Humanist, ədalətli və vicdanlı siyasət…
Şəhid ailələrinə və qazilərə yüksək səviyyədə göstərilən dövlət qayğısı davamlıdır
Prezident İlham Əliyevin sosial siyasətində mühüm istiqamətlərdən biri də şəhid ailələrinin və müharibə əlillərinin rifah halını yüksəltmək, onların sosial problemlərinin həllinə nail olmaqdır. Bu da önəmli gerçəklikdir ki, Azərbaycan dövlətinin şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyi yüksək diqqət və qayğı bir çox ölkələrdə nümunə göstərilir. Məhz bu amili diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda bu sahədə görülmüş işlər nümunəvi xarakter daşıyır: «Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik. Onu da bildirməliyəm ki, bizdə bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir. Çünki bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq mən elə bir ölkə tanımıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin. Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma baxın görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox. Bir daxma da verilmir. Yəni, bu onu göstərir ki, bizim bu sahədəki siyasət, sözün əsl mənasında, milli siyasətdir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar, ilk növbədə, dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır.»
Artıq ötən gündən başlayaraq Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən daha bir sosial dəstək proqramının icrasına başlanılıb. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11 min Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə start verilib. Birdəfəlik ödəmənin məbləği birinci dərəcə əlilliyə görə-8 800 manat, ikinci dərəcə əlilliyə görə-6 600 manat, üçüncü dərəcə əlilliyə görə- 4 400 manatdır. Ümumilikdə isə təyin edilən birdəfəlik ödəməyə görə dövlət büdcəsindən 67 milyon manat vəsait ayrılıb. Bu addım bir daha göstərir ki, yalnız 44 günlük Vətən Müharibəsi deyil, Birinci Qarabağ müharibəsinin iştirakçılarına da dövlət qayğısı davamlıdır.
Əvvəldə qeyd etdiyimiz kimi Prezident İlham Əliyevin sosial siyasətində müharibə əlillərinə və şəhid ailələrinə diqqət və qayğı həmişə prioritet olub. Ekspertlərin fikrincə, hər il imzalanan fərman və sərəncamların 60 faizi məhz sosialyönümlüdür. Qeyd edək ki, dövlətimizin rəhbəri bu yaxınlarda yeni təyin edilən icra hakimiyyəti başçılarını qəbul edərkən şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlər keçirdiyini qeyd edərək, bildirib ki, onların sosial-məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər, minlərlə minik maşınları verilmişdir: «Bu proses indi də davam etdirilir. Xüsusilə Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. Yəni, dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən, şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar.»
Ölkəmizin başçısının səsləndirdiyi bu fikirlərdən bir daha aydın olur ki, bütün dövlət strukturları- xüsusilə məmurlar ilk növbədə şəhid ailələri və qazilərə maksimum diqqət ayırmağa borcludurlar. Çünki tarixi Qələbəmizin əldə olunması məhz onların xidmətidir. Bu istiqamətdə aparılan dövlət siyasətinin vətəndaşlarımızı məmnun etdiyi də hamıya bəllidir. Təbii ki, bu dövlət qayğısı davamlıdır və gələcəkdə daha geniş şəkildə həyata keçiriləcəkdir. Belə ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, onların mənzil təminatı beş dəfə artırılıb. Həmçinin dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı Dövlət Proqramına əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin ediləcəklər.
Vətən müharibəsindən sonra 3 min 600, ümumilikdə isə ötən dövr ərzində 12 min 500-dən çox mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib. Bu il üçün 1500-dən çox mənzil və fərdi evlərin bu kateqoriyadan olan insanlara verilməsi nəzərdə tutulub ki, artıq altı ay ərzində onlara 600 mənzil təqdim olunub. Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində isə son dörd ildə 1500-dən çox, ümumilikdə isə ötən dövr ərzində 7400 müharibə əlilinə avtomobil verilib. Əlillərin ən müasir protezlərlə təmin edilməsi, sağlamlıqlarının bərpası istiqamətində də xeyli addımlar atılır. Həmin şəxslərin övladlarının təhsil haqqı dövlət tərəfindən qarşılanır.
Bütün bu sosial dəstəyə rəğmən demək olar ki, şəhid ailələri, qazilər, bütün müharibə iştirakçıları cəmiyyətimizdə böyük nüfuza malikdirlər Xüsusilə xalqımız şəhidlərimizin əziz xatirəsini daim böyük ehtiramla yad edir. Onlar ölkə Prezidentinin müvafiq sərəncamları ilə medallarla təltif olunmaqla bərabər layiq olduqları yüksək diqqət və qayğı ilə əhatə olunublar. Bir sözlə, dövlətimiz onları unutmur, bütün problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bəli, məhz Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan dövlətinin modern sosial siyasətinin mərkəzində vətəndaşların rifah halının davamlı olaraq yüksəlməsi dayanır.

