Gündəm 

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları: Geniş abadlıq-quruculuq işləri, böyük infrastruktur layihələri…

Regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. İndiyədək bu sahədə qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.

Əvvəlki 3 regionların sosial-iqtisadi inkişafı proqramının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Hazırda icra olunmaqda olan “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın da 3 ili arxada qalıb. Bu müddətin bir hissəsi COVID-19 pandemiyası əhatə etsə də regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər davam etdirilir.

Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülüb: “Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Biz elə infrastruktur layihələri icra etdik ki, heç sovet vaxtında bunlar icra edilmirdi”.

Cari ilə nəzər yetirsək, yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 milyard 299,6 milyon manat və ya 2021-ci il ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox vəsait yönəldilib. Ümumi sərmayənin 3 milyard 781,3 milyon manatı və ya 60 faizi məhsul istehsalı sahələrinin, 2131,2 milyon manatı (33,8 faizi) xidmət sahələrinin, 387,1 milyon manatı (6,2 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Ümumi sərmayənin 45,3 faizi dövlət, 54,7 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 72,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 74,5 faizini təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitdə müəssisə və təşkilatların vəsaitləri 3 milyard 350,8 milyon manat, büdcə vəsaitləri 1 milyard 964,8 milyon manat, əhalinin şəxsi vəsaitləri 476,1 milyon manat, sair vəsaitlər 317,5 milyon manat, bank kreditləri 190,4 milyon manat təşkil edib.

2022-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində Tədris və Xidmət Kompleksi, “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binası, “Qobu” yarımstansiyası və “Qobu” Elektrik Stansiyası, Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutunun yeni binası, 7 saylı “ASAN xidmət” mərkəzi, “Bilim Bakı” mərkəzi, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 304 nömrəli tam orta məktəb, şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksi, 110/35/10 kilovoltluq elektrik yarımstansiyası, Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzi, Gəncə şəhərində Gəncə Dövlət Dram Teatrının yeni binası, Gəncə regional “ASAN xidmət” Mərkəzi, Gəncə lokomotiv deposu, Ağcabədi rayonunda Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi şəhərciyi, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi, Kəlbəcər rayonunda “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Həmçinin xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 1 milyard 606,3 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1 milyard 519 milyon manatı (94,6 faizi) Birləşmiş Krallıq, İsveçrə, ABŞ, Yaponiya, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olub. 2022-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 57,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 19 faizini əsaslı təmir, 7,2 faizini cari təmir, 16,6 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Yeganə Məmmədova,
YAP Xətai rayon təşkilatının əməkdaşı

Daha çox xəbərlər