Siyasət 

Minsk qrupunu diriltmək cəhdləri «dəryada balıq sevdası»dır

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə  Minsk qrupu ilə bağlı dəyişilməyən mövqeyini bir daha xatırladan dövlət başçımızın vurğuladığı kimi, ölü qrupu diriltmək cəhdləri olsa da, bu institut  faktiki olaraq səhnədən gedib

Hələ də «kövrək» olan böyük sülh sazişi üçün ciddi təhlükə olan, işğaldan azad  olunan  Kəlbəcər kimi respublikamızın   digər  sərhəd bölgələrində də təxribatların törədilməsi Azərbaycana məxsus hərbi hissələrin  erməni silahlıları  tərəfindən  atəşə tutulması işğalçı dövlətin  10 noyabr 2020-ci ildə, 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli Bəyanatda Azərbaycanın, Rusiyanın, Ermənistanın  yerinə yetirməli olduqları öhdəliklər aydın ifadələrlə əks olunub. Razılaşmaya əsasən, bölgədə sabitlik yaratmağı və erməni silahlılarını bölgədən uzaqlaşdırmağı öhdəsinə götürən Rusiya sülhməramlılarının yerləşdikləri ərazilərdə hələ də  «saqqallı terrorçuların» mövcudluğu müəyyən suallar doğurur: Erməni təxribatçıları tərəfindən atəşkəsin pozulması  nəyə hesablanıb və kimlərin maraqlarına xidmət edir? Silahlıların və sülhməramlıların eyni ərazidə yerləşmələrinin anlamı nədir? Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi təsdiqlənən  Qarabağda sabitliyin qarantı olduğunu bəyan edən Rusiya sülhməramlılarının qorumağa  borclu olduqları «sülh» hansı səbəbdən və nə məqsədlə pozulur?  Mülahizələr çox olsa da  məqsəd Minsk qrupunun saxlanılmasıdır. Artıq tarixin arxivinə göndərilmiş «Dağlıq Qarabağ münaqişəsi»nin həlli ilə məşğul olmaq kimi vəzifə məsuliyyətini «unudan»,  vədinə xilaf çıxan,  28 il  bölgəyə turst kimi səfərlər edən, yalnız Ermənistanın maraqlarına uyğun açıqlamalar verən qrupun məqsəd və məramının əsassızlığını   «Nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status. Gorbagor oldu status. Yoxdur status. Və olmayacaq. Nə qədər ki mən Prezidentəm, olmayacaq» sözləri ilə ifadə edən dövlət başçımız   qətiyyətlə bildirdi ki, bu «üçlüyün» artıq təqaüdə getmək vaxtıdır.

«Minsk üçlüyü»nün  fəaliyyətsizliyini etiraf edən qrupun
sabiq həmsədri Riçard Hoqlandın artıq olmayan  «Dağlıq Qarabağ münaqişəsi» ilə bağlı açıqlaması da deyilənləri təsdiqləyir. Riçard Hoqland Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin saytında dərc olunmuş yazısında  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qrupun  qaranlıq, «gərgin fəaliyyəti»nin illərdən bəri  gizli saxlanılan məqamlarını  bu sözləri ilə ifadə edir: «Etiraf edirəm ki, gördüyümüz işlər və o işlərin yerinə yetirilmə forması haqqımızdakı stereotiplərə tam uyğun idi. Beşulduzlu otellərdə qalırdıq və orada bizə lüks apartamentlər ayrılırdı. Restoranlardan, bardan pulsuz istifadə edirdik. Olduğumuz şəhərlərdə həmişə ən yaxşı restoranları axtarırdıq. Bakı və İrəvanda ATƏT bayrağını göstərirdik, yaxşı yaşayırdıq. Lakin etiraf edirəm ki, çox az iş gördük» . Münaqişənin guya həllini nəzərdə tutan, əslində isə   Ermənistanın işğalçılıq siyasətinə dəstək olduğunu bildirən diplomatın «Lavrov planı» ilə bağlı  açıqlaması da  «maraqlıdır»: «Rusiyalı həmsədr Popovdan soruşdum ki, Bakı və İrəvan güzəştlərə getsələr və planı qəbul etsələr, Kreml gerçəkdən də, planı reallaşdırmağa hazırdır? Onun açıq cavabı belə oldu: «Təbii ki, yox». Beləliklə, anladım ki, Qarabağ münaqişəsi sadəcə, Azərbaycanla Ermənistan arasındakı problem deyil. Bu münaqişə, əslində üçtərəfli, Rusiyanın əhəmiyyətli, hətta bəlkə də həlledici rol oynadığı məsələdir. Rusiya münaqişə tərəfi olan ölkələri təsir dairəsində saxlamaq üçün münaqişənin tam həllində maraqlı deyil.»  Yəni,  Ermənistan kimi, onu dəstəkləyənlərin maraqları naminə yaradılan, necə deyərlər  «nə hərb , nə sülh» tezisinə  uyğun «fəaliyyət göstərən» Minsk qrupunun gizli,   «üç müşketyor» oyunu  özünütəkzibin  beynəlxalq səviyyədə  təsdiqidir.

