Tərtərdə 470 hektardan artıq sahədə təkrar əkin aparılıb
Tərtər rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər. Rayonda məhsul yığımı ilə yanaşı kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir.
Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tərtərli fermerlər biçilmiş taxıl sahələrinin 4600 hektarında yay şumu qaldırıb, 470 hektardan artıq sahədə təkrar əkin aparıblar. Təkrar əkinlərin 416 hektarı qarğıdalı, 60 hektara yaxını günəbaxan, tərəvəz bitkiləri, yem üçün sorqo bitkisidir. Hazırda rayonda təkrar əkinlər davam edir.

