Siyasət 

Dövlət hər bir vətəndaşının yanındadır

Azərbaycan təkmil sosial və iqtisadi modeli ilə  dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyev daim bildirir ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanmalıdır.  2003-cü ildə keçirilən andiçmə mərasimində bildirmişdir ki, əmək haqqları ildə ən azı iki dəfə artırılmalıdır. Təbii ki, bu hədəf  ölkəmizin artan iqtisadi imkanlarına əsaslanırdı. Son 19 ilə yaxın dövrdə  Azərbaycan sosial-iqtisadi uğurlarına diqqət yetirmək kifayətdir. Bu uğurlar, eyni zamanda, dövlət siyasətində vətəndaş amilinə verilən dəyərin təqdimatıdır. Cənab İlham Əliyev bütün çıxışlarında bildirir ki, vətəndaş məmnunluğunun artırılması prioritetdir. Təkcə bu faktı qeyd etmək lazımdır ki, 2020-ci ildə koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirlidiyi bir zadmanda 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanmasına baxmayaraq ölkəmizdə iqtisadi islahatlar dərinləşdirilməklə yanaşı, bir dənə də olsun sosial layihə təxirə salınmadı. Təbii ki, bu, Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasından irəli gəlir.

İki ilə yaxındır ki, Azərbaycanın həyatında yeni bir dövr başlayıb.  İşğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri geniş vüsət alıb. Görülən işlərin miqyasına diqqət yetirdikdə Azərbaycanın iqtisadi imkanlarının aydın mənzərəsini yaratmaq mümkündür.

Bərpa-quruculuq işləri ilə yanaşı, tarixi Zəfərimizdən sonra  təqdim edilən yeni sosial və iqtisadi modeldə əhalinin sosial müdafiəsinin gücləndirilməsi xüsusi yer tutur. Yeni sosial paketdə Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə diqqət və qayğı prioritetdir. Dövlət bu kateqoriyadan olanlara  hər zaman böyük diqqət və qayğı göstərir.

Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Onlara  mütəmadi olaraq  yeni mənzillər, avtomobillər verilir. Müalicələri üçün reabilitasiya mərkəzləri açılır, həmçinin müalicə üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin  bu insanlara  qayğısı davamlıdır.

Bu diqqət və qayğının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Azərbaycanın  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu kabeqoriyadan olan vətəndaşlara qayğısı da göz önündədir.  Onu da qeyd edək ki,  qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar. Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi vaxtında  təmin edilir.

Onu da qeyd edək ki, dövlətimizin İkinci Qarabağ müharibəsi ilə yanaşı, Birinci Qarabağ müharibəsi  əlillərinə də diqqət və qayğısı davamlıdır.   Artıq Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanıldı. Qeyd edək ki, birdəfəlik ödəmənin məbləği belədir: I dərəcə əlilliyə görə – 8 800 manat;  II dərəcə əlilliyə görə – 6 600 manat; III dərəcə əlilliyə görə – 4 400 manat.

Torpaqlarımızın azadlığı uğrunda  canlarından keçən Vətən oğullarının ailələrinə, sağlamlığını itirən qazilərimizə qayğı dövlətimizlə yanaşı, hər birimizin borcudur. Bu gün qalib ölkənin qalib vətəndaşı kimi qürurumuzun əsasında onların qəhrəmanlığı. Şücaəti dayanır.

Ölkə Prezidenti İlham Əliyev hər zaman sosial siyasətin davamlı olacağını bildirir və bu istiqamətdə imzaladığı Fərman və sərəncamlarla vədini konkret təsdiqləyir. Ən əsası bu gün ölkəmiz özünü dünyaya sosial dövlət kimi təqdim edir. Əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmizin iqtisadi imkanları artdıqca bu, bütün kateqoriyalardan olan insanların  gündəlik həyatında özünü büruzə verir. Göründüyü kimi, Azərbaycan sosial dövlət imicini qorumaqla yanaşı, ona yeni-yeni əlavələr edir. Məqsəd  ölkəmizi daha da gücləndirmək, əhalinin sosial müdafiəsini təmin etmək, bir sözlə, «Güclü dövlət, yüksək rifah» prinsipini həyata keçirilən siyasətin  əsası kimi öndə saxlamaqdır.

Daha çox xəbərlər