Prezident İlham Əliyevin xarici jurnalistlərlə görüşlərindən bir məqamı xatırlamaqla  Azərbaycanın sülhyaratma məsələsində  Minsk qrupundan daha artıq səy göstərdiyinin şahidi olarıq:  Rusiyanın «Zvezda»” və «Bolşaya Aziya»” mediaholdinqlərini təmsil edən jurnalistin  dövlət başçımıza müraciətlə söylədiyi  «Siz bütün dünyanın gözü qarşısında nadir presedent yaratdınız. Çünki Siz Qarabağ müharibəsi zamanı mütləq mənada sülhməramlı kimi çıxış etdiniz. Siz 23 dəfə sülh haqqında danışdınız, halbuki digər tərəf bir dəfə də olsun, bu cür bəyanat vermədi» sözləri Prezident İlham Əliyevin münaqişənin sülh yolu ilə həlli naminə göstərdiyi siyasi iradəyə inam,  etimad,  «Minsk qrupunun fəaliyyətinə ehtiyac varmı?» sualının cavabıdır.
İkinci Qarabağ müharibəsində qazanılan Qələbə ilə  30 illik işğala son qoyan   Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi Silahlı Qüvvələrimiz  BMT Təhlükəsizlik Şurasının qətnamələrini,   Minsk qrupunun  öhdəsindən gələ bilmədiyi vəzifələri 44 gündə yerinə yetirdi. Dövlət başçımızın «Dağlıq Qarabağ adlı məhfum artıq yoxdur» sözlərinin beynəlxalq səviyyədə təsdiqlənməsi,  Azərbaycanın Qələbəsi ilə başa çatan  Vətən müharibəsi zamanı, döyüşlərin davam etdiyi  günlərdə və  sonrakı müddətdə də  hadisələrə müdaxilə etməyən,  əvvəllər olduğu kimi,    səssizlikləri ilə  işğalçını dəstəkləyən Minsk qrupu ölü qurum olduğunu  fərasətsizlikləri ilə də təsdiqlədilər. Azərbaycanın Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsindən  sonra işğaldan azad olunmuş bölgələrə səfər edən ölkəmizdə akkreditasiya olunan digər diplomatik korpus nümayəndələrindən fərqli olaraq Minsk qrupuna daxil olan ölkələrin- ABŞ-ın, Fransanın və Rusiyanın ölkəmizdəki  səfirlərinin  tədbirlərdə iştirak etməmələri bir çox məqamlara aydınlıq gətirir. Diqqətçəkən və təzad yaradan  məqam isə  digər həmsədrlərdən fərqli olaraq Rusiyanın 10 noyabr Bəyanatını imzalaması, bölgədə sülhyaratma missiyasını öz üzərinə götürməsi, öhdəliyin qüvvədə olduğu müddətdə  erməni silahlıları tərəfindən atəşkəsin dəfələrlə  pozulmasıdır.   Xatırladaq ki, 10 noyabr 2020-ci ilin  noyabrında imzalanan üçtərəfli Bəyanatda qeyd olunur ki, Rusiya sülhməramlıları, eyni zamanda  bölgədə gizlənən erməni terrorçularını,  silahlılarını ərazilərdən çıxarmalıdır, amma…  Açıqlamalarını gözləyən ammalar isə bitmir.
Son zamanlarda  işğaldan azad olunmuş ərazilərdə ermənilərin qeyri-qanuni silahlı dəstələrinin törətdikləri təxribatlar göstərir ki,  Bəyanatın tələblərinin yerinə yetirilməsi sənəddə nəzərdə tutulan səviyyədə deyil.
Görünən odur ki, atəşkəsin pozulmasına göz yumanlar Türkiyənin bölgədə  möhkəmlənən nüfuzuna  qısqanclıqla yanaşır, hər iki qardaş ölkəni təxribata çəkməyə çalışırlar. Digər variant isə sülhyaratma missiyasının rəsmiləşdirilməsi ilə mandata sahib niyyətidir.  Bu  səlahiyyət isə  yalnız Azərbaycana məxsusdur.   Çünki Bəyanatda qeyd olunur ki, tərəflərdən biri imtina etsə, sülhməramlıların fəaliyyətinə ehtiyac qalmayacaq.

