Tarixi Zəfərimizin çağırışı: İnformasiya təhlükəsizliyinin qorunması əsasdır
Baş Prokurorluğun və Müdafiə Nazirliyinin sosial şəbəkə istifadəçilərinə müraciətlərində ictimaiyyət arasında çaşqınlıq yaratmamağa çağırış edilir
Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə 30 illik işğala son qoymaqla yanaşı, malik olduğu imkanları bir daha dünyaya bəyan etdi. Ölkəmiz döyüş meydanında, informasiya cəbhəsində üstünlüyü ilə həyata keçirdiyi siyasətin düşünülmüş və məqsədyönlülüyünü, həmçinin ədalətə və beynəlxalq hüquqa əsaslandığını təsdiqlədi.
Hər zaman qeyd etdiyimiz bu reallığı bir daha vurğulamaq istərdik ki, 2003-cü ildən sonrakı dövr, yəni ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi 2003-2020-ci illər torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə olunur. Bu dövrdə Azərbaycan iqtisadi qüdrətini daha da artırdı, zənginləşdi, beynəlxalq münasibətlər sistemində yeri və rolunu artırdı, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı möhkəm hüquqi baza formalaşdı.
Azərbaycan hər zaman müasir dövrün informasiya müharibəsi dövrü olduğunu nəzərə alaraq həqiqətlərini real faktlar əsasında dünya ictimaiyyətinə çatdırır. Ölkə Prezidenti İlham Əliyevin vurğuladığı kimi, saxta, “feyk nyus” adlandırılan xəbərlər əfsuslar olsun ki, geniş vüsət alır. Ölkəmizin uğurlu inkişafını, müstəqil siyasətini həzm etməyən dairələr daim əks-təbliğat kampaniyası həyata keçirir, onların inhisarında olan beynəlxalq hüquq müdafiə təşkilatları həqiqətləri inkar edərək Azərbaycanı reallıqla tamamilə təzad təşkil edən bir formada təqdim edirlər.
44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu qürurverici tarix yazmaqla, kimliyindən, siyasi əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəsi bir yumruq kimi birləşməyə çağırdı və bu birlik, həmrəylik Qələbəmizə yol açdı.
Günümüzün əsas çağırışlarından biri sosial şəbəkələrdə yerləşdirilən informasiyaların dəqiqliyi, ən əsası təhlükəsizliyin qorunmasıdır. Bu baxımdan ki, həyatımızın ayrılmaz parçasına çevrilən sosial şəbəkənin, daim yenilənən xidmət sahələri ilə insanları təəccübləndirən, uzaqları yaxın edən, informasiya məkanında inqilab adlandırılan, cəmiyyətin hər üzvünü hadisələr haqqında məlumatlandıran internetin ictimai rəyin formalaşdırılmasındakı rolu böyükdür. Ona görə internetdən istifadə zamanı informasiya məsuliyyətini dərindən dərk edib, məlumatların ictimaiyyətə çatdırılmasında, auditoriyanın formalaşdırılmasında peşəkarlığı qorumaqdır. Milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılması yolverilməzdir.
Qərəzli təbliğatlara tutarlı cavab Azərbaycan reallıqlarıdır. Hətta beynəlxalq təşkilatlarda təmsil olunan diplomatlar, siyasətçilər belə məkrli yanaşmalara iradlarını bildirərək Azərbaycanın uğurlarından heyrətlərini gizlətmirlər. Bu gün bütün sahələrdə olduğu kimi, müharibələrdə də ənənəvi texnologiyalar yeni texnologiyalarla əvəzlənir. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində bunu bir daha təsdiqlədi. Ölkəmizin müharibə taktikası beynəlxalq aləmdə diqqətlə izlənilir və öyrənilir. 44 günlük Vətən müharibəsinin dünyanın əksər ölkələrinin hərbi dərsliklərinə salınacağı və öyrəniləciyi bildirilir. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə də bu məqam xüsusi qeyd olunurdu ki, informasiyalar hərbi əməliyyatların taleyinə ən güclü silah və texnikalardan daha çox təsir göstərə bilir. Bu baxımdan əvvəldə də qeyd etdiyimiz kimi, ictimaiyyətin informasiya tələbatını dolğun şəkildə ödəyən kütləvi-informasiya vasitələrinin məsuliyyəti xüsusi əhəmiyyət kəsb edir. İnformasiyanın sərhəd tanımadığı indiki dövrdə informasiya təhlükəsizliyinin təminatı, dövlət maraqlarının qorunması əsasdır. Bu isə öz növbəsində media nümayəndələrindən daha peşəkar və məsuliyyətli olmağı tələb edir.
