Qoşulmama Hərəkatı Gənclər Təşkilatı: Azərbaycan Prezidentinin daha bir mühüm beynəlxalq təşəbbüsü
25-29 iyul tarixlərində Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı (QH) Gənclər Sammiti çərçivəsində, Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq QH üzv ölkələrinin gənclərini birləşdirən QH Gənclər Təşkilatı yaradılıb.
Vurğulamaq lazımdır ki, QH Gənclər Şəbəkəsinin yaradılması, Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində QH Parlament Şəbəkəsinin yaradılmasından sonra ikinci mühüm təşəbbüsdür. Ümumilikdə isə ölkəmizin QH-yə sədrliyi dövründə gənclərlə iş sahəsinə də xüsusi diqqət ayrılıb. Belə ki, Azərbaycan sədrliyinin təşəbbüsü və təşkilatçılığı ilə 16-18 aprel 2020-ci il tarixlərində milli səviyyədə və 1-5 mart 2021-ci il tarixlərində beynəlxalq səviyyədə QH Modeli Simulyasiya Məşğələsi keçirilib.
Təşkilata gəlincə, bununla da Hərəkata üzv dövlətlərin gənclərinin öz davamlı inkişaflarının təmin edilməsi istiqamətində qarşılaşdıqları çətinliklər və həmin çətinliklərin vətəndaşları olduqları ölkələrin hökumətləri tərəfindən birgə şəkildə necə həll edilə biləcəyi barədə fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər. Azərbaycan Respublikası Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər əsasında COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində Hərəkata üzv dövlətlərin nümunəvi həmrəylik nümayiş etdirdiyini nəzərə alanda, Gənclər Təşkilatının fəaliyyətinin bu həmrəyliyə əlavə töhfə verəcəyi şübhəsizdir.
Qeyd edək ki, Təşkilatın yaradılması, QH Gənclər Sammitində iştirak edən üzv dövlətlərin nümayəndələri tərəfindən müsbət qarşılanıb və dəstəklənib, QH üzv ölkələrinin gənclərini birləşdirən bu mühüm təşəbbüsə görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə edilib. 2021-ci ilin 4 oktyabr tarixində Azərbaycanın təşəbbüsü ilə yaradılmış QH Gənclər Şəbəkəsinin QH Gənclər Təşkilatına çevrilməsi ilə QH üzv ölkələrinin gənclərini birləşdirən bu təsisat, beynəlxaq platformalara daha rahat çıxış imkanı əldə edib.
Digər mühüm məqam Təşkilatın Mənzil-qərargahının Bakı şəhərində yerləşəcəyidir. Bununla yanaşı, üzv dövlətlərin təmsil etdikləri digər bölgələrdə regional ofislər təsis ediləcək. Təşkilata sədrlik qarşıdan gələn 3 il müddətinə Azərbaycanın nümayəndəsi tərəfindən ediləcək.
Ən vacibi isə budur ki, “Şuşa Akkordu” (Şuşa razılaşması) kimi tarixə düşən QH Gənclər Təşkilatının yaradılmasına dair sənəd, ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın adının QH tarixinə yazılmasına xidmət edəcək. Bu arada o da vurğulanmalıdır ki, QH Gənclər Sammiti çərçivəsində Şuşaya səfər edən QH üzv ölkələrinin nümayəndə heyətləri, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanması, həmin dövrdə baş vermiş dağıntılar barədə məlumatlandırılıb, həmçinin Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən bərpa və yenidənqurma işləri, o cümlədən Şuşa şəhərinin tarixi və memarlıq abidələri ilə tanış olublar.
QH 4 qitədən 120 ölkəni özündə birləşdirir. Onun məqsəd və prinsiplərinə əsas insan hüquq və azadlıqlarına, eləcə də BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmət etmək; dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək; böyüklüyündən asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq; digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək; BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququna hörmət etmək; böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək və hər hansı dövlət tərəfindən digər dövlətlərə təzyiq göstərilməsindən çəkinmək; digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən çəkinmək; BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri danışıqlar, barışıq, arbitraj, məhkəmə həlli və tərəflərin özünün seçdiyi digər dinc vasitələrlə, sülh yolu ilə həll etmək; qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək və ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək aiddir.
Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunub. Ölkəmiz 2019-cu ildən Hərəkata sədrlik edir. Sədrlik müddəti 2022-ci ildə başa çatmalı olsa da, üzv dövlətlərin yekdil qərarı ilə sədrliyimiz əlavə 1 il müddətinə uzadılıb. Belə ki, Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra, QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət etmiş, Azərbaycan tərəfi də Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab verib.
Ceyhun Piriyev, “İki sahil”


