Qarabağın tarixi günləri
44 günlük Vətən müharibəsindəki qələbədən dərhal sonra ilk olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyinin bir neçə xüsusi batalyonu və Fövqəladə Hallar Nazirliyinin Bərdə şəhərindəki Xüsusi riskli Minalardan Təmizləmə Alayı tərəfindən icra olunmaqla Qarabağda işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərinə başlanıldı. Bu günə qədər təxminən Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Xocavənd rayonlarında on min hektarlarla sahə təmizlənib istifadəyə verilmişdir. Füzuli Beynəlxalq Hava Limanı inşa olunmuş, Zəngilan və Laçın Hava limanlarının inşası ilə bağlı işlər isə davam etdirilməkdədir. Hazırda Bərdə-Ağdam (47,1 km) və Horadiz-Ağbənd dəmir yolu xətlərinin (110,4 km) tikintisi gedir. Eyni intensivliklə digər 11 istiqamət üzrə avtomobil yollarının da tikintisi davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə ümumi gücü 20 meqavat olan “Güləbird”, “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su-Elektrik stansiyaları təmir edilərək istismara verilib. Qarabağ və Şərqi Zəngəzurda 9 rəqəmsal yarımstansiya, o cümlədən Ağdam və Cəbrayıl rayonlarında “Ağdam-1”, “Ağdam-2” və “Cəbrayıl” yarımstansiyalarının, həmçinin “Qarabağ” Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi başa çatdırılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Daşaltı Turizm İnkişaf Konsepsiyası əsasında Daşaltı Memarlıq Planının, Tuğ Turizm İnkişaf Konsepsiyası əsasında isə Tuğ Memarlıq Planının icrasına başlanılıb. Kəlbəcərdəki Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilib.
Ağdam rayonunda 190 hektar sahədə yaradılmış Ağdam Sənaye Parkının tərkibində prioritet hesab edilən 74 hektar sahənin qısa müddət ərzində mina və partlamamış hərbi sursatlardan tam təmizlənməsi Qarabağda iqtisadiyyat quruculuğu sahəsində dövlətin yüksək əzmindən xəbər verir. Qısa müddət ərzində görülən işlər bura sahibkarların marağının artmasına səbəb olub. Artıq bir sıra şirkətlər tərəfindən özlərinin təqdim etdikləri layihələrin icrasına başlanıb. Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2021-ci il tarixli 1453 nömrəli fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində gələcəkdə buraya investisiyaların cəlb olunması üçün böyük imkanlar yaradacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı üçün ayrılmış 200 hektar ərazidə mina və partlamamış hərbi sursatlardan təmizləmə işləri tamamlanmış və parkın konseptual planı hazırlanmışdır.
İşğaldan azad olunmuş ərazilərə ilk məskunlaşma Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası çərçivəsində baş tutdu. Zəngilan torpaqlarının daha çox minalardan təmizlənməsi bu rayonda “ağıllı kənd”in tikintisinin davam etdirilməsinə şərait yaradır. Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək “Dost Aqropark” layihəsinin də üç mərhələdə icra olunması planlaşdırılır. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq. Həmin sahələr hesabına Qarabağda taxılçılıq, pambıqçılıq və tütünçülük sahələrinin üstün inkişafı hədəflənir.
Enerji sahəsində həyata keçirilən digər vacib layihə Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin yaradılmasıdır. Cənubi Qafqazda ilk dəfə tətbiq olunan bu layihə avtomatlaşdırma hesabına insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığı artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri məhdudlaşdırmağa imkan verir. İşğaldan azad edilmiş ərazilərdə daşınmaz əmlak və infrastruktur obyektlərinin ilkin inventarlaşdırılmasının aparılması, məlumatların toplanması və idarə edilməsi məqsədilə istifadəyə verilmiş Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə 31 dövlət qurumu və təşkilatından 30 dövlət qurumunun qoşulması, 30 qurum və təşkilata sistemdə işləməklə bağlı təlimlərin keçirilməsi, 23 qurum tərəfindən məlumatların sistemə daxil edilməsi, digər aidiyyəti dövlət qurumları və təşkilatlarının da sistemə qoşulması istiqamətində işlərin davam etdirilməsi rəqəmsallaşma sahəsində yeni imkanlar yaradır. Əvvəllər işğal olunmuş rayonların əhalisinə aid 700 minə yaxın vətəndaşlıq vəziyyəti akt qeydi bərpa olunub.
Bundan əlavə, Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə turizm potensialının öyrənilməsi ilə əlaqədar icra olunan layihə çərçivəsində Tərtər rayonunun Suqovuşan qəsəbəsinin, Xocavənd rayonunun Hadrut qəsəbəsinin, Ağbulaq, Edilli, Tuğ, Azıx kəndlərinin, Zəngilan rayonunun Oxçuçay və Bəsitçay vadilərinin, Şuşa şəhəri və Daşaltı kəndinin turizm potensialının qiymətləndirilməsi üçün ilkin zəruri işlər aparılmışdır. Bölgədə eyni zamanda tarixi-dini abidələrin bərpası sahəsində müvafiq tədbirlər görülməkdədir.
Qeyd edək ki, bu il Azərbaycanın dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına daha 2,670 milyard manat ayrılacaq. Bu barədə “Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir. Bu, təsdiqlənmiş proqnoza nisbətən 21,4 faiz və ya 470 milyon manat çoxdur. Bu xərclər dövlət büdcəsinin tikinti və şəhərsalma xərcləri maddəsində əksini tapıb. Bu maddə üzrə xərclər 5 milyard 972,271 milyon manat müəyyən edilib ki, bu da, əvvəlki büdcə proqnozu ilə müqayisədə 980,6 milyon manat və ya 19,6 faiz çoxdur. Bunun 3 milyard 286,4 milyon manatı (əvvəlki proqnozla müqayisədə 17,8 faiz və ya 496,6 milyon manat çox) dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) təşkil edir.

