Gündəm 

Ərzaq təhlükəsizliyinə böyük töhfə

Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanı mühüm əhəmiyyət kəsb edir

Azərbaycanda kənd təsərrüfatının inkişafının davamlılığının təmin edilməsi, yerli istehsalın stimullaşdırılması, o cümlədən bu sahədə ixrac potensialının gücləndirilməsi, xaricdən asılılığın azaldılması, eyni zamanda dünya bazarında dəyişən qiymətlərin təsirinin minimallaşdırılması ölkə başçısı tərəfindən qarşıya qoyulmuş əsas prioritet istiqamətlərdəndir.

2016-cı il dekabrın 6-da  Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində ölkənin ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institutsional potensialın gücləndirilməsi strateji hədəf kimi elan edilmiş və sözügedən hədəfə çatmaq üçün əsas prioritetlər müəyyənləşdirilmişdir.

Heç kimə sirr deyil ki, bu gün qlobal iqlim dəyişikliyi, eləcə də COVID-19 pandemiyası, Ukraynada baş verən hadisələr, eləcə də enerji daşıyıcıları bazarındakı kəskin bahalaşma planetimizi ərzaq təminatı və kəskin bahalaşma təhlükəsi ilə üz-üzə qoyub. Bu səbəblər üzündən dünyanın cari ilin payızından etibarən ərzaq qıtlığı ilə üzləşəcəyi, 2023-cü ildə problemin daha da dərinləşəcəyi gözlənilir. Bu baxımdan ərzaq təhlükəsizliyinin davamlı olaraq möhkəmləndirilməsi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biridir. Hökumət dünyanı təhdid edən qida təminatı və bahalaşma təhlükəsinə qarşı, həmçinin xaricdən asılılığı azaltmaq üçün ardıcıl proqramlar həyata keçirir.

Hazırda Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün strateji məhsullar arasında mühüm yeri tutan taxıl istehsalının artırılması istiqamətində mühüm addımlar atılır, məhsuldarlığın artmasına xidmət edən iri taxılçılıq təsərrüfatları yaradılır. Kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə taxılçılığın inkişafı üçün subsidiya verilir, texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Qırx dörd günlük Vətən müharibəsində azad olunan ərazilərdə bu il 50 min hektar sahədə aparılmış əkinlərin əsasını taxıl əkinləri təşkil edir.

Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə Prezident İlham Əliyevin 2022-ci il iyulun 19-da “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanı bunun əyani təsdiqidir. Fərmanda bildirilir  ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Bu məqsədlə aqrar sahəyə dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir və beynəlxalq təcrübəyə əsaslanan yeni dəstək tədbirləri həyata keçirilir.

Son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə müasir texnologiyaların tətbiqinə əsaslanmaqla taxılçılıq təsərrüfatlarının yaradılması, həmçinin uzun illər ərzində işğal altında qalan torpaqların işğaldan azad olunması ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması məqsədilə yeni hədəflərin müəyyən edilməsinə imkan verir. Sənəddə bildirilir ki, ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya görə əlavə məhsul subsidiyası tətbiq ediləcək. Belə ki, ölkəmizdə hər il ərzaqlıq buğdanın tədarük qiyməti müəyyən ediləcək, ərzaqlıq buğdaya görə 5 il müddətinə subsidiya veriləcək. Azərbaycan respublikası Nazirlər Kabineti ərzaqlıq buğdanın istehsal xərclərini və istehsalçının mümkün qazancını nəzərə almaqla 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən edəcək. Eyni zamanda, Dövlət Statistika Komitəsi Azərbaycana idxal edilən ərzaqlıq buğdanın qiymətini əsas götürərək hər ay üçün orta idxal statistik göstəricini elan edəcək. Həmçinin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bu fərmanda nəzərdə tutulan təsərrüfatların su təminatının təkmilləşdirilməsi məqsədilə tədbirlər görəcək.

Təqdiredici haldır ki, hazırda Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanının icrası istiqamətində işlər davam etdirilir. Belə ki, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Dövlət Ehtiyatları Agentliyinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müvafiq Sərəncam qəbul edilib. Həmin Sərəncamla ərzaqlıq buğdanın istehsal xərcləri (maya dəyəri) və istehsalçının mümkün qazancı nəzərə alınmaqla, Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində göstərilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2022-ci il üçün 580,0 (beş yüz səksən) manat müəyyən edilib.

Daha çox xəbərlər