Gənclərin əməkdaşlıq imkanları genişlənir
Gənclər Sammiti Qoşulmama Hərəkatına üzv ölkələrin müxtəlif guşələrindən olan ən yaxşı beyinlərin öz ideyalarını bölüşmək, real dünyanın problemlərinin həlli yollarını tapmaq üçün bir araya gətirib
Hazırda hər bir dövlət üçün gənclər siyasətinin formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Çünki gənclik cəmiyyətin əsas resursu, gələcəyidir. İndi bütün dünyada gənclər mənəvi dəyərlərə, cəmiyyətə, siyasi və sosial proqramlara, iqtisadi proseslərə əhəmiyyətli dərəcədə təsir etmək gücünə və imkanına malikdir. Ölkənin bu günündən gələcəyə keçdiyi “körpü” məhz gənclərdir. Artıq çoxdan etiraf olunub ki, dövlətlərin uğurlu islahatları yalnız gənclərin fəal iştirakı ilə mümkündür.
Bu gün Azərbaycanda da gənclik cəmiyyətimizin fəal hissəsidir. Birmənalı olaraq gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx bağlıdır. Yeni nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir.
Vaxtilə ulu öndər Heydər Əliyevin Azərbaycanın gənclər siyasətinin formalaşmasına dair apardığı siyasətin bariz nümunələri indi də ölkə gəncliyinin, cəmiyyətin inkişafına töhfələr verir. Yəni indi əldə edilən uğurlar, qürurverici mənzərə uzun və qətiyyətli yolun, düşünülmüş siyasətin nəticəsidir. Ümummilli lider Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını vacib hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
Gənclərin sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə Ümummilli Liderin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev 30 avqust 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzaladı. 2005-2009-cu illər üçün nəzərdə tutulmuş “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın məqsədi gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək üçün sosial-iqtisadi və təşkilati-hüquqi şərait yaratmaq idi. Dövlət Proqramının məqsədinə uyğun olaraq aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdu: gənc nəslin Vətənə məhəbbəti, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması; gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması; gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi; istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması; gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi və məşğulluğunun təmin edilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi; sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həllinə köməklik göstərilməsi; gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi; ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatın formalaşması və inkişafı üçün şəraitin yaradılması; gənclərin beynəlxalq əməkdaşlığı sahəsində layihələrin həyata keçirilməsinə, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulmasına, onların nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına köməklik göstərilməsi.
“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” gənc nəslin gələcəyə hazırlanması baxımından müstəsna əhəmiyyət kəsb edir. Çünki gələcək gənclərindir və gənclərin yüksək səviyyədə formalaşdırılması cəmiyyətimizin intellektual potensialının gücləndirilməsində xüsusi rol oynayır. Prezident İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ən bariz sübutlarındandır.
Qeyd edək ki, iyulun 25-də Bakı şəhərində Qoşulmama Hərəkatına üzv olan ölkələrdən olan Gənclərin Sammiti öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakçılara ünvanlanmış müraciətini səsləndirilib. Müraciətdə bildirilib ki, Azərbaycanda gənclər siyasətinə müstəsna əhəmiyyət verilir və hazırda ölkəmizdə keçirilməkdə olan bu tədbir Hərəkat ölkələrinin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəkdir. Xatırladaq ki, tədbirdə Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndələri iştirak edirlər. Qoşulmama Hərəkatının Bakı Sammiti dünyanın hər yerindən müxtəlif mədəniyyətlərə və təcrübəyə malik gənclərin bir yerə toplaşdığı nadir platforma oldu. Tədbirdə gənclər müxtəlif qlobal məsələlərlə bağlı maraqlı fikir və ideyaları ilə çıxış etdilər. Beləliklə, Gənclər Sammiti Qoşulmama Hərəkatına üzv ölkələrin müxtəlif guşələrindən olan ən yaxşı beyinlərin öz ideyalarını bölüşmək, real dünyanın problemlərinin həlli yollarını tapmaq üçün bir araya gətirib. Sammitin keçirilməsi onu deməyə imkan verir ki, gənclərimiz bəşəriyyətin, qlobal sülh mədəniyyətinin və davamlı inkişafın müdafiəsində dəstəklərini göstərəcəklər. Sammit iyulun 29-da yekunlaşacaq.

