Yeni reallıqlar idarəetmədə təkmilləşməyə çağırışlar edir
Dövlət başçısı İlham Əliyevin «Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» Fərmanı da bu məqsədə xidmət edir
«Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir.” Dövlət başçısı İlham Əliyev, eyni zamanda, bildrir ki, əlbəttə, elmin inkişafı da ümumi inkişaf templəri ilə uzlaşmalıdır. Azərbaycanda elmin, ali təhsilin, iqtisadiyyatın birliyi yaradılmalıdır. Bizim üçün elmin inkişafı ilə bağlı əsas məsələ prioritetlərin düzgün seçilməsidir. İşimizi bu prioritetlər üzərində qurmaq üçün konkret təkliflər verilməlidir.
Bu reallıq da inkaredilməzdir ki, bütün dövrlərdə alimlərimiz Azərbaycanın müxtəlif istiqamətlərdə inkişafına dəyərli töhfələrini vermişlər. İndiki müstəqilliyimizin inkişafı və möhkəmlənməsi şəraitində elmi potensialın güclənməsinə böyük ehtiyac vardır.
Dövlət başçısı İlham Əliyev günümüzün əsas çağırışı olan bu mühüm məqamı xüsusi qeyd edir ki, uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail ola bilərik: «Bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin. Əgər biz buna nail ola bilsək, – mən inanıram ki, buna nail olacağıq, – onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir. Bizim gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bax, bu amillərin sintezi bizim ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcəkdir.»
Ölkəmizdə savadlılığın səviyyəsinin təxminən 100 faizə yaxın olması, təbii ki, uğurlu, təkmil islahatların, təhsilin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir. «Azərbaycanda təhsil ölkəmizin dinamik inkişafı ilə addımlamalıdır» söyləyən ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, təhsilə göstərilən diqqət büdcə xərclərimizdə də özünü təsdiqləyir. Büdcə xərclərimizin əsas hissəsi təhsillə və müdafiə potensialımızla bağlıdır. Cənab İlham Əliyev vurğulayır ki, biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi.
Ölkə Prezidentinin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə 28 iyul 2022-ci il tarxidə imzaladığı «Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» Fərmanı da müasir dövrün tələblərin özündə ehtiva edir. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilir.
Prezident İlham Əliyevin irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi hər bir qərar, atılan addımlar Azərbaycanın gələcəyinə xidmət edir. 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı reallıqlar islahatları dərinləşdirməyi, idarəetmədə təkmilləşməni bir tələb çevirib. İmzalanan Fərman Azərbaycanda elm və təhsilin inkişafında, vəhdətin yaradılmasında yeni bir mərhələnin başlanğıcı olacaq. Elm sahəsində islahatların aparılması gələcəkdə uğurlu nəticələrini verəcək.
Reallıq budur ki, bu gün Azərbaycan regionun aparıcı qüvvəsi, dünyada etibarlı tərəfdaşdır. Ölkəmizdə bütün sahələrdə zamanın tələblərinə uyğun olaraq ciddi islahatlar həyata keçirilir və uğurlu nəticəsini verir. Azərbaycanın inkişaf modeli dünyaya nümunədir.
Təkcə bu faktı qeyd etmək kifayətdir ki, ölkəmiz son illərdə orbitə 3 peyk çıxarıb: “Azərspace 1” telekommunikasiya peyki, “Azərsky” müşahidə peyki və “Azərspace 2”. Bu mühüm hadisələr dövlətimizin gücünü, həyata keçirilən siyasətin uğurlu gələcəyə hesablandığını təsdiqləyir. Ölkə Prezidenti İlham Əliyev üçüncü peykin orbitə buraxılması münasibətilə xalqa təbrikində bu məqamı da qeyd etmişdir ki, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir. Yeni texnologiyaların tətbiqi şəraitində qarşıya əsas hədəf kimi qoyulan iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasına yüksək səviyyədə nail olmaq mümkündür. Yeni inkişaf mərhələsinin əsas çağırışı çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.
