Qələbəyə aparan ən başlıca amil Vətən sevgisi idi
Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni xarici və daxili düşmənlərdən qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıq, fədakarlıq göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinmək və Vətəni layiqli vətəndaş kimi təmsil etməkdir. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda nəyə qadir olduğunu təsdiqləyib. Azərbaycan gənc nəslinin nümayəndələri olan Azərbaycan Ordusunun əsgərləri həm də xalqın əsrlər boyu əldə edilmiş hərbi ənənələrini də, milli hərbi vətənpərvərlik ruhunu da hərbi kollektivlərdə yaşadır.
Ömrünü xalqına həsr etmiş, Azərbaycançılıq ideologiyasını formalaşdırmış dahi şəxsiyyət Heydər Əliyev tarixin ən böyük vətənpərvəridir. Ulu Öndərimizə məxsus olan “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri ruhunda, qəlbində Vətən sevgisi olan hər kəsə nümunədir. Bəli, biz də fəxr edirik ki, Azərbaycanlıyıq.
Azərbaycanlı olan hər kəs, bu vətənin hər bir övladı, Azərbaycanımızın gələcəyi üçün əlindən gələni etməlidir.
Bu gün hüquqi, demokratik dövlət quruculuğunun inkişaf etdiyi ölkəmizdə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi dövlətimiz üçün vacib istiqamətlərdən birinə çevrilib. Gənclərlə bağlı qəbul edilmiş fərman və sərəncamlarda, Dövlət Proqramlarında gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi ilə bağlı tədbirlər və təkliflərin öz əksini tapması ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunun güclənməsi sahəsində həyata keçirilən işlərin uğurla davam etdirilməsindən xəbər verir.
Artıq Azərbaycanda mükəmməl vətənpərvər gənc nəsil yetişib. Bu gün ölkəmizdə Vətənini sevən, hər zaman onun tərəqqisinə çalışan, azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər ordusu formalaşıb. Bu isə, öz növbəsində, gəncliyə yaradılan hərtərəfli şərait, göstərilən dövlət qayğısı sayəsində mümkün olub. Gənclər Vətən qarşısında öz vətəndaşlıq vəzifələrini layiqincə yerinə yetirirlər. Bütün bunların nəticəsi kimi onlar bunu cəmi 44 gün davam edən 2-ci Qarabağ müharibəsi zamanı bütün dünyaya nümayiş etdirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyuldu və ölkəmizin ərazi bütövlüyü təmin olundu. İkinci Qarabağ müharibəsinin Vətən müharibəsi adlandırılması heç də təsadüfi deyil. Çünki bu müharibədə Azərbaycan xalqı öz Vətəninin bütövlüyü uğrunda, vahid amal ətrafında dəmir yumruq kimi birləşərək əsl həmrəylik və birlik nümayiş etdirdi. Uşağından tutmuş böyüyünə kimi hər bir Azərbaycan vətəndaşı həm ön, həm də arxa cəbhədə ölkəmizin mənafeyini müdafiə etmək, qələbəmizə töhfə vermək üçün əlindən gələni edirdi. Hətta Qarabağı görməyən gənclərimiz bu torpaqlar uğrunda düşünmədən canlarını fəda edirdilər. Bu, bir daha göstərirdi ki, Azərbaycan xalqında Vətən sevgisi, vətənpərvərlik ruhu nə qədər yüksəkdir. Bu müharibədə xalqımızın həmrəyliyi, xüsusilə gənclərimizin göstərdiyi şücaət gələcək nəsillərə hərbi vətənpərvərlik məktəbinin bariz nümunəsi oldu.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqının, xüsusilə gənc nəslin qələbəmizin əldə edilməsində rolunu yüksək qiymətləndirərək deyib: “Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.
Vətənimizin hər qarış torpağı uğrunda mübarizə aparan, bu şərəfli yolda canlarını qurban verən qəhrəmanlarımızın əziz xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq. Onların sayəsində biz bu gün fəxrlə deyirik: “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