Təəssüflər olsun ki,  Minsk qrupu ərköyünləri  Ermənistanın ordusunu  canlandırmaqda, modernləşdirməkdə  maraqlıdır. Amma unudurlar ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın Silahlı Qüvvələri  Ermənistanın «qüdrətli» ordusunu darmadağın etdi.
«Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər» söyləyən Prezident İlham Əliyev hansısa  «mifik ordu», «status»la bağlı söhbətin arxada qaldığını da vurğulayır.
Vətən müharibəsində aldıqları dərsdən, qulaqburmasından  nəticə çıxarmayan, Minsk qrupunu diriltməyə çalışan   işğalçı ölkənin revanşist dairələri anlamalıdırlar ki,  «status» haqqında danışmaq Ermənistanın sonunu yaxınlaşdırır.  Minsk qrupu faktiki olaraq səhnədən gedib.   «Sehirli çubuq»larla  idarə olunan, illərdən bəri səmum yeli kimi əsdiyi səmtə uyğun fikir formalaşdıran, 28 ildə heç bir nəticə əldə etmək niyyətində  olmayan   Minsk qrupuna ehtiyac yoxdur. Qrupu canlandırmağa çalışlardan sual olunur: Minsk qrupu nə ilə məşğul olmalıdır?  Çünki Qarabağ münaqişəsi  Azərbaycanın öz gücünə həll olunub və  « status» mövzusu bağlanıb. «Ölünü diriltmək bacarığı» olan şeyxnəsrullahların da dövrü arxada qalıb.
Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə  Minsk qrupu ilə dəyişilməyən mövqeyini bir daha xatırladan dövlət başçımızın    «Yenə də ölmüş Minsk qrupunu diriltmək cəhdləri var. İndi Minsk qrupu faktiki olaraq səhnədən gedib. Biz – bu prosesin iştirakçısı olan ölkə deyirik ki, Minsk qrupuna ehtiyac yoxdur, 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur. Bunu biz deyirik. Minsk qrupu həmsədrləri arasında yumşaq desək, soyuq müharibə gedir. Faktiki olaraq özləri etiraf edirlər ki, Minsk qrupu qeyri-funksionaldır. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub. Ermənistan tərəfi yenə də, hər dəqiqəbaşı Minsk qrupu belə gəldi, Minsk qrupu belə getdi deyir. Bu, nə deməkdir? Sadəcə olaraq, biz yenə də bunun arxasında ölkəmizə qarşı ərazi iddiası görürük. Bir tərəfdən, Ermənistan bizim beş prinsipimizi qəbul edir, bunu etiraf edir – onların arasında ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialarından əl çəkilməsi və digər müddəalar var – digər tərəfdən, Minsk qrupu elə bil, nə iləsə məşğul olmalıdır. Onda sual olunur: Nə ilə məşğul olmalıdır? Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır! Bunu mən demişəm və haqlı olaraq demişəm, indi bunu hamı deyir. O cümlədən Ermənistan deyir – öz xoşu ilə yox, məcburən. Bu məsələ ilə bağlı müzakirə apardığımız bütün ölkələr, təşkilatlar deyir» sözləri də təsdiqləyir ki, faktiki olaraq    Minsk qrupu artıq fəaliyyətsizdir və həmsədr ölkələr Cənubi Qafqaz respublikalarında öz nümayəndələrini təyin ediblər.

Prezident İlham Əliyevin  imzaladığı Fərmana əsasən yaradılan iqtisadi zonalar arasında   Qarabağ və  Şərqi Zəngəzur rayonlarının olması  izaha, araşdırmalara ehtiyac duyulmayan  həqiqətin təsdiqidir.   Çünki Zəngəzur dəhlizinin bərpası  Qarabağda separatizmin varlığına son qoyacaq və Xankəndidə Azərbaycan bayrağının dalğalanması ilə nəticələnəcək. Prezident İlham Əliyevin   « Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxsin yaradılması ilə bağlı imzaladığı Fərmanla, «Şərqi  Zəngəzur  İqtisadi Rayonunda  1 saylı Bərpa, Tikinti, və İdarəetmə Xidmətinin Nizamnaməsi»nin təsdiqlənməsi ilə    görüləcək işlərin konkret istiqamətləri  göstərir ki,  Ermənistan üzərində Qələbəni öz gücü ilə qazanan Azərbaycan işğaldan azad edilən bölgələrin bərpasını da eyni qaydada başa çatdıracaq.   Nizamnamədə qeyd olunduğu kimi, Şərqi  Zəngəzur  İqtisadi Rayonunda  1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkilini,  bu qaydada tikilmiş çoxmənzilli binaların idarəedilməsi, habelə müvafiq ərazidə abadlaşdırma və mənzil- kommunal təsərrüfatı sahələrində  fəaliyyəti təmin edəcək. Məntiqi nəticə isə qalib ordumuzun Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin sözləri ilə təsdiqlənib: «Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!»

Daha çox xəbərlər