Qarabağ münaqişəsi tarixə qovuşsa da Ermənistanın hələ də sülh müqaviləsinin imzalanmasında tərəddüdləri diqqətdən kənarda qalmamalıdır. Bu isə öz növbəsində informasiya cəbhəsində də daha fəal olmağa, informasiyaların ötürülməsində dövlət maraqlarının qorunmasına ,ağırışlar edir. Sirr deyil ki, Azərbaycana qarşı həm daxildə, həm də xaricdə əks təbliğat kampaniyası aparan dairələr var. Onlar hər zaman Azərbaycanın uğurlarını inkar etməyə, dövlət başçısı İlham Əliyevin atdığı addımların əhəmiyyətini azaltmağa çalışırlar. Azərbaycan tarixi Zəfəri ilə iqtisadi qüdrətini, güclü müdafiə qabiliyyətinə malik olduğunu, xalqımızın yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirməklə, belə dairələrin bütün cəhdlərini alt-üst etdi. Xatırlasaq, istər 30 ilə yaxın işğal, istərsə də 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu barədə reallıqdan uzaq fikirlər səsləndirir, müdafiə qabiliyyətimizlə bağlı əsassız təbliğat kampaniyası aparılırdı. Azərbaycan Ordusu yazdığı tarixlə bütün bu təbliğatlara tutarlı cavab verdi.
Bu gün isə tamamilə fərqli bir mənzərə müşahidə olunur. Qalib Azərbaycanın uğurları göz qabağında olsa da daxili bədxahlarımız xarici himayədarlarının diktəsi əsasında yenə də ənənələrinə uyğun olaraq ölkəmizin uğurlarına qara eynəkdən baxmaqda davam edirlər. Həmrəyliyimizi daha da möhkəmləndirək, dövlət maraqlarını qoruyaq, belə əsassız təbliğatları faktlarla susduraq, hər döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyü ilə dünyanın diqqətində olan Azərbaycanın hərbi qüdrətinin bu gün də artırılması istiqamətində ciddi addımlar atıldığını qeyd edək.
Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarını nəzərə alsaq, bu çağırışı edə bilərik ki, müasir dövrümüzdə mətbuatın inkişaf problemləri ilə yanaşı, hər bir dövlətin milli təhlükəsizliyi ilə eyni səviyyədə dəyərləndirilən, ictimai rəyin formalaşdırılmasında başlıca aparıcı rola malik informasiya təhlükəsizliyinin qorunması bütünlükdə cəmiyyətin, insanların vətəndaşlıq borcu olmalıdır. İnkişaf istiqamətlərini demokratiyanın təkmilləşdirilməsində, söz, mətbuat, vicdan azadlığının qorunmasında görən Azərbaycanın dövlət siyasətinin əsasında insan amili dayandığı kimi, hər kəsin ölkənin qanunları çərçivəsində sərbəst düşünmə və münasibətini bildirmə hüquqları mövcuddur.
Əvvəldə də qeyd etdiyimiz kimi, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı olan, beynəlxalq təşkilatlarda söz sahibi kimi yüksək mövqeyə yüksələn Azərbaycan reallıqlarına kölgə salmağa çalışan daxili və xarici bədxahların niyyətləri baş tutmur. Çünki belə qərəzli təbliğatlara tutarlı cavab Azərbaycan reallıqlarıdır. Beynəlxalq maliyyə qurumlarının, xüsusilə Dünya Bankının, o cümlədən Dünya İqtisadi Forumunun hesabatları Azərbaycanın təkmil islahatlar, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində davamlı uğurlara imza atdığının aydın mənzərəsini yaradır. Həmçinin Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Müasirləşmək, yeniləşmək dövlətimizin siyasətinin, inkişafa aparan yolun əsasını təşkil edir. Düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən Dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıtmışdır. Cənab İlham Əliyev bu reallığı da qeyd edir ki, əvvəlki dövrlərdə Azərbaycan haqqında məlumat vermək, təqdimatlar etmək üçün müxtəlif ölkələrə nümayəndələr göndərilirdisə, bu gün respublikamızın beynəlxalq tədbirlərin keçirilməsi üçün önəmli məkana çevrilməsi həqiqətlərimizin təbliğinə geniş imkanlar yaradır. Bu gün Azərbaycan çox güclü iqtisadi əsaslarla inkişaf edən ölkədir. Azərbaycanın Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahib olması onun artan iqtisadi və siyasi mövqeyinin təsdiqidir. Hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Bugünümüzün əsas reallıqlarından biri də budur ki, azad Qarabağımız, azad Şuşamız beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Bu məkandan dünyaya Azərbaycan reallıqlarının çatdırılması bəzi dairələrin apardığı qərəzli təbliğatlara tutarlı cavabdır.
Ölkə maraqlarını müdafiə etmək üçün təbii ki, ilk növbədə, Vətən sevgisi, Vətənə və milli köklərə bağlılıq olmalıdır. “Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, gənclər milli ruhda tərbiyə almalı, xarici təsir altına düşməməlidirlər: “…xüsusilə indiki internet dövründə ki, istənilən yalan tezliklə yayılır və sonra elə bil həqiqət kimi təqdim olunur. Bu da bizə qarşı aparılan qeyri-təmiz siyasətin bir hissəsidir. Çünki sirr deyil ki, Azərbaycanda hazırda ictimai-siyasi vəziyyət çox sabitdir. Ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcud deyil.” Ölkə Prezidenti bir daha son illərdə müxtəlif təzyiqlərlə, müxtəlif kampaniyalarla üzləşdiyimizi, ancaq öz yolumuzdan dönmədiyimizi önə çəkərək bəyan etmişdir ki, ölkəmizin, xalqımızın əmin-amanlığı, təhlükəsizlik, sabitlik, xalqımızın rifahı, müstəqil siyasətimiz bizim üçün hər şeydən üstündür.
Qeyd etdiklərimizin böyük əksəriyyəti Azərbaycanın tarixi Zəfərimizə qədər olan uğurlarıdır. Artıq iki ilə yaxındır ki, ölkəmizin həyatında yeni dövr başlayıb. İşğaldan azad edlmiş torpaqlarımızda bərpa və quruculuq işləri geni vüsət alıb. Tarixi Zəfərimizin yaratdığı reallıqlar bizi daim qürurlandırır, bu Qələbə bizlərə hər zaman dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətdli Azərbaycan Ordusuna minnətdarlıq çağırışlarını edir. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan rəhmət diləyirik. Azərbaycan Ordusu nəyə qadir olduğunu 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında nümayiş etdirmişdir. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi bu uğurların zirvəsi oldu. Azərbaycan Ordusu bir daha dünyaya çatdırdı ki, torpaqlarımızda gözü olanı nələr gözləyə bilər. Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin qarşısında diz çökdü. Bu gün erməni ordusunun məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikası Qənimətlər parkında nümayiş olunur. Dünya Azərbaycan Ordusunun gücünü, Ermənistan silahlı qüvvəl’rinin isə zəifliyini görür.
Bunları qeyd etməyimiz səbəbsiz deyil. Son günlər bəzi sosial media istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətəuyğun olmayan informasiyalar yayılıb. Baş Prokurorluq bununla bağlı bu günlərdə saytlara və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi. Belə ki, ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş Prokurorluğa dəvət olunub, onların barələrində prokuror təsir tədbirləri görülüb. O da bildirilir ki, neqativ hallara yol vermiş şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Müdafiə Nazirliyi də sosial şəbəkə istifadəçilərinə müraciət edib. Müraciətdə bildirilir ki, son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və videogörüntülər yeni məlumat kimi paylaşılır. Bir daha sosial şəbəkə istifadəçilərini və əhalini belə köhnə görüntüləri yeni video adı altında yaymamağa və ictimaiyyət arasında çaşqınlıq yaratmamağa çağırış edilir.
Göründüyü kimi, bütün çağırışların əsasında dövlət maraqlarını qorumaq əsas yer tutur. Azərbaycanın tarixi Zəfəri uğurlarımızın təqdimatıdır. Bu uğurumuzu, Azərbaycanın müdafiə qabiliyyətini inkar edənlər düşmən dəyirmanına su tökənlər, bir sözlə, anti-Azərbaycan ünsürlərdir. Dəmir yumruq kimi birliyimiz daim belə cəhdləri boşa çıxarıb, bundan sonra da çıxaracaq.

