Gündəm 

Dövlətin uğurlu islahatları gənclərin fəal iştirakı ilə mümkündür

Gənclər Sammiti Qoşulmama Hərəkatına üzv ölkələrin müxtəlif guşələrindən olan ən yaxşı beyinlərini öz ideyalarını bölüşmək, real dünyanın problemlərinin həlli yollarını tapmaq üçün bir araya gətirib

Biz XXI əsrdə yaşayırıq – müasir texnologiyalar, müasir mədəniyyətlər və müasir əxlaq əsrində. Cəmiyyətin dayağı gənclərdir və onlar əlbəttə ki, inkişaf etməlidirlər. Texnika-texnologiya inanılmaz dərəcədə sürətlə inkişaf edir. Hər gün hansısa ixtiranın, kəşfin daha da təkmilləşdirilmiş versiyası ortaya çıxır, yaranır. Yeni texnologiyalar sayəsində də  həyat keyfiyyətimiz, rahatlığımız əhəmiyyətli dərəcədə yaxşılaşır. Müasir insan artıq daha az fiziki güc sərf edərək məişət qayğılarını, ictimai işlərini həll edir, bacarıqlarını təkmilləşdirir.

2014-cü ildə BMT Baş Assambleyası gənclərə doğru, layiqli iş yerlərinin və sahibkarlıq fəaliyyəti üçün lazım olan bacarıqların öyrədilməsinin vacibliyini qeyd etmək üçün 15 iyul tarixini Ümumdünya Gənclərin Bacarıqları Günü kimi təyin etdi. Gənclərin bacarıqlarının inkişaf etdirilməsinə yönəldilən sərmayələrin əhəmiyyəti haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsi, işsizlik və tam məşğulluğun təmin edilməməsi kimi problemlərin həlli üzrə gənc insanların sosial-iqtisadi şəraitlərinin yaxşılaşdırılması əsas məqsədlərdən idi. Çünki dünyanın bəzi ölkələrində gənclər çox çətin və dinamik bir dövrdə müstəqil həyata qədəm qoyur. Bir tərəfdən, ölkələrin siyasi həyatında köklü dəyişikliklərin baş verməsi, demokratikləşmə proseslərinin inkişaf etməsi və s. faktorlar gənclərin həyatına bilavasitə siraət edir. Məsələn, Qlobal Gənclərin Məşğulluq Trendləri 2020: Texnologiya və İşlərin Gələcəyinə dair son icmalına əsasən, 2017-ci ildən etibarən işçi qüvvəsində olmayan və təhsil, bacarıq əldə etməyən gənclərin sayında artım müşahidə olunmuşdu.  İndi dünyada bütün dövlətlər gənclər siyasətinin formalaşdırılmasında xüsusi aktuallıq göstərirlər. Çünki gənclik cəmiyyətin əsas resursu, gələcəyidir. Gənclər mənəvi dəyərlərə, cəmiyyətə, siyasi və sosial proqramlara, iqtisadi proseslərə əhəmiyyətli dərəcədə təsir etmək gücünə və imkanına malikdir. Dövlətlərin uğurlu islahatları yalnız gənclərin fəal iştirakı ilə mümkündür.

Dünyanın, eləcə də regionun sürətlə inkişaf edən  ölkələrindən olan Azərbaycanda da gənclik cəmiyyətin fəal hissəsidir. Qeyd edək ki, Azərbaycanda müasir gənclər siyasəti isə 1994-cü ildə başlamışdır.  Birmənalı olaraq gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx bağlıdır. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” gənc nəslin gələcəyə hazırlanması baxımından müstəsna əhəmiyyət kəsb edir. Çünki gələcək gənclərindir və gənclərin yüksək səviyyədə formalaşdırılması cəmiyyətimizin intellektual potensialının gücləndirilməsində xüsusi rol oynayır. Prezident İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ən bariz sübutlarındandır. Ölkə başçısı vurğulayır ki, bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bunun böyük xoşbəxtlik olduğunu bəyan edən Prezident İlham Əliyev bildirir: “Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”.

Azərbaycanda gənclər siyasəti, eləcə də gənclərə göstərilən diqqət və qayğı ölkənin bütün gənclərinə öz potensiallarını reallaşdırmaq, layihələrini həyata keçirmək, bacarıqlarını üzə çıxarmaq imkanı yaradır. Ona görə də bugün ölkə gəncliyi dövlət quruculuğu, daha demokratik, məhsuldar və ədalətli cəmiyyət uğrunda əməli işlərə imza atırlar.

Ölkədə sürətli inkişaf davam edir və ölkə qarşısında duran bütün vəzifələr uğurla icra olunur. Azərbaycan, eyni zamanda,  qlobal miqyaslı problemlərin həlli ilə bağlı gənclərə çağırışlarda təşəbbüskar kimi çıxış edir. Belə ki, iyulun 25-də Bakı şəhərində Qoşulmama Hərəkatına üzv olan ölkələrdən olan Gənclərin Sammiti öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakçılara ünvanlanmış müraciəti səsləndirilib. Müraciətdə bildirilib ki,  Azərbaycanda gənclər siyasətinə müstəsna əhəmiyyət verilir və hazırda ölkəmizdə keçirilməkdə olan bu tədbir Hərəkat ölkələrinin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəkdir. Xatırladaq ki, tədbirdə Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndələri iştirak edirlər. Qoşulmama Hərəkatının Bakı Sammiti dünyanın hər yerindən müxtəlif mədəniyyətlərə və təcrübəyə malik gənclərin bir yerə toplaşdığı nadir platforma oldu. Tədbirdə gənclər müxtəlif qlobal məsələlərlə bağlı maraqlı fikir və ideyaları ilə çıxış etdilər. Beləliklə, Gənclər Sammiti Qoşulmama Hərəkatına üzv ölkələrin müxtəlif guşələrindən olan ən yaxşı beyinlərin öz ideyalarını bölüşmək, real dünyanın problemlərinin həlli yollarını tapmaq üçün bir araya gətirib. Sammitin keçirilməsi onu deməyə imkan verir ki, gənclərimiz bəşəriyyətin, qlobal sülh mədəniyyətinin və davamlı inkişafın müdafiəsində dəstəklərini göstərəcəklər.

İyulun 25-29-da Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq mədəniyyət paytaxtımız Şuşada Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradıldı. Təşkilatın mənzil-qərargahı Bakıda yerləşəcək.

Təşkilata sədrlik qarşıdan gələn üç il müddətinə Azərbaycan nümayəndəsi tərəfindən ediləcək. 2021-ci il oktyabrın 4-də Azərbaycanın təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin Qoşulmama Hərəkatı Gənclər Təşkilatına çevrilməsi ilə Hərəkata üzv ölkələrin gənclərini birləşdirən bu təsisat beynəlxalq platformalara daha rahat çıxış imkanı əldə etdi.

Daha çox xəbərlər