Gəncləşmə siyasəti, cənab Prezidentin gənc kadrlara inamı gəncliyin önündə mühüm perspektivlər deməkdir
Prezident İlham Əliyevin iyulun 25-də Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul etdi. Prezident yeni icra başçıları – Araz Əhmədov, Əkbər Abbasov və Elvin Paşayevə tapşırıqlarını və tövsiyələrini çatdırıb. Prezidentimiz həmçinin, ölkədə iqtisadi-sosial sahələrə dair mühüm mesajlar verdi və xəbərdarlıqlar da etdi.
Dövlətimizin başçısı rayonlarda vəziyyətin geniş təhlil olunması, mövcud nöqsanların aşkar edilərək aradan qaldırılmasını yeni icra başçılarına tövsiyə etdi. Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində görülən geniş abadlıq-quruculuq işlərindən, icra edilən böyük infrastruktur layihələrindən və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsinin aradan qaldırılmasından söz açan Prezident görülən işləri rayonların sosial-iqtisadi inkişafına çox böyük töhfə hesab etdiyini vurğuladı.
Prezident İlham Əliyev xüsusilə, yeni iş yerlərinin yaradılmasını vurğulayaraq, tapşırıqlarını bildirdi, icra başçılarının daim insanlarla təmasda olması, kəndlərə gedərək, problemlərlə maraqlanıb, sosial ədalət prinsipinə əməl etmələri haqqında fikirlərini dilə gətirdi. Cənab Prezident Vətən Müharibəsindən başlayaraq, bu günə qədər hər zaman böyük qəhrəmanlıq göstərən, şəhid olan övladlarımızın ailələrinə, eyni zamanda qazilərimizə, Vətən müharibəsi iştirakçılarına son dərəcə böyük diqqət və qayğı göstərir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər, minlərlə minik maşınları verilib. Bu proses davam etdirildiyini vurğulayan dövlətimizin başçısı Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələlərinin artıq yekunlaşmaq üzrə olduğunu söylədi. Prezident qeyd edib ki, digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdır.
Yeni təyin olunan icra başçılarının gənc kadrlar olması cəmiyyətdə xüsusilə rəğbətlə qarşılanan məqamlardan biridir. Ümumilikdə son təyinatlarda gənc kadrlar arasından vəzifəlilərin seçilməsi, yeni nəslə etimad göstərilməsi ölkə başçısının gənclərə diqqət və qayğısının təzahürüdür. Gəncləşmə siyasəti, cənab prezidentin gənc kadrlara inamı və onların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını tələb etməsi gəncliyin önündə mühüm perspektivlər deməkdir. Ölkə başçısı kadr islahatlarında gənclərin önə çəkilməsi ilə bağlı addımlar haqqında çıxışında da qeyd edirdi ki, Azərbaycanda yeni təfəkkürlü insanlar irəli çəkilir: “Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik”.
Sevinc Qasımova,
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini


