhsul istehsalının artırılması başlıca vəzifə kimi qarşıya qoyulmuşdur.

Xəqani Şirinov,

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Pirallahı rayon filialının sədri

Daha çox xəbərlər