Gündəm 

Böyük Qayıdış başlandı

30 ilin nisgilinə, acısına son qoyan bu Qayıdış harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur hissini daha da artırdı

İki ilə yaxındır ki, tarixi Zəfərimizin qürurunu yaşayır. Vətən müharibəsi tariximizin şanlı səhifəsi kimi hər an vərəqlənir, 30 ilə yaxın dövrün nisgilinə, acısına, torpaq həsrətinə son qoyularaq işğaldan azad edilmiş torpaqlarımızda yeni həyatın başlanmasından böyük qürur hissi ilə danışılır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 noyabr üçtərəfli razılaşmanın əldə olunması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının elan edilməsindən sonra işğaldan azad edilmiş torpaqlarımıza ardıcıl səfərləri Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunu, torpaqlarımızın öz sahibinə qayıtdığının təqdimatıdır. Cənab İlham Əliyevin hər səfərində böyük sevinc hissi ilə bu ərazilərdə havanın da Günəşin də çıxdığı böyük qürur hissi ilə qeyd edilir, bunun rəmzi mənası olduğu diqqətə çatdırılır. 30 ilə yaxın dövrdə bu ərazilər tamamilə yerlə-yeksan edilmiş, erməni xislətinə uyğun addımlar atılmış, hər tərəf dağıntı içərisində olmuşdur. Tarixi, dini abidələrimizi tamamilə dağıdan, məscidlərimizdə donuz saxlayan ermənilər bu əməlləri ilə 30 il necə vəhşi ilə üz-üzə qaldığımızı dünyaya göstərirlər. Amma bu vəhşilikləri görmək zamanı gələndə «nədənsə» dünya görməzdən gəlir, sanki bunu da beynəlxalq hüququn prinsipi kimi təqdim etməyə çalışırlar. 30 ilin ən böyük faciələrindən biri məhz bu idi. Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları həqiqəti görür, amma maraqları naminə susur, işğalçı Ermənistanın danışıqlar prosesindən imitasiya naminə bəhrələnməsinə şərait yaradır, digər tərəfdən isə kağız üzərində saralmış qərar və qətnamələrində Azərbaycanın mövqeyinin haqlı olduğunu bildirirdilər. Maraqlı yanaşma deyildimi? ”

O da məlumdur ki, bütün azad olunmuş ərazilər “ağıllı şəhər”, “ağıllı kənd” layihələri çərçivəsində yenidən qurulur. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələrindən bəhs edərkən “İşğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən darmadağın edilməsini nəzərə alsaq, bu, böyük bir çağırışdır” bildirən ölkə Prezidenti bunun öhdəsindən qısa müddətdə gələcəyimizi bildirir. Bu layihələrlə ölkəmizin imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirmək niyyətimizi açıqlayan cənab İlham Əliyev daim bu fikri önə çəkir ki, böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır. “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə etdi. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olundu, turizm infrastrukturu formalaşdırıldı. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin edilib. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak etdilər. Dövlətimizin başçısı xarici şirkət nümayəndələri ilə görüşü zamanı bildirmişdir ki, birinci layihədə Türkiyə şirkəti iştirak edir. Bu, təbiidir. Çünki qardaş ölkə olan Türkiyə bizim bütün bərpa işlərində fəal iştirak edəcək. Artıq bir neçə Türkiyə şirkəti bərpa işlərində, infrastruktur layihələrində iştirak edir. Ağalı kəndi ilk pilot layihə olaraq «ağıllı kənd» layihəsi çərçivəsində yenidən bərpa olunaraq istifadəyə verildi və müasir görünüşü ilə diqqəti özünə çəkir.

Dövlət başçısı İlham Əliyev azad edilmiş torpaqlarda bütün bərpa işlərinin ən yüksək səviyyədə təşkil olunacağını bildirərək bu ərazilərin cənnətməkana çevriləcəyini böyük qürur hissi ilə vurğulayır. Ölkə Prezidenti bərpa işlərinin ilk günündən bildirdi ki, əsas məsələ şəhərlər, kəndlər bərpa olunan zaman təbiətə toxunulmaması, ziyan vurulmamasıdır.

Ermənilər bizim təbiətimizə də qəsd etmişdilər. 54 min hektar meşə zolaqlarını məhv etdilər, kəsib aparıb satdılar. Ölkə Prezidentinin işğaldan azad edilmiş rayonlara səfərləri və bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin qoyulması artıq yeni həyatın başlanmasına, Böyük Qayıdışın davamlı olacağına işarədir.

Dövlətimizin başçısının bütün çıxışlarında yer alan “Mən müharibədən əvvəl dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o cümlədən hərbi potensialımızı da nəzərdə tuturdum. Tarix və müharibənin nəticələri onu göstərdi ki, mən haqlı idim. Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik” fikirləri Azərbaycanın gücü, qüdrəti, xalqımızın birliyi, gənclərimizin vətərpərvərlik ruhunun, torpaq sevgisinin böyüklüyü əsasında qazanılan Qələbənin bugünümüz və gələcəyimiz üçün hansı perspktivləri açdığının təqdimatıdır. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq.” Cənab İlham Əliyev çıxışlarında bu məqamı da daim bildirir ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər: “Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi.”

Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, torpaqlarımız öz sahibinə qayıdaraq sevincli günlərini yaşayır. Bərpa işlərində Azərbaycanın öz iqtisadi imkanlarına güvəndiyi önə çəkilməklə yanaşı, dost ölkələrin şirkətlərinin, həmçinin ölkəmizlə əməkdaşlıq əlaqələri yüksək səviyyədə olan, milli-mənəvi, dini dəyərlərimizin qorunmasında atılan addımlarımızı təqdir edən və buna dəstək olan təşkilatların bu prosesə cəlb edilməsinin vacibliyi vurğulanır. Qeyd edək ki, cənab İlham Əliyev bərpa işlərindən bəhs edərkən öncə tarixi və dini abidələrimizin bərpasının prioritetliyini vurğuladı. Bunun üçün xarici mütəxəssislər cəlb edildi. İşğaldan azad edilmiş ərazilərimizin, o cümlədən Qarabağın tacı olan Şuşamızın hər bir məhəlləsi, küçəsi, divarı, daşı tarixdir. Bu ərazilərimizdə qədimiliklə müasirliyin vəhdətinin qorunması hazırlanan planda öz əksini tapır. Nəzərə alaq ki, bərpa işləri tamamlanıb Böyük Qayıdış həyata keçirildikdən, bu ərazilərdə yeni həyat başlandıqdan sonra xarici qonaqların da bölgələrimizə səfərləri başlanacaq. Təbii ki, burada bərpa işləri ölkə və dünya ictimaiyyətinə çatdırılması vacib olan məqamları da özündə ehtiva edir. Bu ərazilərdə muzeylərin yaradılması nəzərdə tutulub və Memoral Komplekslərin təməli qoyulub. Həmçinin ermənilər tərəfindən tamamilə dağıdılan, amma bərpa olunmayan məhəllələr saxlanılmasının nəzərdə tutulması da təbliğat işinin yüksək səviyyədə qurulmasına böyük töhfə olacaq. İşğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlanması da bu rayon və bölgələrimizin ən yüksək standartlara cavab verən müasir yaşayış məkanlarına çevriləcəyindən xəbər verir. Dövlət başçısı İlham Əliyevin “Mən demişəm, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» fikirləri görülən işlərin əsasında dayanaraq hər kəsdə böyük ruh yüksəkliyi yaradır, prioritetlərinin qısa zamanda reallığa çevrilməsi fonunda işğaldan azad edilmiş torpaqlarımıza qayıdış da artıq gerçəkləşir. Ümumilikdə Azərbaycanın bütün bölgələrinin malik olduğu potensialdan səmərəli istifadə daha da qüdrətli, zəngin dövlətə çevriləcəyinə əsas verəcək. Prezident İlham Əliyevin 27 aprel 2021-ci il tarixli “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanı da bu torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsinə, ərzaq təhlükəsizliyinin təminatına, sahibkarlığın inkişafına xidmət edən addımlar sırasındandır. Azərbaycanın gələcək inkişafı üçün yol xəritəsi kimi dəyərləndirilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” məhz bu istəklərin reallığa çevrilməsinə hədəflənib.

Bu gün Zəngilanın Ağalı kəndinin sakinləri həyatlarının ən xoş anlarını, sevincli günlərini yaşayırlar. Artıq 41 ailə, 201 sakin öz doğma yurd-yuvasını qovuşaraq 30 ilin nisgilinə son qoyulmasından qürur hissi keçirir. «Ağıllı kənd» layihəsinin ilk qonağı olan Ağalı kəndində soydaşlarımızın yüksək yaşayışının təmin edilməsi üçün bütün imkanlar yaradılıb. Ağalı sakinlərinin mərhələli şəkildə öz doğma yurd-yuvalarına köç etməsinin yaratdığı sevinci izlədikcə bir daha bu Zəfəri bizə xalqımıza yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan ordusuna minnətdarlıq ifadə edilir, şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. Dövlət başçısı İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən şəhid ailələrinə diqqət və qayğıdan bəhs edərkən bir daha bu məqama xüsusi diqqət yönəltmişdir ki, biz bu Qələbəni onlara – şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik: «Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir.»

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərimiz təkmil idarəçilik sisteminin tətbiqi şəraitində bərpa edilir, Böyük Qayıdışın ilk addımının reallaşması fonunda bu prosesin davamlı olacağına əminlik daha da artır. Soydaşlarımızın tamamilə bu torpaqlara yerləşəcəyi gün uzaqda deyil. Bərpa-quruculuq işləri üçün yeganə rəqib zamandır. Bu baxımdan ki, bərpa-quruculuq işlərini ən yüksək səviyyədə görmək üçün bütün imkanlar mövcuddur. Azərbaycanın iqtisadi və maliyyə imkanları bütün işləri qısa zamanda başa çatdırmağa əsas verir. Bu işlərin görülməsinə mane olan torpaqlarımızın minalardan təmizlənməsidir. Bu proses böyük vaxt itkisidir. Bütün hallarda Azərbaycan xalqı sevinslidir. Əsas olan budur ki, torpaqlarımız tarixi sahibindədir. Qarabağda, Şərqi Zəngəzurda başlanan yeni həyat dünyaya bir daha belə bir çağırışı edir: Biz bu torpaqlarda bundan sonra əbədi olacağıq!

Daha çox xəbərlər