Sosial 

Hər bir məmur şəhid ailələrinə və qazilərə arxa, dayaq olmalıdır

Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlillərinə daim diqqət və qayğı göstərilməsini dövlət qurumları qarşısında bir vəzifə kimi müəyyənləşdirib. Ölkəmizdə şəhid ailələrinə, eləcə də Qarabağ qazilərinə diqqət, qayğı bütövlükdə sosial siyasətin prioritet istiqamətlərindən biridir.  Ölkə başçısının müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirir.

Şəhid ailələrinə və qazilərə qayğı baxımından cənab Prezidentin 2020-ci il 8 dekabr tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsi xüsusi əhəmiyyətə malikdir. Fond vasitəsilə də mütəmadi qazilərimizə və şəhid ailələrinə dəstək göstərilir.

Azərbaycan dövləti hər zaman şəhid ailələrinə, müharibə əlillərinə ən yüksək səviyyədə diqqət və qayğı göstərir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Bakı şəhərinin Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak etmələri bunun əyani təsdiqidir. Burada doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət yeni yaşayış kompleksi 2.76 hektar ərazidə inşa olunub. Kompleksdəki binalarda ümumilikdə 36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil vardır. Kompleksin ərazisində 100 yerlik uşaq bağçası və bir inzibati bina inşa olunub. Həmçinin sakinlərin və övladlarının asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin edilib. Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 50 avtomobilin təqdim olunmasının məhz müqəddəs Ramazan bayramında həyata keçirilməsi humanizm, mərhəmət, sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və islam dəyərlərinə əsl sadiqlik nümunəsidir.

Bu dövr ərzində şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib, 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub.

Təbii ki, sosial qayğı təkcə mənzil və avtomobil təminatı ilə bitmir. Bu kateqoriyadan olan insanların sağlamlıqlarının bərpası, daimi iş yerləri ilə təminatı məsələsi də mühüm əhəmiyyət kəsb edir. Həmin insanların reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqət göstərilir. Belə ki, Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib.

Ölkə başçısının şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, cəmiyyətimiz tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir. Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha bildirib ki, hər bir dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun: “Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”.

Daha çox xəbərlər