Təhsil problemlərinin həlli istiqamətində zəruri addımların atılması, uşaqların gənc yaşlarından ən mütərəqqi təcrübə ilə tanış olması, beynəlxalq standartlara uyğun hazırlanması üçün ölkəmizdə əsaslı baza yaradılıb. Təhsilin inkişafında məktəblərin rolu önə çəkilərək, onların maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, kompyuterləşdirilməsi əsas məsələ kimi öndədir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Heydər Əliyev Fondunun «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi çərçivəsində 2 mindən artıq məktəb tikilib və ya yenidən təmir olunaraq istifadəyə verilib. Bu günümüzün əsas tələbi budur: «Hər şagirdə bir kompyuter».
Məqsəd budur ki, təhsilə ayrılan xərclərdən səmərəli istifadə olunsun, gənc nəslin dünyada gedən proseslərə uyğun, eyni zamanda, milli dəyərlərə əsaslanaraq inkişafı təmin edilsin. Azərbaycanın gənclər arasında əməkdaşlığın inkişafına xidmət edən müxtəlif səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın gənclər siyasətinin uğrlarına aydınlıq gətirir. Bu tədbirlərdə əsas məqsəd məhz bu olmuşdur ki, müxtəlif ölkələrdə aparılan gənclər siyasətinə diqqət artırılsın, gənclər siyasəti üzrə dünya ekspertləri bir araya gəlib, müasir dövrün cağırışlarını birgə cavablandırmağın yollarını müzakirə etsinlər. Dünya gənclərinin problemlərinin Azərbaycanda müzakirə olunması bu sahədə də təcrübəmizin nümunəviliyinə, ölkənin hərtərəfli inkişafında gənclərin malik olduğu potensial imkanlardan səmərəli istifadəyə daha çox önəm verilməsinə işıq saldı. Azərbaycanın təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Gənclər Sammitinin bu günlərdə ölkəmizdə keçirilməsi də deyilənlərin təsdiqidir. Quruma üzv 120 dövlətin gənclərini bir araya gətirən bu Sammitdə gənclərin potensial imkanlarından səmərəli istifadə fonunda hədəflər müəyyənləşdirildi.
Dövlətimizin gənclərin malik olduğu imkanlardan maksimum istifadə istiqamətində atdığı addımların davamlılığı qəbul olunan və uğurla icra edilən Dövlət proqramlarından da aydın görünür. Dövlət başçısı İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli «2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı»nın, həmçinin 23 noyabr 2018-ci il tarixli «Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya»nın təsdiqlənməsi haqqında Sərəncamları uğurlu iqtisadi tərəqqinin kadr hazırlığının beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasından asılı olduğunu bir daha təsdiqləyir. Ölkə Prezidenti İlham Əliyevin gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının uğurlu icrası da bu kimi məqsədlərə yönəlmişdir. Artıq bu Proqramın icrası müddətində 5 min tələbənin xarici ölkələrdə təhsili təmin edilib. Onlar təhsillərini başa vuraraq, Vətənə qayıtmaqla əldə etdikləri təcrübələr əsasında ölkəmizin daha da inkşafına, tərəqqisinə öz töhfələrini verirlər.
Bir sözlə, Prezident kimi fəaliyyətə başladığı gündən «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürən və bu istiqamətdə mühüm addımlar atan dövlət başçısı İlham Əliyev hər zaman bildirir ki, yeniləşmə, təkmilləşmə dövlət siyasətinin ana xəttini təşkil edir.
Məhz İKT sektorunda əldə olunan uğurlara söykənərək, bu fikri də böyük əminliklə qeyd edirik ki, Azərbaycan bu gün dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə deyil, həmçinin yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar ölkəsi kimi tanınır. Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirilməsinə əsasən Azərbaycan son illərdə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ölkələr sırasında ilk onluqdadır. Bütövlükdə bəşəriyyətin innovasiyalardan, müasir texnologiyalardan faydalandığını nəzərə alsaq, Azərbaycanın bütün sahələrdə təcrübəsi nümunə olmalıdır. Artıq qeyd etdiyimiz kimi, tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu reallıqlar hər sahədə islahatları, təkmiləşməni bir tələb kimi qarşıya qoyur. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının davamı olaraq «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Bu sənəddə də yeni texnologiyaların tətbiqinin ölkəmizin gələcək inkişafında rolu xüsusi önə çəkilir. Davamlı inkişafa yönələn Strateji yol xəritələri 2013-2023-cü illərdən sonrakı dövrün də aydın mənzərəsini yaradır. Təhsilin, elmin və iqtisadiyyatın birliyinin yaradılması fonunda Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz reallıqdır.

